Quş müşahidəsindən danışarkən eşitdiyim suallardan biri ölkəmizə xas endemik quş növlərinin olub-olmamasıdır. Azərbaycanda endemik quş növü olmasa da bəzi növlərin yarımnövləri öz xüsusiyyətlərinə (rəng, ölçü) görə eyni növün başqa yerlərində yaşayan populyasiyalarından fərqlənir. Gələcəkdə bu yarımnövlərin bəziləri ayrıca növ hesab oluna bilər. Bu yazıda onların bəziləri haqqında məlumat verəcəm:

“Talış” iri ağacdələni (Dendrocopos major poelzami)

İri ağacdələnləri ölkəmizdəki bütün meşələrdə, hətta bəzən parklarda görmək mümkündür. Maraqlısı odur ki, cənubda, Talış mesəsində yaşayan fərdlər öz qarınlarının ağ yerinə qəhvəyi rəngdə olmasına görə digər iri ağcdələnlərdən fərqlənirlər. Ekologiyada Qloqer qaydası deyir ki, istiqanlı canlılar arasında növ daxilində daha nəm yerdə yaşayan fərdlər daha tünd rəngli olur.

“Qafqaz” meşə çərənçisi (Prunella modularis obscura)

Meşə çərənçisi görünüşcə sərçəyə bənzəyən kiçik (13-14 sm) quş növüdür. “Sıxıcı” görünüşlərinə baxmayaraq bu quşların ən maraqlı xüsusiyyəti çoxalma sistemlərinin quşlar arasında fərqlənməsidir. Belə ki, dişilər əsasən poliandrdır, yəni bir neçə erkəklə cütləşirlər. Hətta bəzən yuvadakı balalar müxtəlif erkəklərdən olur. İki erkək və bir dişinin eyni vaxtda balalarını böyütməsi adi haldır. Bəzən isə bir erkək bir neçə dişi ilə nəsil artırır, bəzən isə bir neçə erkək əlbir olaraq bir neçə dişi ilə nəsil artırırlar (“hərəm” sistemi). Bu növün Qafqazdakı populyasiyanın Avropadakı çərənçilərdən həm görünüşcə (daha qəhvəyi), həm də genetik olaraq fərqləndiyi bir neçə il öncədən bilinir.

“Qafqaz” kürən sarı (Buteo buteo menetriesi)

Adi sar ağaclıq ərazilərdə ən çox görə biləcəyiniz yırtıcı quşlardan biri olub öz dəyirmi qanadlarına görə seçilir. Əsasən gəmiricilərlə və kiçik quşlarla qidalanan bu yırtıcı quş çoxlu rəng variyasiyasına sahibdir. Bunlardan biri də Qafqaz ekoregionunda yaşayan, daha tünd rəngli menetriesi yarımnövüdür. Bəzi alimlər onu ölkəmizdə əsasən köç vaxtı görülən tünd rəngli vulpinus ilə eyni hesab edirlər.

Ölkəmizdəki ən şirin quşlardan biri uzunquyruq arıquşlarıdır. Maraqlısı odur ki, onların Azərbaycanda olan iki yarımnövü (Talış və Qafqaz) həm bir-birindən, həm də Avropadakı fərdlərdən fərqlənir. Talış uzunquyruq arıquşlarının boğazında qara ləkə olduğu halda, Qafqaz yarımnövü daha iri ölçüsünə görə seçilir.

Siyahını əslində uzatmaq da olar.

Zığ-zığ (Garrulus glandarius) – Ölkəmizdəki zığ-zığlar da qarabaşlı Qafqaz yarımnövünün (krynicki) və daha kiçik ölçülü Hirkan yarımnövünün (hyrcanus) olmasına görə fərqlənir.

“Qafqaz” dağ kətan quşu (Linaria flavirostris  brevirostris) – Bizdəki dağ kətan quşları daha solğun olmasına görə digər dağ kətan quşlarından fərqlənir.

Hazırda (yaz-yay mövsümü) ölkəmizdə görə biləcəyiniz ən çoxsaylı və gözəl yırtıcı quş növü çöl muymulu (Falco naumanni) adlanan quşdur. Bir neçə il öncəsinə kimi qırmızı kitabımızda olan bu qızılquş növünün yüzlərlə fərdini bir gündə çöl landşaftında görmək mümkündür.

Avrasiyanın geniş çöllərinda yayılmış bu yırtıcı quş əvvəllər monospesifik (yarımnövsüz) hesab olunsa da son illərdəki araşdırmalar qərbdəki və şərqdəki fərdlərin erkəkləri arasında fərqlər olduğunu göstərdi. Hazırda onları qərb (nominant naumanni) və şərq (pekinensis) yarımnövlərinə ayırmaq olar. Maraqlıdır ki, ölkəmizdəki fərdlər isə öz rənglərinə görə bu iki “yarımnöv” arasında aralıq mövqe tutur (“intermedius“). Amma hələ ki, bu növün yarımnövləri təsvir olunmur.

Solda mənim fotom, sağda yarımnöv təsvirləri: üstdəkilər- naumanni, orta – intermedius, altdakılar – pekinensis (Cosco et al. 2015)

Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading