Yadıma gəlir, uşaqlıqda nağıllarda “varan” adını eşidəndə bu qəribə adlı kərtənkələnin necə göründüyünü təsəvvür etməyə çalışardım. Görəsən rəngi necə idi, ölçüsü nə qədər idi? Bəlkə əjdahalar kimi ağzından od püskürürdü? Zaman keçdikcə isə anladım ki, canlıları tanımağın yolu nağıllardan yox, elmi reallıqlardan keçir.
Bu gün sosial mediada sürünənlər, xüsusilə ilanlar haqqında paylaşımlar edəndə tez-tez eyni sualla qarşılaşıram: “Azərbaycanda varan varmı?”
Gəlin bu suala zooloji baxımdan aydınlıq gətirək.
Qısa cavab: bu gün xeyr, amma qədim dövrlərdə bəli, Azərbaycanda varanlar olub.
İlk öncə: varan nədir?
Varanlar – Varanus cinsinə aid olan iri ölçülü kərtənkələlərdir və Varanidae fəsiləsinin bu gün yaşayan yeganə nümayəndələridir. Bu təsirli sürünənlər Afrika, Asiya və Okeaniya ərazilərində yayılıb. “Varanus” adı ərəb dilindəki “waral” sözündən götürülüb və semitik kökə dayanaraq “kərtənkələ bənzər yırtıcı” mənasını ifadə edir. Onların ən tanınmış növü 3 metrədək uzunluğu olan Komodo varanıdır (Həmçinin komodo əjdahası adlanır).
Bu gün coğrafiyamıza ən yaxın varan növü çöl varanıdır (lat. Varanus griseus).

Qonşu Türkiyədə çöl varanın nominant yarımnövü (V.g. griseus). yaşayır. Onun Mərkəzi Asiya və İran ərazilərində yayılan yarımnövü olan Xəzər varanı (V.g. caspius) isə kifayət qədər maraqlı biologiyaya malikdir. Tam ölçüsünə çatması üçün adətən 3–4 qışlama dövrü tələb olunur və cinsi yetkinliyə çatması da təxminən 3 qışlama dövründən (yaş) sonra baş verir. Bədən uzunluğu quyruqsuz halda 55–65 sm-ə çata bilir. Onu da qeyd edim ki, bir çox varan növü kimi bu kərtənkələ də zəhərli hesab olunur, zəhərini ovlarını öldürmək, keyləşdirmək və özünü müdafiə üçün istifadə edir.

Xəzər varanını digər yarımnövlərdən fərqləndirən xüsusiyyətlərdən biri onun naxışıdır: belində 5–8, quyruğunda isə 13–19 zolaq olur. Qidalanması olduqca müxtəlifdir, müxtəlif onurğasızlardan başlayaraq kiçik kərtənkələlər, quşlar, quş yumurtaları, gənc tısbağalar və onların yumurtaları, gəmiricilər, hətta zəhərli ilanlar (kobralar və gürzələr) belə onun menyusuna daxil ola bilir. Güclü qazıcıdır və bir neçə metr uzunluğunda yuvalar qura bilir.
Azərbaycanda varan var?
Elmi ədəbiyyata əsaslansaq, cavab xeyrdir. Azərbaycanda varanların mövcudluğu rəsmi şəkildə qeydə alınmayıb. Lakin mövzu bununla bitmir və bəzi maraqlı detallar diqqət çəkir.
Vyana Təbiət Tarixi Muzeyində saxlanılan (NMW 12459) bir nümunə Bakının cənubundan toplandığı qeyd olunan varan cəsədidir. Bu nümunə 1952-ci il 11 oktyabr tarixində avstriyalı herpetoloq Erich Sochurek tərəfindən muzeyə təqdim edilib. Lakin burada vacib bir məqam var: Sochurek-in nə bioqrafiyasında, nə də elmi fəaliyyətində Azərbaycana səfər etməsi ilə bağlı hər hansı məlumat yoxdur. Üstəlik, nümunənin etiketi onun “toplanmadığını”, sadəcə “hədiyyə edildiyini” göstərir (Böhme et al. 2023).
Bu faktlar onu deməyə əsas verir ki, həmin varan nümunəsi böyük ehtimalla yerli deyil. Daha real ssenari ondan ibarətdir ki, fərd Xəzərin Türkmənistan sahillərindən təsadüfən Bakıya gətirilib. Hətta şaiyələrə görə, bir rus zooloqunun Muğan düzündə varan populyasiyası yaratmaq cəhdi olub, lakin yerli fermerlər tərəfindən bunun qarşısı alınıb. Qeyd etməliyəm ki, aparılmış araşdırmalara görə Muğan düzü də daxil olmaqla Şərqi Azərbaycanda olan yarımsəhra-quru çöl landşaftı varanların yaşaması üçün çox ideal hesab olunur.

Amma bu, qədim dövrlərdə ölkəmizdə bu iri kərtənkələlərin olmadığı anlamına gəlmir. Paleontoloji tapıntılar göstərir ki, Cənubi Qafqazda, Ermənistanın Jradzor və Gürcüstanın Tetri Udabno ərazilərində gec Miosen dövrünə, yəni təxminən 5–12 milyon il əvvələ aid varan qalıqları aşkarlanıb. Bildiyim qədəriylə Azərbaycanda da həmin dönəmə aid çoxlu qeyri-adi meqafauna qalıqları tapılsa da, onlar arasında varan yoxdur. Lakin bölgədə tapılmış qalıqları nəzərə alaraq həmin dövrdə ərazimizdə varanların olduğunu deyə bilərik.

Bəs bəzən yerli əhali varan gördüyünü deyir?
Bəli bütün zooloji faktlar hazırda ölkəmizdə varan olmadığını göstərsə də insanlar bəzən onu gördüklərini iddia edirlər. Mənim zənnimcə çox vaxt bu ölkəmizin ən iri kərtənkələsi sayılan, 12-30 sm-dək böyüyə bilən Qafqaz kələzinin (lat. Paralaudakia caucasia) əhali tərəfindən varanla səhv salmasıdır.


Ədəbiyyat siyahısı
Malakhov D. V. and Chirikova M. A. (2018), “Species distribution model of Varanus griseus caspius (Eichwald, 1831) in Central Asia. An insight to the species’ biology,” Russ. J. Herpetol., Vol. 25, No. 3, səh. 195 – 206.
Vasilyan D, Bukhsianidze M. 2020. The fossil record of the genus Varanus from the Southern Caucasus (Armenia, Georgia) https://doi.org/10.7717/peerj.8322
Wolfgang Böhme, Soran H. Ahmed, Omar F. Al-Sheikhly, Korsh Ararat, Markus Auer, Farhad A. Khudur, Christian Langner. (2023). Desert Monitor Lizards (Squamata: Varanidae: Varanus: Psammosaurus) from the Middle East: Further Records of Nesterov’s Desert Monitor, Varanus (P.) nesterovi Böhme, Ehrlich, Milto, Orlov et Scholz, 2015, from Iraq, and Adjacent Localities of Varanus (P.) g. griseus (Daudin, 1803) and Varanus (P.) g. caspius (Eichwald, 1831), with Comments on Biogeography and Taxonomy. Russ. J. Herpetol., Vol. 30, No. 6, 2023, səh.. 518 – 528
Leave a Reply