Azərbaycanın Gürcüstanla sərhəd qərb bölgələri (Eldar oylağı da daxil olan bu ərazi ümumi olaraq orta Kür vadisi adlanır), milyon illər əvvəl yaşamış heyvanların qalıqları ilə zəngin ərazilərdən biridir. Buradan tapılan fosillər göstərir ki, təxminən 8–10 milyon il əvvəl bu yerlərdə tam fərqli bir heyvan aləmi mövcud olub. Bu yazıda həmin dövrə aid bəzi diqqətçəkən növlərə baxırıq.

90-150 metr hündürlükdə yerləşən Eldar ovasından əldə edilən tapıntılar həmin ərazinin milyon illər əvvəl geniş otlaqlara və isti, quru iqlimə sahib olduğunu göstərir.
Testudo eldarica (iri quru tısbağası)
Bu böyük tısbağa növü Eldar Ovasında geniş yayılmışdı. Onun qalıqları göstərir ki, bölgədə o dövrdə quru və isti mühit üstünlük təşkil edirdi. Müasir quru tısbağasının (Aralıq dəniz tısbağası) əcdadı saya biləcəyimiz Testudo eldarica indiki tısbağalardan xeyli iri olub.

Struthio sp. (“nəhəng dəvəquşu”)
Dəvəquşuna bənzər Struthio cinsinin fraqmentləri burada tapılan ən maraqlı qalıqlardandır. Bu böyük quşlar 8–10 milyon il əvvəl Eldar zonasında yaşayırdı və yalnız açıq düzənliklərdə mövcud ola bilirdilər. Onlar bölgənin savanna tipli landşaftını təsdiqləyir. Qeyd edim ki, hündürlüyü 3.6 metrə çatan bənzər bir dəvəquşu növünün qalıqları Gürcüstanın Dmanisi mağaralarında da tapılıb.

Hipparion (üçbarmaq qədim at)
Hipparion cinsinə aid atlar o dövrün ən geniş yayılmış heyvanlarından idi. Bu atlar bugünkülərdən fərqli olaraq üç barmağa malik olub və böyük sürülərlə 8–9 milyon il əvvəl Qafqazda dolaşırdı. Eldar Ovasında tapılan Hipparion qalıqları regionun qədim otlaq sistemini aydın şəkildə göstərir.

Deinotherium giganteum (nəhəng filabənzər heyvan)
Bu iri heyvan bugünkü fillərdən daha da böyük ölçüdə olub. Onun qalıqları Eldar zonasının həm otlaqlara, həm də ağaclı ərazilərə malik olduğunu göstərir. Deinotherium giganteum təxminən 8–9 milyon il əvvəl burada yaşayırdı və həmin dövrün ən təsiredici məməlilərindən idi.

Udabnopithecus garedziensis (qədim primat)
Gürcüstan sərhədində, Udabno sahəsində tapılan qalıqlardan ən önəmlisi Udabnopithecus garedziensis adlı qədim meymunabənzər primatdır. Bu fosil tapıntısı sübut edir ki, təxminən 10–7 milyon il əvvəl bu ərazidə primatlar yayılmışdı və region Avropa ilə Asiya arasındakı heyvan əlaqələrində kritik rol oynayıb.

Bu Tapıntıların Əhəmiyyəti
Orta Kür hövzəsinin Azərbaycan hissəsindən tapılan bu növlər regionun qədim təbiəti haqqında çox şey deyir. 8–10 milyon il əvvəl Qərbi Azərbaycanın landşaftı açıq düzənliklərdən və geniş otlu sahələrdən ibarət idi. Burada həm böyük ot yeyən heyvanlar, həm də onlara uyğunlaşmış iri yırtıcılar yaşayırdı. Bölgə o dövrdə Avropa və Asiya heyvanlarının kəsişmə nöqtəsi rolunu oynayırdı.
Leave a Reply