Bu səhifədə üzərində illərdir işlədiyim, ölkəmizdəki yırtıcı quşlar üçün hazırlanmış ilk təyinedici kitab hissələrlə bölüşülür (ayrıca hissələri sonda görə bilərsiniz). Başladıq!

Ön söz

Quş müşahidəsi bir çox insanın hobisidir. Bu hobi quşları öz təbii areallarında (onları narahat etmədən) izləmək prosesidir. Müşahidə üçün müxtəlif köməkçi vasitələrdən istifadə olunur – binokl, fotoaparat, teleskop və s. Lakin, bu hobinin vacib vasitələrindən biri də növləri ayırmağa kömək edən təyinedicinin olmasıdır. Xarici dillərdə bu cür ədəbiyyatlar çox olsa da, ölkəmizdə bu hobiyə sahib insanların sayı kimi bu sahədə görülmüş işlər də azdır. Özümün ilk dəfə müşahidəyə başlaması anını xatılayıram: Quşlara marağımı alovlandıran o an, illər öncə balkonumuzun önündə bir kiçik qırğının (lat. Accipiter nisus) sərçələrə şığıması idi. Elə o vaxtan yırtıcı quşlar mənim ən sevdiyim quşlar olub. Lakin, iş orasındadır ki, çox vaxt sürətlə uçub keçən, səssiz yırtıcı quş növlərini görmək və təyin etmək çətindir. Bu təyinedicini yazmaqda məqsəd Azərbaycanda rast gəlinən yırtıcı quş növlərini ayırmağın yollarını öz dilimizdə təqdim etməkdir…

1. GİRİŞ

Yırtıcı quşları necə izləməli?

Ümumilikdə təbiətdə yırtıcıların sayı onların qida obyektlərinin sayından az olur. Həmçinin yırtıcı quşlar təbiətlərinə uyğun olaraq cəld hərəkət edirlər. Bu da onları izləmə şansını məhdudlaşdırır. Biz müşahidəçilər üçün yırtıcı quşları görmək zövq verici olsa da onların qidası olan digər quşlar üçün isə ölüm-qalım məsələsidir. Buna görə ehtimal ki, digər kiçik quşlar yırtıcı quşları sizdən öncə görəcəklər. Əgər bu quşların (yem olan növlər) davranışlarını öyrənə bilsəniz ərazidə yırtıcı quşun olub-olmadığını, hətta hansı istiqamətə baxmalı olduğunuzu öyrənə bilərsiniz və nəticədə yırtıcı quş görmə şansınızı artıra bilərsiniz.

Xatırladım ki, bir çox quşun görüş bucağı bizdən fərqlidir. Biz önümüzdəki detalları asanlıqla görə bildiyimiz halda, quşların (əksər növlər) hər gözü başın ayrı tərəfində olduğundan onlar dünyanı iki gözdən daxil olan işığın yaratdığı “üfiqi zolaq” formasında görürlər. Buna görə də onlar havadan gələn təhlükələri (yırtıcı quşlar) görmək üçün başlarını bir yana çevirir və bir gözlə səmaya baxırlar. Açıqlıqda oturmuş quş dəstələrində (qazlar, ördəklər, cüllütlər və s.) quşların bu hərəkəti tez-tez təkrarladığını görə bilərsiniz. Əgər təhlükə yoxdursa onlar yenidən başlarını çevirərək fəaliyyətlərinə davam edirlər. Amma, əgər dəstədə quşlar bu hərəkəti (başı yana çevirmə) təkrarlayırsa və bir neçə quş eyni istiqamətə baxırsa deməli uzaqda uçan bir yırtıcı quş ola bilər. Yox quşlar anidən özlərini yerə sıxır və hərəkətsizdirlərsə deməli yırtıcı daha yaxındır.

Havada yırtıcı quş olub-olmadığına baxmaq üçün başını yana çevirən qumru. Müəllif: David Sibley

Əgər şanslısınızsa və yırtıcı quşu görə bildinizsə onu izləyə bilərsiniz. Yırtıcı quşlara yaxından izləmək çətin olduğundan onları müşahidə etmək üçün binokl və ya bənzər köməkçi vasitələrdən istifadə etməyiniz tövsiyyə olunandır. Bundan sonra onun hansı növə aid olduğunu bilmək üçün quşun ayırdedici xüsusiyyətlərinə nəzər yetirmək lazımdır. Bu kitabın da məqsədi budur: Ölkəmizdə rast gəlinən yırtcı quşları tanıtmaq və onların ayırdedici xüsusiyyətlərini vurğulamaq.

Xatırlatma:  Əgər quş uçursa çalma lələklərinə diqqət edin. Çünki, əksər yırtıcılarda bu lələklərin rəngi, forması və üzərindəki zolaqlar həmin növə xasdır. Köməkçi suallar: Quşun ümumi ölçüsü nə qədərdir? (göyərçin boyda, qarğa boyda, yoxsa daha iri?). Qanadlar uzundurmu? eni nə qədərdir? Quyruq qanadın eni ilə müqayisədə qısa yoxsa uzundur? Bu suallara cavab tapmağa çalışsanız təyinetmə daha asan olacaq. Oturmuş quşlarda isə qanadların quyruğun hansı hissəsinə çatdığı, ayaqların uzunluğu və rəngi, dimdiyin ölçüsü və rəngi, gözlərin rəngi kimi detallara fikir vermək təyinatı asanlaşdıracaqdır. Əgər mümkündürsə quşun fotosunu çəkmək olduqca effektiv üsuldur, çünki çox vaxt sürətlə keçən yırtıcı quşlarda qeyd olunan detallara fikir vermək çətindir. Foto olduqdan sonra müxtəlif növlərlə müqayisə aparmaq olar. Foto çəkərkən isə əlbəttə quşu narahat etməməyə diqqət yetirmək lazımdır! Xüsusən də quş yuvalarına yaxınlaşmaq qətiyyən qəbulolunmazdır!

Qeyd: Bu kitabda qeyd olunan növlərin ən çox rast gəlinən “adi” rəngli fərdləri təsvir olunacaqdır. Lakin, təbiətdə bəzi hallarda piqment problemləri olan fərdlərə rast gəlmək olur. Ən çox yayılmış formaları bunlardır:  melanizm (qara), albinizm (tam ağ), leysizm (qismi ağ, ala) və s.

Kitab boyunca istifadə olunan əsas terminologiya və işarələr:

Çalma lələkləri: Uçmaq funksiyasını yerinə yetirən, qanadın altı ilə uzanan lələklər. Bu lələklər I və II dərəcəli olaraq iki qrupa ayrılır.

I dərəcəli çalma lələkləri: Qanadın sonunda yerləşən və biləkdə birləşən lələklər (yırtıcılarda 10 ədəd, p1-p10). Bu lələklərə birgə “əl” də deyirlər. Çox vaxt quşdakı ən uzun lələklər bunlardır.

II dərəcəli çalma lələkləri: Birinci dərəcəli çalma lələklərindən sonra gələn və dirsək sümüyünə birləşən çalma lələkləridir

Barmaqlar: Qanadın ən sonunda olan uzun I dərəcəli çalma lələkləri (növdən aslı olaraq 4-7 ədəd olur, p4-p10). Lələkdəyişmə (tüləmə) zamanı fərdlərdə bu barmaqların sayı normaldan az ola bilər!

Sükan lələkləri: Quşun quyruğundakı lələklər

Örtük lələkləri:  Çalma və sükan lələklərinin yuxarısında olan, onların başlanğıcını “örtən” kontur lələklərdir. Qanaddakılar yuxardan aşağıya doğru kiçik, orta və iri örtük lələkləri olaraq 3 qrupa bölünürlər.

Qol (patagium): Qanadın biləyə qədər olan hissəsi (qanad sümüyü olan hissə)

Bilək (carpal):  I dərəcəli çalma lələklərinin qanada birləşdiyi hissənin adı

Variyasiya (morph): Növün müxtəlif rəng formaları (xüsusən sarlarda çoxdur – kürən, açıq, tünd və s.)

