Bu yazı Azərbaycanın Yırtıcı Quşları adlı onlayn təyinedicinin tərkib hissəsidir.
Bayquşlar əsasən gecə aktiv olan yırtıcı quşlardır. Xüsusi quruluşlu (xovlu) qanad lələkləri ilə səssiz uçuraq ov edirlər. Eşitmə qabiliyyətləri çox yaxşı inkişaf etmişdir. Əksər növlərdə qulaqların biri digərindən yuxarıda yerləşir ki, bu da ovlarının yerini təyin etmədə kömək edir (səsin qulaqlara çatma müddəti arasındakı qısa fərqə əsasən!)

Həmçinin əksər növlərin üzü ətrafdakı səsləri “tutub” qulağa yönləndirən çanaq formasındadır. Gözləri iridir, az işıqda belə yaxşı görür. Ayaqları caynaqlara qədər tüklərlə örtülüdür. Gecələr aktiv olan növlər gündüzlər ağac budaqlarında kamuflaj olur və görmək çox çətindir. Buna görə bayquşları ayırmaq üçün ən etibarlı vasitələrdən biri hər növün özünəməxsus səsləridir. Xalq arasında bayquşları uğursuzluqla, hətta ölümlə əlaqələndirən miflər olsa da əsasən gəmiricilərlə qidalanan olduqca faydalı quşlardır. Bayquşlar xüsusi quruluşlu (xovlu) qanad lələkləri ilə səssiz uçaraq ov edirlər.

Həmçinin gördükdə sifətin forması və göz rəngi bayquşları bir-birindən ayırmaqda köməkçi vasitələrdir. Xalq arasında bayquşları uğursuzluqla, hətta ölümlə əlaqələndirən miflər olsa da əsasən gəmiricilərlə qidalanan olduqca faydalı quşlardır. Ölkəmizdə qeydə alınmış 8 bayquş növü iki fəsilədəndir: Alabayquşlar və əsl bayquşlar
Adi alabayquş (Tyto alba)
U: 33-39 sm, Q: 80-95 sm
Geniş yayılmış növdür. Amerika, Avropa, Asiya, Avstraliya qitələrində rast gəlinir. Oturaq növdür. Əsas qidasını müxtəlif gəmiricilər təşkil edir. Həmçinin kiçik quşlarla, kərtənkələlərlə, həşəratlarla da qidalanır. Əkin sahələri, bağlarda çoxalır. Yuvasını ağacdakı oyuqlarda və ya insan tikililərinin (anbar kimi) damında qurur. Əsas gecə və ya alatoranlıq vaxtı aktiv olur. Nadir hallarda gündüz də ovlanır (əvvəlki gecə yağış kimi səbəblərdən ov edə bilmədikdə).
Maraqlısı odur ki, bu növ ölkəmizə və ümumiyyətlə Qafqaza 21-ci əsrdə yayılmışdır! Ölkəmizdə ilk dəfə 2005-cı ildə Qızılağacda, 2006-ci ildə isə Şirvan Milli Parkında qeydə alınıb. Tez bir zamanda o şimala yayılmağa davam etmiş və ölkəmizdə geniş ərazidə çoxalan növə çevrilmişdir. Bizə İrandan gəldiyini deyə bilərik. Çünki, İranda 1970-ci ildə cəmi 3 dəfə (hamısı cənubda) qeydə alınsa da 90-cı illərdə Mərkəzi və Şimali İranda onlara rast gəlinirdi (Khaleghizadeh və Sehhatisabet 2007). Bugün isə ağ bayquşa bütün Qafqazda rast gəlmək olur.gündüz də ovlanır (əvvəlki gecə yağış kimi səbəblərdən ov edə bilmədikdə). Azərbaycanda aran və 1000 metrədək dağlıq rayonlarda yayılıb.

Təyinetmə: Ümumi rəngi ağımtıldır (xüsusən erkəklərdə). Üst hisəsi isə kürən rəngdə olub, bəzi hissələrində (xüsusən qanadlarının üstü) kül rəngli ləkələr var (miqdar fərdlər arasında dəyişir). Qanadları və ayaqları uzundur. Qanadlarının altı ağ olur. Açıq rəngli sifətində “ürək formalı” disk var. Gözləri qaradır. Uçarkən çox vaxt ayaqlarını aşağı sallayır. Quyruğu qısadır. Dimdiyi bozumtul sarı rəngdə olur. Səsi “boğuq qışqırığa” bənzəyir:
ƏSL BAYQUŞLAR:
İri yapalaq (Bubo bubo)
U: 59-73 sm, Q: 138-170 sm
Avrasiya və Şimali Afrikada yayılıb. Əsasən dağlıq meşələrə yaxın ərazilərdə rast gəlinən oturaq növdür. Ölkəmizdəki ən iri bayquş növüdür. Əsasən gecə, bəzən isə alatoranlıq vaxtı aktiv olur. Əsas qidasını məməlilər (gəmiricilərdən tutmuş dovşana) və quşlar təşkil edir.

Təyinetmə: Qarnının altı sarımtıl olub üzərində şaquli zolaqlar var. Döşündəki zolaqlar daha qalındır. Boğazı ağdır. Üst hissəi isə əsasən qəhvəyi rəngdə olub, naxışlıdır. Başının üstündə tüklərin əmələ gətirdiyi iki “qulaq” var. Uçan quşda bu qulaqları görmək çətindir. Uçarkən nəhəng qanadları və iri başı ilə seçilir. Gözləri iri olub, narıncı-qırmızı rəngdədir. Ayaqları tüklə örtülü olub, caynaqları qaradır. Dimdiyi də qara rəngdədir. Üzündə dimdiyin üstündən qulaqlara uzanan, “V” formalı solğun qaşları var. Əsas səsi uca və aralıqlı “bu…..bu…..buu” formasındadır.
Boz yapalaqca (Strix aluco)
U: 37-43 sm, Q: 81-96 sm
Avrasiya və Afrikanın şimalında yayılmışdır. Oturaq növdür və gecə fəal olur. Əsas qidasını gəmiricilər təşkil edir. Arada başqa heyvanları da ovlayır. Əsasən ağaclardakı oyuqlarda yuva qurur. Enliyarpaqlı meşələrə, bağlara üstünlük verir.

Təyinetmə: Orta ölçülü bayquşdur. Qanadları enli, başı isə yumrudur. Ümumi rəngi kürəndən tutmuş boz rəngə qədər dəyişir. Həm qarnında, həm də üst hissəsində şaquli zolaqlar var. Gözləri qaradır. Təpəsindən gözlərin arası ilə dimdiyə qədər uzanan tünd zolaq var. Üz diskinin kənarları da qara rənglidir. Kürək hissəsindəki (qanadların bədənə birləşdiyi yer) lələklər ağdır. Quyruğu qısadır və üzərində eninə zolaqlar var.
Səsi ucadır və belədir: “Huuuuu (3-4 saniyə fasilə) huhuhuhuuu… ”. Həmçinin qısa və uca (“kiyu-vik”) səsi var:
Qulaqlı bayquş (Asio otus)
U: 31-37 sm, Q: 86-98 sm
Geniş yayılmış növdür. Avrasiyada, Şimali Amerikada, Afrikanın şimal-qərbində rast gəlinir. Dünyada bəzi populyasiyaları köç etsə də ölkəmizdə həm oturaq, həm də köç edən populyasiyaları var. Meşələrdə, bağlarda çoxalır. Başqa quşların köhnə yuvasında (qarğa kimi) nəsil artırır. Gecə və alatoranlıq vaxtı aktiv olur. Əsas qidasını köstəbəklər, gəmiricilər və quşlar təşkil edir. Bəzən (xüsusən payızda) bir neçə fərd eyni ağacda dincəlir. Bəzən gündüz vaxtı da görmək olur.

Təyinetmə: Orta ölçülü bayquşdur. Başının üstündə tüklərin əmələ gətirdiyi uzun qulaqları var (uçarkən görünmür). Bədənin alt hissəsi sarımtıl olub, üzrərində tünd şaquli zolaqlar var. Qanadının üst hissəsində, I dərəcəli çalma lələklərinin başlanğıcı sarımtıl rəngdədir. Bu ləkənin üzərində isə qara ləkə var (carpal hissədə). Qanadlarının altı ağ olub, I dərəcəli çalma lələklərinin başlanğıcında qara “vergül” var. Quyruğunda nazik, eninə zolaqlar var. Gözləri narıncıdır. Gözlərinin arası və dimdiyinin üzəri ağ rəngdədir.
Yetkinlərin səsi uca deyil və 2-3 saniyə aralıqlarla “huu…hu…hu…hu” kimidir. Təhlükədə hiss etdikdə nisbətən uca “vrek-vrek-vrek” kimi səs çıxarır. Balanın səsi isə cingiltili olub, sanki sızıldayır (piii-ih). Səsi:
Bataqlıq bayquşu (Asio flammeus)
U: 33-40 sm, Q: 95-105 sm
Geniş yayılmış növdür. Avrasiya, Şimali Amerika və Afrikada rast gəlinir. Adı bataqlıq bayquşu olsa da açıq sahələrdə rast gəlinir. Yuvasını yerdə otların arasında və ya ağacda qurur. Əsasən alatoranlıqda, həmçinin gündüz də ov edir. Əsas qidasını köstəbəklər və gəmiricilər təşkil etsə də arada başqa heyvanları da ovlayır. Payızda və qışda onlarla fərdini birgə köç edərkən görmək mümkündür!

Təyinetmə: Orta ölçülü bayquşdur. Görünüşcə daha çox qulaqlı bayquşa bənzəyir. Amma, ondan fərqli olaraq “qulaqları” qısadır (çox vaxt görünmür). Ümumi rəngi sarımtıl-qəhvəyi olub, döşündə şaquli zolaqlar var, qarnı solğundur (qulaqlı bayquşda zolaqlar qarına qədər davam edir). Üz diski ağımtıldır. Gözləri sarı olub ətrafında tipik qara “maska” var. Qanadları uzundur.
Əsas səsi sürətlə və 6-10 dəfə təkrarlanan “hu..hu..hu..hu..hu..hu” kimidir (qulaqlı bayquşun səsi fasiləlidir). Pişiyə bənzər səsi də var.
Meşə bayquşu (Otus scops)
Geniş yayılmış növdür. Avrasiya, Afirkada yayılıb. Köçəridir, ölkəmizə yazda (Apreldən) çoxlamağa gəlir. Qışı Afrikada keçirir. Meşələrdə, bağlarda və parklarda rast gəlinir. Əsasən gecə aktiv olur. Qidasını müxtəlif həşəratlar təşkil edir. Ölkəmizdəki ən kiçik bayquş növüdür.

Təyinetmə: Ümumi rəngi bozumtuldur. Belində və altında tünd, şaquli zolaqlar və açıq xallar var. Həmçinin kürək hissəində (qandın bədənə birləşdiyi yer) ağ lələklərin əmələ gətirdiyi qövsvari ləkə var. Başının kənarlarında kiçik qulaqları görünür. Sifəti solğundur, dimdiyinin üzərindən başın kənarlarına qədər uzanan açıq rəngli “qaşları” var. Gözləri sarıdır.
Gecə boyunca çıxartdığı qısa, fit bənzəri, 2-4 saniyədən bir təkrarlanan “tyuh…tyuh..tyuh” səsinə görə seçilir. Çıxardığı səsə görə xalq arasında İsa-Musa quşu adı ilə də bilinir:
Dam bayquşu (Athene noctua)
Geniş yayılmış növdür – Avrasiya, Şimali Afrikada rast gəlinir. Ölkəmizdə açıq ərazilərdə rast gəlinən oturaq növdür. Yuvasını ağac oyuqlarında və ya köhnə tikililərin damında qurur. Alatoranlıq vaxtı və gündüzlər aktiv olur. Çox vaxt damlarda, quru ağaclarda və ya dirəklərdə oturduğunu görmək olur. Əsas qidasını həşəratlar, kiçik quşlar, ilanlar və başqa heyvanlar təşkil edir. Həmçinin dam xarabaçılı olaraq da adlanır.
Təyinetmə: Kiçik ölçülü bayquşdur. Başı iri olub, dəyirmidir. Ümumi rəngi qonur-qəhvəyidir. Başında, belində və qanadın üstündə ağ xallar var. Döşü və qarnı ağımtıl olub, üzərində şaquli zolaqlar olur. Başının arxasında gözə bənzər ləkələr var (bu “saxta sifət” yırtıcılardan qorunmaq üçündür). Quyruğunda eninə zolaqlar var. Ayaqları nisbətən uzundur. Gözləri sarı olub, ətrafında ağ maska və qaşları var. Dimdiyi bozumtul-sarıdır.
Əsas səsi uca olub “kyu-uv…” kimidir. Səsi:
Sonda isə hələki ölkəmizdə mövcudluğu təsdiqlənməmiş lakin Kiçik Qafqazda ola biləcəyi təxmin edilən bir növ barədə qeyd etmək istəyirəm:
Tüklüayaq xarabaçıl (Aegolius funereus)
U: 22-27 sm, Q: 50-62 sm
Kiçik bayquş növüdür. Şimali Amerikada və Avrasiyada yayılıb. Əsas gecə, az hallarda isə alatoranlıq vaxtı fəal olur. Sıx meşələrdə rast gəlinən növdür. Yuvasını ağaclardakı oyuqlarda qurur. Əsas qidasını köstəbəklər və kiçik gəmiricilər təşkil etsə də arada quş, həşərat da ovlayır.

Təyinetmə: Başı iridir və üstündə ağ xallar var. Bel və qanadlarının üstü qonur rəngdədir. Kürəyində ağ ləkələr var. Alt hissəsi ağımtıl olub üzərində qonur zolaqlar var. Üz diski ağımtıl olub, kənarları qaradır. Gözləri sarıdır. Gözləri iri olduğundan quş sanki gözlərini bərəldərək “təəccüblə” baxır. Dimdiyinin üzərindən uzanan ağ qaşları var. Balaları qonur rəngdə olub, yalnız üzlərində ağlıq olur. Dimdiyi sarıdır.
Səsi ucadır və 5-8 dəfə cəld təkrarlanan “pu..pu..pu..pu..pu” kimidir. Həmçinin uca və qısa “kviiit” qışqırığını eşitmək olur.
BU KİTABIN YAZILMASINDA İSTİFADƏ OLUNAN ƏSAS ƏDƏBİYYATLAR:
- Mullarney, Killian; Svensson, Lars; Zetterstrom, Dan; Grant, Peter (2009). Collins Bird Guide Second Edition. HarperCollinsPublishers, London.
- Forsman Dick (2003). The Raptors of Europe and the Middle East A Handbook of Field Identification. A & C Black Publishers Ltd., London.
- Forsman Dick (2016). FLIGHT IDENTIFICATION OF RAPTORS OF EUROPE, NORTH AFRICA AND THE MIDDLE EAST. Bloomsbury Publishing Plc, London.
- MUSTAFAYEV Q.T., SADIQOVA N.A. (2005). AZƏRBAYCANIN QUŞLARI (təyinedici-monoqrafiya). Çaşıoğlu nəşriyyatı, Bakı.
- McClure, Christopher J. W., Schulwitz, Sarah E., Anderson, David L., Robinson, Bryce W., Mojica, Elizabeth K., et al. (2019). Commentary: Defining Raptors and Birds of Prey. Journal of Raptor Research, 53(4) : 419-430.
- Zuberogoitia, I., Zabala, J. & Martínez, J.E. (2018). Moult in birds of prey: a review of current knowledge and future challenges for research. Ardeola, 65: 183-207.
İstifadə olunmuş fotolar:
Fotolarını mənimlə bölüşdükləri üçün aşağıdakı müəlliflərə təşəkkür edirəm!
Michael Heiss, Elvin Məmmədsoy, Christoph Himmel, Birol Hatinoğlu, Andreas Sandberg, Armin Kreusel.
Digər fotolar isə Flickr və Vikipediya veb-səhifəsindən, xüsusən CC (Creative Commons) lisenziyasına uyğun olaraq götürülmüşdür. Bəzi fotoların müəllifi tapılmadığından qeyd olunmamışdır.
Leave a Reply