Quşlardan bəhs edərkən ağıla ilk gələn növlərdən biri də qumrulardır yəqinki. Artıq şəhərlərimizin belə ayrılmaz parçasına çevrilmiş bu quşların bəzilərinin əsl bir “fateh” olduğunu desəm nə fikirləşərdiniz. Ölkəmizdə 5 növ qumru qeydə alınmışdır. Bu quşları çıxardıqları səsə görə hə də qurqur adlandırırlar. Gəlin növlərə və “fatehlik” məsələsinə ayrıca nəzər yetirək:
Yaxalıqlı qumru (lat. Streptopelia decaocto)
Ölkəmizdə ən geniş yayılmış qumru növü olub, şəhərlərdə belə tez-tez rast gəlmək olur. Maraqlı olan isə odur ki, bu quş ölkəmizə və Avropaya sonradan yayılıb. Vətənin Asiya ölkələri olduğu düşünülən bu quş Osmanlı dönəmində eqzotik quş saxlayan şəxslərin onları təbiətə buraxması ilə qısa zamanda Anadoluya, Qafqaza və Balkanlara yayılır. Lakin, Avropaya yayılması isə 20-ci əsrə təsadüf edir. Onların bu qədər asanlıqla Avropanı “fəth etməsinin” səbəbi kimi iqlim dəyişikliyi, əkinçilik (qida bolluğu) göstərilir.
Görünüşcə solğun rənglərinə və ən əsası boynun arxasındakı kənarları ağ olan qara yarımhalqaya görə seçilir. Azərbaycanda il boyu rast gəlmək olur.
Xırda qumru (lat. Streptopelia senegalensis)
Ölkəmizdə digər geniş yayılmış qumru növüdür. Bu növün bizdəki mənşəyi tam məlum deyil. Eynən yaxalıqlı qumruda olduğu insanların buraxması ilə sonradan yayıldığını deyənlər olsa da, növün əsas vətənin Afrika və Ərəb yarımadası olduğunu nəzərə alsaq ordan təbii sürətdə şimala yayılmış da ola bilər. Ölçücə yaxalıqlı qumrudan kiçikdir və ondan daha tünd rənglərinə, qanadının üstündə mavimtil-boz zolağın olmasına görə seçilir. Ölkəmizdə oturaq növdür. Eynən yaxalıqlı qumru kimi daha çox insan olan yerlərdə (şəhərlər, kəndlər) rast gəlinir.
Adi qumru (lat. Streptopelia turtur)
Köçəri olan bu növ ölkəmizə yazda gəlir və bala çıxardıqdan sonra qışı keçirtmək üçün Afrikaya (Böyük Səhranın cənubu) qayıdır. Bu növə xalq arasında həm də ügeyik (üveyik) deyirlər. Boğazında olan qara qəlsəmə bənzəri zolaqlara (alabaxtada olduğu kimi) və qanadının üzərindəki narıncı və qara naxışlara (pulcuğa bənzəyir) və döşünün çəhrayı rəngdə olmasına görə seçilir.
Şərq qumrusu (qurquru) – lat. Streptopelia orientalis
Görünüşcə adi qumruya çox bənzəyir. Lakin, daha iri ölçüsünə və üst hissənin daha qəhvəyi olması ilə seçilir. Vətəni Mərkəzi və Şərqi Asiya olan bu növ ölkəmizdə təsadüfi halda (2 dəfə – 2008, 2017) qeydə alınmışdır.
Uzunquyruq qumru (lat. Oena capensis) – Ölkəmizdə ən son qeydə alınan qumru növüdür. Cəmi bircə dəfə (2018-ci ildə) erkək fərdi qeydə alınmışdır. Məhz bu səbəbdən qeyd etdiyim uzunquyruq adı şərti olub hələ ki, heç bir ədəbiyyatlarda bu növün dilimizdə adı yoxdur. Lakin, bu növün son zamanlarda həm Türkiyədə, Qafqazda və Mərkəzi Asiyada qeydlərinin artamsı onun get-gedə şimala doğru yayılmasını göstərir. Yəni yaxalıqlı qumru kimi asanlıqla yeni əraziləri fəth edir. Bu isə ölkəmizdə yaxın gələcəkdə daha çox müşahidə olunacağı mənasına gəlir. Ölçücə ölkəmizdə qeydə alınan ən kiçik qumru növü olan bu quşun erkəkləri narıncı dimdiyi, boğaz və döşününün qara olması, habelə narıncı çalma lələklərinə görə asanlıqla seçilir. Dişiləri isə qonur-qəhvəyi rəngdə olub, xırda qumrunu xatırlatsa da daha kiçik ölçüsü və ən əsası uzun quyruğu ilə fərqlənir.
OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!






Leave a Reply