 – erkək, ♀ – dişi

Azərbaycanda qeydə alınmış yırtıcı quşların növ siyahısı:

Qırğıkimilər dəstəsi (32 növ)

Kərkəslər

  • Qara kərkəs (Aegypius monachus)
  • Ağbaş kərkəs (Gyps fulvus)
  • Saqqallı kərkəs (Gypaetus barbatus)
  • Leşcil ağ kərkəs (Neophron percnopterus)

Qartallar

  • İmperator qartalı (Aquila heliaca)
  • Berqut (Aquila chrysaetos)
  • Çöl qartalı (Aquila nipalensis)
  • Böyük xallı qartal (Clanga clanga)
  • Kiçik xallı qartal (Clanga pomarina)
  • Cırtdan qartal (Hieraaetus pennatus)
  • Uzunquyruq qartal (Aquila fasciata)
  • İlanyeyən qartal (Circaetus gallicus)
  • Qısaquyruq qartal (Terathopius ecaudatus)
  • Ağquyruq dəniz qartalı (Haliaeetus albicilla)
  • Uzunquyruq dəniz qartalı (Haliaeetus leucoryphus)

Qaraquşlar

  •  Çay qaraquşu (Pandion haliaetus)

Sarlar

  •  Tüklüayaq sar (Buteo lagopus)
  •  Adi sar (Buteo buteo)
  •  Çöl sarı (Buteo rufinus)

Arıyeyənlər

  •  Adi arıyeyən (Pernis apivorus)
  •  Kəkilli arıyeyən (Pernis ptilorhynchus)

Çalağanlar

  •  Qara çalağan (Milvus migrans)
  •  Qırmızı çalağan (Milvus milvus)
  •  Bozumtul çalağan (Elanus caeruleus)

Belibağlılar (leylər)

  •  Qamışlıq belibağlısı (Circus aeruginosus)
  •  Tarla belibağlısı (Circus cyaneus)
  •  Çöl belibağlısı (Circus macrourus)
  •  Çəmən belibağlısı (Circus pygargus)

Qırğılar

  •  Böyük qırğı (Accipiter gentilis)
  •  Kiçik qırğı (Accipiter nisus)
  •  Qaragöz qırğı (Accipiter brevipes)
  •  Türküstan qırğısı (Accipiter badius)

Qızılquşkimilər dəstəsi (8 növ)

  • Çöl muymulu (Falco naumanni)
  • Adi muymul (Falco tinnunculus)
  • Kərkincək qızılquş (Falco vespertinus)
  • Sərçəçalan qızılquş (Falco columbarius)
  • Qaragöz qızılquş (Falco subbuteo)
  • Şahin (Falco peregrinus)
  • Bığlı qızılquş (Falco biarmicus)
  • Ütəlgi qızılquş (Falco cherrug)

Bayquşkimilər dəstəsi (7 növ)

Alabayquşlar

  • Adi alabayquş (Tyto alba)

Əsl bayquşlar

  • İri yapalaq (Bubo bubo)
  • Boz yapalaqca (Strix aluco)
  • Qulaqlı bayquş (Asio otus)
  • Bataqlıq bayquşu (Asio flammeus)
  • Meşə bayquşu (Otus scops)
  • Dam bayquşu (Athene noctua)

Qeyd: Növlərin siyahısı mövcud ən son adlandırma və təsnifat nəzərə alınaraq hazırlanmışdır. Həmçinin kitabın qalan hissəsində hər növün adının altında onun ölçülmüş minimal və maksimal uzunluğu (dimdikdən quyruğun sonuna qədər) və qanadları arasındakı məsafə U Q olaraq qeyd ediləcək. Düzdür, müşahidə zamanı bu ölçülər elə də əhəmiyyət kəsb etmir və quşla aranızdakı məsafədən, işıqdan aslı olaraq quşun ölçüsü daha iri və ya xırda görünə bilər. Lakin, bu göstəricilərin təqdim olunmasındakı məqsəd müxtəlif növlər arasındakı ölçü fərqlərini göstərək təyinetmədə sizə köməklik etməkdir.