Min illərdir insanlar heyvanların nə qədər yaşadığına maraq göstərirlər. Lakin bəzən bu maraq elmi faktlardan uzaq, uydurma və ya şişirdilmiş məlumatlarla müşayiət olunur. Məsələn, qarğaların 300 il, kəpənəklərin isə cəmi bir gün yaşadığı iddia olunur. Əslində isə bu, tamamilə yanlışdır.

Qarğaların təbiətdə orta ömürləri 10–15 il olsa da, əsarət altında daha uzun, bəzən 40 yaşa qədər yaşaya bilirlər. Tarixdə qeydə alınmış ən yaşlı qarğa “Tata” adlı bir fərd olub. O, Amerika qarğası növünə aid idi və 1947–2006-cı illər arasında, yəni düz 59 il yaşayıb. Maraqlıdır ki, quşlar aləmində daha uzunömürlü nümunələr də mövcuddur. Məsələn, hal-hazırda bilinən ən yaşlı quş dişi qarabel albatrosdur. “Wisdom” adlı bu quş 73 yaşındadır və hələ də hər il Havai adalarında yuvalamağa davam edir. O, dünyada nəsil artırmağa davam edən ən yaşlı quş hesab olunur.

Ümumiyyətlə qeydə alınmış ən uzunömürlü quş isə “Cocky Bennett” adlı sarıkəkilli kakadu tutuquşusu olub. Bu quşun ömrü 120 il davam edib (1796–1916).

Kəpənəklərə gəldikdə isə, onların dünyada gündüz aktiv olan 20 mindən çox növü mövcuddur və bu növlərin ömürləri çox fərqlidir.
Ən qısa ömürlü kəpənəklərdən biri ölkəmizdə də rast gəlinən Sitrus yelkənciyidir (lat. Papilio demoleus). Bu növün erkəkləri yetkin fərd mərhələsində təxminən 4 gün, dişiləri isə bir həftəyə qədər yaşayır. Bu, əslində olduqca qısa ömürdür.

Lakin bütün kəpənəklər belə deyil. Bəzi növlər, məsələn, Azərbaycanda da yayılan Nymphalis antiopa bir ildən artıq yaşaya bilirlər. Bu növün tırtıl və pup mərhələləri də nəzərə alınsa, ömürləri daha da uzanır. İnsana bu müddət qısa görünə bilər, amma kəpənək baxımından bu, olduqca uzun ömür sayılır. Xüsusilə nəzərə alsaq ki, onun “bala dövrü” (yəni tırtıl və pup mərhələləri) təxminən bir ay davam edir. Bu nisbəti insana tətbiq etsək, belə çıxır ki, yetkin bir kəpənəyin 12 aylıq ömrü bir insanın 216 il yaşamasına bərabər olardı (insanın 18 yaşında yetkinliyə çatdığını fərz etsək: 18 x 12 = 216).

Nəticə etibarilə, qarğaların 300 il, kəpənəklərin isə bir gün yaşaması fikri, sadəcə bir mifdən ibarətdir. Təbiətin real hekayələri isə daha heyrətamiz və maraqlıdır.
Leave a Reply