Öncəki yazıda ölkəmzidə tez-tez eyni heyvan zənn edilən DƏLƏ və SİNCAB arasındakı fərqlərdən bəhs etmişdim – https://zulfuferecli.com/2020/05/20/d%c9%99l%c9%99-yoxsa-sincab/
Bu dəfə də səhv salınan bir başqa canlı olan Qafqaz qırqovulu haqqında məlumat vermək istəyirəm:
Qafqaz qırqovulu ayrıca quş növü deyil, adi qırqovulun yarımnöv qruplarından birinin adıdır. Qırqovulun yarımnöv qruplarının təsnifatı erkək fərdlərin xarici görünüşündəki xüsusiyyətləri əsasında aparılır. Buna səbəb isə dişi fərdlərin bir-birinə bənzər olması və ayırmağın çətinliyidir. Ümumilikdə adi qırqovulun 5 yarımnöv qrupunda təsnif edilən 30 yarımnövü vardır.

Qafqaz qırqovulu dedikdə adi qırqovulun Qafqazda və İranın şimal-qərbində yayılmış yarımnövləri nəzərdə tutulur. Yəni, Phasianus colchicus [colchicus] qrupuna aid olan yarımnövlər. Bu qrupu həm də “qaraboyun qırqovullar” qrupu da adlandırırlar. Buna səbəb erkək fərdlərin boğazında digər qırqovul yarımnövlərində olan ağ halqanın olmamasıdır. Əlavə olaraq bu yarımnöv qrupuna daxil olan erkəklər quyruq üstü örtük lələklərinin tünd bənövşəyi rəngdə olması ilə də seçilirlər. Bəhs olunan bu Qafqaz qırqovulu ailəsinə aşağıdakı 4 yarımnöv daxildir:
- Fars qırqovulu (lat. Phasianus colchicus persicus)
- Talış qırqovulu (lat. Phasianus colchicus talischensis)
- Şimali Qafqaz qırqovulu (lat. Phasianus colchicus septentrionalis)
- Cənubi Qafqaz qırqovulu (lat. Phasianus colchicus colchicus)
Ölkəmizdə qeyd olunmuş yarımnövlərdən 3-nə rast gəlmək olar:
- Şimali Qafqaz qırqovulu təbii halda Quba-Xaçmaz bölgəsində yayılmışdır.
- Cənubi Qafqaz qırqovulu əsasaən Kür və Araz çaylarının ətrafındakı tuqay meşələrində rast gəlinir.
- Talış qırqovulu adından göründüyü kimi yalnız Talış zonasında rast gəlinir. Təbiətdə sayının 50 cütdən az olduğu qeyd olunur.

Qafqaz qırqovulu Qırmızı Kitaba salınmış quş (yarım)növü olsa da hələ də qanunsuz şəkildə ovlanır. Bir digər problem isə qırqovulların əsasən yerdə yuva qurmasıdır. Bu səbəbdən yuvalar bəzən insanlar tərəfindən bilərək və bilməyərək dağıdılır. Xüsusilə mal-qaranın otarılması zamanı. Bu quşların mühafizəsində mövcud olan problemlərdən biri də insanların ölkəmizin faunasına xas olmayan qırqovulları təbiətə buraxaraq onların “saylarını artırmaq” cəhdləridir. Çünki, şəxsi təsərrüfatlarda Qafqaz qırqovulu adı ilə satılan qırqovullar əslində yerli yarımnövlər deyil, Asiyadan gətirilmiş quşlardır (əsasən [torquatus] qrupu). Təbiətə buraxıldıqdan sonra bu gətirilmə yarımnövlər yerli quşlarla cütləşərək onların gen hovuzunun pozulmasına və onsuz da sayı azalmaqda olan Qafqaz qırqovulların itirilməsinə səbəb olur. Aşağıda fotolarda yerli (3 yarımnöv) və Asiya mənşəli yarımnövlər arasındakı fərqləri görə bilərsiniz. Ən əsas fərq yerli yarımnövlərin boğazında ağ halqanın olmaması və quyruq üstü örtük lələkləri başda olmaqla ümümi rənglərinin daha tünd olmasıdır.




OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!
Leave a Reply