Beşbarmaqda köçəri quş sayımımızın davamı (I hissə üçün) oktyabrın ikinci yarısı havaların soyuması ilə maraqlı olmağa başlamışdı. Məsələn, 16 oktyabr səhər bir ədəd “tik” vələmirquşu səsini qeydə aldıq. Ehtimal ki, kiçik vələmirquşu (lat. Emberiza pusilla) olan bu quş beləcə növün ölkəmizdəki 10-dan az qeydiyyatından biri oldu.

Amma ən maraqlı günlərdən biri 18 oktyabr idi. Çünki, bu gün anidən daha da soyuyan hava “şimal” növlərini köçə məcbur etmişdi. Bunlar arasında 23-ü dənizin üzəri ilə uçan (həmişə görülməyən mənzərədir), ümumilikdə 206 bəzgək quşu (lat. Tetrax tetrax) da vardı. Ölkəmizin şərq populyasiyanın yarısının (təxminən 100 min fərd!) qışlama yeri olduğunu nəzərə alsaq havalar soyuyanda hələ çox bəzgək görəcəyik… Eyni gündə qarışıq dəstələrdə uçan 1149 iri ağ vağ, 255 boz vağ, 4 kürən vağ və 12 kiçik ağ/misir vağı və 5373 qarabatdaq da yadda qalan xatirələrdən olacaq.
Təəssüf ki, Qırmızı Kitabda olmaqlarına baxmayaraq bu bəzgəklərin bir qismi qəddarca ovlancaq, tələlərlə tutulacaq və yol kənarlarında satışa çıxarılacaq (çox vaxt turac adıyla!). Sizdən xahişim odur ki, qışlamaq üçün yüzlərlə yer varkən ölkəmizi seçən bu gözəlləri qorumaq naminə bu qanunsuzluğun parçası olmayın, harda bəzgək ovlandığını gördünüz biganə qalmayın. Çünki, illər keçdikcə biz onların sayında azalma görürük….
Ayın sonuna doğru maraqlı müşahidələrdən biri də nisbətən gecikmiş gənc ilanyeyən qartalın başımızın üzərindən uçması oldu. Adından da göründüyü kimi əsas qidası sürünənlər olan bu quş havalar soyuyan kimi sürünənlərin hibernasiyaya (qış yuxusu) başlaması ilə köç edir.

Tam da ilanyeyənin niyə belə gecikdiyini düşünürdük ki, məsələ aydın oldu. Oktyabrda bəzi günlər havalar isti keçdiyindən sayım məntəqəmizdə bəzi “təhlükəli” qonaqlar (oxu ilanlar) da aktivləşmişdi. Məsələn, 26 Oktyabrda azı 2 nəhəng gürzə (lat. Macrovipera lebetina) ov axtarışında idi! Xatırladım ki, bu növ ölkəmizin ən geniş yayılmış zəhərli ilanıdır.

Oktyabrda məntəqəmizdəki “qonaqlardan” biri də qırmızıquyruq qum siçanı yuvalarında qida axtaran adi gəlincik (lat. Mustela nivalis) olmuşdu. Xatırladım ki, ölkəmizin ən kiçik yırtıcı məməlisi olan gəlinciklər məharətli ovçu kimi özlərindən 2 dəfə böyük məməliləri (!) ovlaya bilir və qışda ağ kürkə bürünürlər (gəlincik adı da burdan gəlir).

Oktyabrın iknci yarısı köç daha da intensivləşməyə başlamışdı. Artıq qarabatdaqların ardı-arası kəsilmir, çoxlu qağayı və hörücü köçünü görürdük. Ayın 28-i saydığımız quş sayı (hər iki istiqamətə) BİR MİLYON fərdə çatdı! Əlbəttə bu sevindirici hal olsa da isti keçən havalar digər quşların gecikəcəyinə və əvvəlki illərdəki saylara çata bilməyəcəyimiz qorxusunu yaradırdı… Amma, məntəqəmizdə bəzi maraqlı müşahidələr davam edirdi. Məsələn, quş müşahidəçilərin yaxşı bildiyi bir şey var ki, qağayıların təyinatının çətin olmasıdır. Özünüz baxın, aşağıdakı Oktyabrdakı müşahidələrimiz zamanı qeydə aldığımız, bir-birinə genetik olaraq çox yaxın olan 2 qağayı növüdür. Biri ölkəmizdə ən geniş yayılmış iri qağayı növü olan Xəzər qağayısı (lat. Larus cachinnans), digəri isə 27 Oktyabrda Qərbi Sibirdə yerləşən Baraba çöllərindən gələn həmadlı qağayı yarımnövüdür (lat. Larus fuscus barabensis)


