Azərbaycanda 400-dən çox quş növü qeydə alınmışdır. Ölkəmizin coğrafi şəraiti və quş müşahidəçilərinin sayının az olması bu siyahının artmağa davam edəcəyini göstərir. Bir dəfə ölkəmizdə qeydə alına biləcək bəzi yeni növlər haqqında yazmışdım (keçid: https://zulfuferecli.com/2020/11/02/qeyd%c9%99-alinmamis-quslarimiz/)
Bu dəfə isə ölkəmizdə qeydə alınmış ən nadir quş növlərindən bəhs edəcəm. Aşağıdakı növlərin hamısı Beynəlxalq Təbiəti Mühafizə Təşkilatı (IUCN) tərəfindən “son həddə çatmış” (CR) olaraq kateqoriyalaşdırılmışdır. Təəssüf ki, son illərdə onlardan ikisinin ölkəmizdə NƏSLİ ARTIQ TÜKƏNİB!
Çığırğan çökükburun (lat. Vanellus gregarius) – Antropogen təsirlər nəticəsində sayı kəskin azalmaqdadır. Ölkəmizdə əsasan köç vaxtı və qışlamaq üçün gələn fərdlər görünür. Əsasən digər bənzər cüllüt (adi çökükburun kimi) dəstələrində rast gəlinir. Görünüşcə digər cülüt növlərindən açıq rəngli qaşına, nisbətən uzun və qara ayaqlarına, qarnın altındakı qara ləkəyə (cütləşmə dönəmində) görə fərqlənir. Dünyada sayının 12 min fərddən az olduğu düşünülür. Sayının son dönəmdə azalmasının əsas səbəbi Qazaxıstandakı yuvalama yerlərinin (bozqırlar) əkin sahələrinə çevrilməsidir. Həmçinin köç zamanı bir çox ölkədə qanunsuz formada ovlanması da sayına ciddi təsir göstərməkdədir.

Ağ durna (lat. Leucogeranus leucogeranus) – ölkəmizdə qeydə alınmış üç durna növündən ən iri olanıdır. Öz ağ rənginə (yetkin fərdlər) görə seçilən bu quşun dünyada sayının 3200 baş olduğu qeyd olunur. 17-ci əsr Monqol saray rəssamı olan Ustad Mənsur (1590-1624)bu növü təsvir etmiş ilk adam kimi tarixə düşmüşdür.

Növün iki populyasiyası var: Şərq və qərb populyasiyası. Sibirdə çoxalan şərq populyasiyasının əsas qışlama yeri Çinin cənubundakı Poyang gölüdür. Ob çayının sahillərində yuvalayan qərb populyasiyasını təşkil edən 10-20 fərd ötən əsrdə qışlamaq üçün Hindistana və İrana köç edirdi. Hazırda isə bu populyasiyadan cəmi bir fərd qalmaqdadır! “Ümid” adı verilmiş bu erkək 2007-ci ildən bəri hər il Xəzər dənizinin qərb sahilləri ilə, ölkəmizdən keçərək İrandakı qışlama yerinə (Firidunkənar) çatır. O, köç zamanı bəzən dincəlmək üçün ölkəmizdə də dayanır. Daha əvvələr İranda onun yanına dişi fərdlər buraxılsa da layihə uğursuz olmuş və o, hələ də tək köçünə davam etməkdədir. (NƏSLİ ARTIQ TÜKƏNİB)

Kiçik əyridimdik cüllüt (lat. Numenius tenuirostris) – Ölkəmizdə qeydə alınmış üç əyridimdik cüllüt növündən ölçücə ən kiçiyidir. Rusiyanın cənubu və Qazaxıstanın bozqırlarında (izotop analizlərinə əsasən) yuvalayan bu növ qışlamaq üçün cənuba, Aralıq dənizi ətrafındakı ölkələrə köç edirdi. (NƏSLİ ARTIQ TÜKƏNİB)
Ölkəmizdə də əsasən köç vaxtı və ya Xəzər sahilində qışlayan fərdlər qeydə alınmışdır. Məsələn, 1988-ci ildə Yaşma adasında ovçuların vurduğu bir fərd tapılmışdır.

Görünüşcə digər əyridimdik cüllüt növlərinə bənzəsə də qısa və nazik dimdiyinə, qarnındakı xalların dairəvi formasına və qanadının ucundakı tünd çalma lələklərinə görə fərqlənir. Əsrimizdə növün 50-dən az fərdinin qaldığı düşünülür və təsdiqlənmiş ən son müşahidə 2001-ci ildə Macarıstan Respublikasında qeydə alınmışdır. Əksər ornitiloqlar və quş müşahidəçiləri növün artıq nəslinin tükəndiyi fikri ilə razılaşır. Növün nəslinin tükənməsindəki əsas amillər təbii arealının məhv edilməsi və ovçuluq olmuşdur.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!
Adı yuxarıda qeyd olunan növlər daxil olmaqla ölkəmizdə rast gəlinən bütün nadir təbiət nümunələrini qorumaq hamımızın borcudur.
Leave a Reply