Yəqin ki, bir çoxunuz Aral və Urmiya göllərinin quruması barədə xəbərləri görmüsünüz. Təəsüf ki, dünyanın ən iri gölü olan Xəzərin də taleyi eyni istiqamətə gedirmiş kimi görünür. “Nature” jurnalında dərc olunmuş bir məqalədə Xəzər dənizinin əsrin sonunda çox ciddi quruma hadisəsi ilə üzləşəcəyi təxmin edilir. Məqalədə deyilir:

“Bu əsrin sonuna qədər Xəzərdə dəniz səviyyəsinin orta və yüksək emissiya ssenarilərinə uyğun olaraq 9-18 m aşağı düşəcəyi proqnozlaşdırılır (İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin iqlim dəyişikli ssenariləri, orta=1450-1800 qiqaton karbon (GtC), yüksək= >1800 GtC illik emissiya). Bu proses çayların axının və ya yağıntıların azalması nəticəsində gölün buxarlanmasının əhəmiyyətli dərəcədə artması ilə olacaq. Bu yeni proqnozlara görə, 21-ci əsrdə Xəzər dənizinin səviyyəsinin azalması əvvəlki iqlim modellərinə əsaslanan təxminlərdən təxminən iki dəfə böyükdür. Nəticədə gölün ümumi sahəsi 23%-34% azalacaq! Ən çox təsir hesablamalara görə gölün şimal hissəsində olacaq.”

Xəzər dənizi (2010-2100) – Qırmızı hissələr quruyacaq!

Xatırladım ki, Xəzərin şimalındakı buzlaqlar nadir Xəzər suitisinin yeganə çoxalma yeridir. Həmçinin, Xəzər dənizinin səviyyəsinin proqnozlaşdırılan azalması yüksək məhsuldar və mövsümi buzla örtülmüş şimal Xəzər şelfinin itirilməsi ilə birlikdə onsuz da çirklənmə, həddindən artıq istismar və işğalçı (invaziv) növlərin introduksiyasına görə böyük stress altında olan bu unikal ekosistemə ciddi təsir göstərəcəyi qeyd olunur. Bu geniş şelfin yoxa çıxması nəsli kəsilməkdə olan balıq növlərinin (nərə balıqları) kürü tökmə yerləri ilə əlaqənin aradan çıxmasına gətirib çıxaracaq.

Daha yüksək temperaturdan irəli gələn daha yüksək məhsuldarlıqla birlikdə çaylar Xəzərdə oksigenin mövcudluğunu azaldacaq. Yaranan ölü zonalar, ehtimal ki, Xəzər dənizinin həm dayaz, həm də daha dərin hissələrində biomüxtəlifliyin qaynar nöqtələrinə təsir göstərəcək.

Nəticədə balıqçılıq sahələrinin və akvakultura obyektlərinin quruması, üzvi maddələrin dövriyyəsi, göl səthi üzərində buxarlanma yolu ilə su gərginliyi olan ərazilərə (Mərkəzi Asiyaya) rütubət və yağıntının verilməsi, və turizmlə bağlı ekosistem xidmətlərin itirilməsi baş verəcək.

Liman qəsəbəsində Xəzərin sahil zolağının çəkilməsi (1995-2020).

Müəlliflər Xəzərin səviyyəsinin azalması problemini 4 səbəb qrupuna bölürlər və qlobal əməkdaşlığa çağırırlar:

(i) Suyun azalması əsasən qlobal faktorlardan qaynaqlanır, lakin nəticələr regional və yerli xarakter daşıyır. İstixana qazlarının emissiyalarının azaldılması kimi qlobal yumşaldıcı tədbirlər çox gec qüvvəyə minəcək, çünki Xəzər dənizinin səviyyəsi artıq ildə təxminən 6-7 sm azalır. Beləliklə, gücləndirilmiş regional uyğunlaşma tədbirləri tələb olunur.

(ii) Maraqlı tərəflər arasında bu problemin mövcudluğu barədə məlumatsızlıq var. Məsələn, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) Birinci Qiymətləndirmə Hesabatında (1990/92) təxminən 2010-cu ildən etibarən Xəzər dənizinin səviyyəsinin artırılması təklif edilirdi. Üstəlik, 2011-ci ildə hökumətlərarası Xəzərin Ətraf Mühit Proqramı Xəzər dənizinin səviyyəsinin gələcəkdə yalnız bir qədər dəyişəcəyini güman edirdi. Nəticədə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə qarşı beynəlxalq, milli və regional səviyyədə hərhansı idarəetmə yoxdur.

(iii) Tədqiqatların olmaması: Xəzər regionunun ekosisteminin, iqtisadiyyatlarının və sosial sistemlərinin Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə qarşı risklərin və həssaslığının qiymətləndirilməsi ilə bağlı araşdırmalar yoxdur. Problemi Xəzər dənizinin səviyyəsinin vaxtaşırı dəyişməsini özünü tənzimləyən bir hadisə kimi qəbul edən şəxslər daha da dərinləşdirir!

(iv) Müxtəlif icmalar və sahilyanı ölkələr Xəzər dənizinin səviyyəsinin aşağı düşməsindən digərlərinə nisbətən daha az təsirləndiklərini dərk edə bilərlər. Belə qərəzlilik koordinasiya edilmiş uyğunlaşma fəaliyyətlərinə mane ola bilər. Məsələn İran ən az əziyyət çəkəcək ölkədir.

Gözləyək görək #COP29 da daxil olmaqla övbəti COP görüşləri bir nəticə verəcək mi? Yoxsa artıq gecdir…


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

3 responses

  1. Ooooo! Xəzərin sahilində zəbt olunacaq, qazanc mənbəyinə çevriləcək yeni ərazilər yaranacaq, desənizə.

  2. […] olaraq iqlim dəyişikliyi ucbatından Xəzərin quruması riski və ya gətirilmiş işğalçı meduza növünün suitilərin əsas qidası olan kilkələrin […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading