Son günlər, xüsusilə Azərbaycanın qərb bölgələrində bir çox insanın əsas narahatlığı qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) adlı zərərverici ilə bağlıdır. Artıq bəzi kənd və rayonlarda bu həşərat o qədər çoxalıb ki, evlərdə, məktəblərdə, hətta ictimai binalarda belə oturmaq mümkün deyil. İnsanlar pəncərələrini bağlasalar da, bu inadkar bağacıq isti məkanlara sığınaraq qışı keçirmək üçün hər boşluğa girir.
Bu böcək aid olduğu qalxancıqlar (lat. Pentatomidae) fəsiləsinin digər nümayəndələri kimi sərt qabıqları və pis qoxu yayması ilə bilinir. Dünyada 4700-dən çox növü qeydə alınmışdır.

Bu həşəratın vətəni Şərqi Asiyadır. Tədqiqatlara görə, o, 2014-cü ildə Soçi Olimpiadası zamanı Qafqaz bölgəsinə daşınıb, oradan Gürcüstana, daha sonra isə Azərbaycana yayılıb. Ölkəmizdə ilk dəfə 2017-ci ildə qeydə alınan qəhvəyi mərmər bağacığı bu gün artıq ciddi kənd təsərrüfatı problemi sayılır. O, başda fındıq olmaqla 300-dən çox bitki növünə zərər vurur, bu siyahıya meyvə ağacları, tərəvəzlər, üzüm, qarğıdalı və dekorativ bitkilər də daxildir.
Bu zərərvericinin təhlükəli tərəfi ondan ibarətdir ki, onun Azərbaycanda təbii düşməni yoxdur. Nəticədə, o, çox sürətlə çoxalır və kənd təsərrüfatı məhsullarına böyük ziyan vurur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən kimyəvi dərmanlama tədbirlərinin isə effektliyi hələ də ciddi suallar doğurur. Kimyəvi maddələr bağacığın gizləndiyi yerlərə çata bilmir, üstəlik, bu dərmanlar arılar və digər faydalı həşəratlara zərər vurur. Bu azmış kimi aldığımız meyvə-tərəvəzlərdə kimyəvi maddələrin artması sağlamlıq cəhətdən də risk yaradır.

Bu mənzərə qarşısında ən ağıllı və ekoloji cəhətdən təhlükəsiz çıxış yolu bioloji mübarizə üsullarıdır. Məsələn, Şərqi Asiyada (bağacığın təbii arealında) onun ən güclü düşmənlərindən biri “samuray arısı” (lat. Trissolcus japonicus) hesab olunur. Bu arılar cəmi bir neçə millimetr (adətən 2 mm) ölçüdədir, lakin təsirləri çox böyükdür. Onlar bağacığın yumurtalarına öz yumurtalarını qoyur və nəticədə bağacığın sürfəsi inkişaf edə bilmir.

Bu üsul artıq ABŞ və Avropada sınaqdan keçirilir və bir çox regionlarda uğurlu nəticələr göstərib. Məsələn, İtaliyada aparılan araşdırmalara görə, bioloji nəzarət zamanı 38% hallarda Trissolcus japonicus (samuray arısı), 31% hallarda Trissolcus mitsukurii və 22% hallarda Anastatus bifasciatus bağacığın populyasiyasını əhəmiyyətli dərəcədə azaldıb. Sonuncu növün effektivliyi nisbətən az olsa da coğrafi olaraq bizə daha yaxın bölgələrdə (Avropada və Gürcüstanda) qeydə alınmışdır və mübarizə üsulunda əlavə dəstək kimi istifadə oluna bilər. ABŞ-da və Avropada aparılan sınaqlarda da oxşar nəticələr əldə olunub. Məsələn, İtaliyada 2020–2023-cü illər arasında aparılan monitorinqlər göstərib ki, bəzi bölgələrdə samuray arıları bağacığın yumurta qoyma dövründə populyasiyanın 70%-ə qədərini nəzarət altına ala bilib (Costi et al., 2021). Eyni zamanda, arının yerli ekosistemlərə mənfi təsir göstərmədiyi, yəni digər yerli növlərin yumurtalarına hücum etmədiyi də təsdiqlənib (Herlihy et al., 2016).

ABŞ-da Oregonda aparılan təcrübələrdə Trissolcus japonicus-un təbii şəraitdə bağacığın yumurtalarının 77%-ni parazitləşdirdiyi, bunun isə növbəti mövsümdə bağacıq sıxlığını əhəmiyyətli dərəcədə azaltdığı müşahidə olunub (Milnes & Beers, 2019). Bu nəticələr bioloji mübarizənin təkcə effektiv deyil, həm də davamlı bir üsul olduğunu sübut edir. Samuray arılarının üstünlüyü onların ekoloji uyğunlaşma qabiliyyətidir. Onlar müxtəlif iqlim şəraitinə adaptasiya ola bilir, yumurtalarını yalnız bağacığın yumurtalarına qoyur və digər faydalı həşəratlara təsir etmir. Bu səbəbdən, bir çox ölkələrdə (İtaliya, Fransa, İsveçrə, ABŞ, Kanada, Yeni Zelandiya və s.) bu növ bioloji mübarizənin geniş tətbiqi üçün ekoloji icazələr verilib.
Azərbaycanda da bu istiqamətdə işlərə başlanılıb. İlkin məlumata görə, Türkiyədən samuray arılarının (Trissolcus japonicus) gətirilməsi ilə bağlı proses davam edir və yaxın zamanda onların adaptasiyası planlaşdırılır. Türkiyədə bəzi təcrübələrdə arıların effektiv nəticə vermədiyi və əvəzində qırqovulların təbiətə buraxıldığı bildirilir. Lakin bu yanaşma elmi baxımdan əsassızdır, çünki qırqovullar bu tip böcəkləri qidalanma mənbəyi kimi qəbul etmir. Doğru şəkildə tətbiq edildikdə samuray arıları bu mübarizədə ən təsirli və ekoloji baxımdan təhlükəsiz vasitədir.
Unutmamaq lazımdır ki, samuray arıları bağacığın yumurtalarını hədəf alır, yəni yetkin populyasiyaları dərhal azaltmır, buna görə də effektiv təsirlərin görünməsi vaxt tələb edir. Lakin nə qədər tez mübarizəyə başlansa o qədər yaxşıdır!
Qeyd etmək lazımdır ki, qəhvəyi mərmər bağacığı təkcə Azərbaycanda deyil, Avropa, Amerika və Avstraliya kimi bölgələrdə də ciddi kənd təsərrüfatı təhdidinə çevrilib. Lakin bir çox ölkələr bu problemi bioloji üsullarla nəzarət altına almağı bacarıblar. Buna görə də “təkəri yenidən ixtira etməyə ehtiyac yoxdur”, sadəcə uğurlu təcrübələri ölkəmizdə elmi əsaslarla tətbiq etmək kifayətdir. Nəticə etibarilə, kimyəvi dərmanlama nə ekoloji, nə də iqtisadi baxımdan səmərəli deyil. Qəhvəyi mərmər bağacığı ilə mübarizədə bioloji nəzarət, yəni təbiətin öz balans mexanizmini bərpa edən, zərərsiz və davamlı üsullar ən ağıllı və gələcəyə yönəlik həll yoludur.
İstinadlar:
- Costi, E., Haye, T., Maistrello, L. (2021). Biological control of the brown marmorated stink bug in Europe: current status and future perspectives. Insects, 12(4), 358.
- Herlihy, M. V., Talamas, E. J., Weber, D. C. (2016). Attack and success of native and exotic parasitoids on eggs of Halyomorpha halys in Maryland, USA. PLoS ONE, 11(3), e0150275.
- Milnes, J. M., & Beers, E. H. (2019). Trissolcus japonicus (Hymenoptera: Scelionidae) causes high levels of parasitism in overwintering Halyomorpha halys (Hemiptera: Pentatomidae) populations in Oregon. Journal of Economic Entomology, 112(1), 65–71.
- Talamas, E. J., Johnson, N. F., & Buffington, M. (2015). Key to Nearctic species of Trissolcus (Hymenoptera, Scelionidae) and a review of the biology of T. japonicus. Journal of Hymenoptera Research, 43, 45–110.
- Yang, Z. Q., Yao, Y. X., Qiu, L. F., & Li, Z. X. (2009). A new species of Trissolcus (Hymenoptera: Scelionidae) parasitizing eggs of Halyomorpha halys (Heteroptera: Pentatomidae) in China with comments on its biology. Annals of the Entomological Society of America, 102(1), 39–47.
Leave a Reply