Bu iki qağayı arasındakı fərqləri görə bilirsiniz? Bunun üçün bizim kimi dəli “qağayısevər” (laraphile) olmalısınız!
Noyabrdakı maraqlı müşahidələrdən biri də gözəl rəngləri ilə seçilən ardıc quşlarının (lat. Bombycilla garrulus) dəstələri oldu. Bu il, ilk dəfə iri dəstəsini (30 fərd!) müşahidə etmişik, qeyd edim ki, ölkəmizə tək-tək fərdləri və ya kiçik dəstələri qışlamaq üçün gəlir. Siz onları hətta Bakının parklarında da görə bilərsiniz. Ona görə parklarda, xüsusən giləmeyvə olan parklarda gözləriniz və ən əsası qulaqlarınız açıq gəzin (sürətli zınqrova bənzər səsi unikaldır).

Noyabr ayında yadda qalan xatirələrdən bəziləri də əlbəttə azsaylı quş növlərimiz idi. Məsələn, ayın 14-ü bir ədəd Daur qaranquşu (lat. Cecropis daurica) şimala uçarkən müşahidə olundu. Qeyd edim ki, bu növ ölkəmizdə cəmi 10-15 dəfə qeydə alınıb və ən maraqlısı isə odur ki, keçən il də noyabrın 25-i bir fərd şimala gedərkən müşahidə olunmuşdu.
Noyabrın 24-ü dəniz sahilində gəzərkən bizi bir sürpriz qarşıladı. Xəzər dənizimizdəki ən maraqlı quşlardan biri də elə yaşadığı yerə uyğun dənizçi adlanan quşlardır. Onlar başda qağayılar olmaqla müxtəlif dəniz quşları havada qovaraq qidasını əlindən almaqları ilə bilinirlər. Bizdə 2 növü qeydə alınıb. Ortaboy/Qılquyruq dənizçi adlanan bu növün elmi adı olan “parasiticus” (parazitlik edən) adı da burdan gəlir. Qarşılaşdığımız bu fərd yaxşı görünmürdü, çünki insandan uzaqlaşmırdı. Ehtimal ki, qida zəhərlənməsi keçirirdi 🙁

Sonda isə 2023 sayımları ərzində qeydə aldığımız rekord sayda quşları bölüşmək istəyirəm. Bu qeydlər həmin növlərin Beşbarmaqdakı maksimum sayımını göstərir. Bu il ümumilikdə 1.6 milyon fərdə yaxın quş darboğazdan keçərkən sayılıb!
| NÖV | SAY | TARİX |
| Caydaq cüllüt | 75 | 08/09 |
| Çöl haçaquyruq cüllütü | 5458 | 14/09 |
| Göyərçə qağayı | 372 | 30/09 |
| Ağqanad sterna | 5472 | 09/09 |
| Boz vağ | 3991 | 10/09 |
| Kürən vağ | 1457 | 10/09 |
| Misir vağı | 52 | 10/09 |
| Yaşıl arıqapan | 1315 | 09/09 |
| Qızılı arıqapan | 1253 | 10/09 |
| Zığ-zığ | 356 | 20/09 |
| Ardıc quşu | 39 | 05/11 |
| Kənd qaranquşu | 9273 | 27/09 |
| Qara qaratoyuq | 76 | 09/11 |
| Adi çaxraxçıl | 27 | 26/09 |
| Sarı çaydaçapan | 7754 | 12/09 |
| Ağ çaydaçapan | 6676 | 05/10 |
| Tarla dağdaçapanı | 181 | 05/10 |
| Qamışlıq vələmirquşu | 2297 | 08/11 |
| Enliburun ördək | 4669 | 24/11 |
OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!
Növbəti illərdə sizi quşları yaxından tanıya biləcəyiniz sayım lahiyəmizə qoşulmağa dəvət edirəm.
Leave a Reply