Bu yazı Azərbaycanın Yırtıcı Quşları adlı onlayn təyinedicinin tərkib hissəsidir.
Kərkəslər sasən iri ölçülü və geniş qanadlı quşlardır. Qanadları ilə isti hava axımlarını (termallar) tutaraq süzürlər. Əsasən leşlə qidalanırlar, nadir hallarda ov etmə faktları məlumdur. Bəzi növlərinin boyunu uzun və az tüklüdür. Bu onlara cəsədin içinə başlarını soxaraq qidalanmağa imkan verir. Bəzi insanlar tərəfindən səhvən quzğun adlandırılsalar da, quzğun (Corvus corax) əslində ölkəmizdəki ən iri ölçülü qarğa növünün adıdır. Azərbaycanda 4 növ kərkəs qeydə alınmışdır:
- Qara kərkəs (Aegypius monachus)
U: 100-110 sm, Q: 250-295 sm
Ölkəmizdəki ən iri yırtıcı quşdur. Avrasiyada və Şimali Afrikada rast gəlinir. Ölkəmizdə qayalıq və seyrək meşə sahələrində yayılıb. Oturaq növdür, qışda düzənlik ərazilərdə də görmək olur. Uzun saatlar leş axtarmaq üçün süzür. Bəzən ağbaş kərkəslərlə birgə uçur və qidalanır. Demək olar ki, ancaq iri ağaclarda yuvalayır. Azsaylıdır, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Ümumi rəngi tünd qonur və ya qaradır. Buna görə də bəzi tünd rəngli qartal növləri ilə səhv salına bilər. Qanadları uzun və enlidir. Qanadın ucunda 7 ədəd barmağı var. Barmaqlarının daha uzun olması və süzərkən ilk iki barmağın daha çox yuxarıya qaldırması ilə qartallardan seçilir. Quyruğu qısadır (qanadın eninin yarısı qədər). Baş gənclərdə tünd qara, yetkinlərdə isə bozumtul qəhvəyidir. Baş və boynundakı tüklər qısadır. Dimdiyi iri olub, gənc fərdlərdə bozumtul çəhrayı, yetkinlərdə isə mavi çalarlarda olur. Ayaqları gənc fərdlərdə tünd çəhrayı, yetkinlərdə isə açıq rəngdə olur.


2. Ağbaş kərkəs (Gyps fulvus)
U: 95-110 sm, Q: 230-265 sm
Avrasiyada və Şimali Afrikada rast gəlinir. Ölkəmizdə dağlıq rayonlarda yayılıb. Oturaq növdür, qışda düzənlik ərazilərdə də görmək olur. Digər kərkəslərə nisbətən daha çox səs-küylüdür, xüsusən cəsəd üstündə dalaşanda. Qayalıqlarda yuvalayır. Dişi bir ədəd sarımtıl-ağ rəngli yumurta qoyur. Leşlə qidalanır. Azsaylıdır, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Görünüşcə qara kərkəsə bənzəyir və bəzi fərdlər (işıqdan və məsafədən aslı olaraq) tünd göründükdə onunla səhv salına bilər. Olduqca iri quşdur. Ümumi rəngi üstdən qonur, altdan isə kürəndir. Başı və boyunu ağdır. Qanadın alt hissəsi çalma lələklərindən açıq rəngdə olur (qara kərkəsdə hər ikisi tünddür). Həmçinin qanadının üstü də iki rəngdədir (açıq rəngli bel və qanad örtük lələkləri, tünd çalma lələkləri). Qanadın altında açıq rəngli zolaq var (çalma lələklərinin yuxarısındakı örtük lələkləri). Barmaqları uzun və dəyirmidir (7 ədəd). Süzərkən qanadlarını nisbətən yuxarı qaldırır. Uçarkən boynunu yığdığından baş kiçik görünür. Quyruğu tünd rəngli olub, qısadır. Dimdiyi yetkinlərdə sarımtıl, gənc fərdlərdə is boz rəngdədir. Həmçinin yetkinlərin boynunun dibindəki yaxalıq tükləri ağ rəngdə olduğu halda, gənclərdə qəhvəyidir.



3. Saqqallı kərkəs (Gypaetus barbatus)
U: 105-125 sm, Q: 235-275 sm
Bu quşa həm də toğlugötürən deyirlər. Ölkəmizdə yüksək dağlıq ərazilərdə rast gəlinir. Əsasən sümüklərlə və leşlə qidalanır. Pəncələri ilə sümükləri götürüb yüksəklikdən qayalığa buraxır. Sonra isə qırılan parçaları udur (eynisini bəzən tısbağalara da edir). Qida rasiyonunda sümüklərin çoxluq təşkil etdiyi bilinən tək quş növüdür (+70%). Qayalıqlarda yuvalayır. Azsaylıdır, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: İri quşdur, ağbaş və qara kərkəslərdən fərqli olaraq başı tüklüdür (kontor lələklərlə). Həmçinin çənəsində uzanan qıl lələklər var (saqqallı kərkəs adını burdan alır). Yetkin və gənc fərdləri görünüşcə fərqlənir. Gənclərin qanadları daha uzun və enlidir. Qanadın aşağı hissəsi mişar dişləri kimi tırtıxlıdır. Yetkinlərdə isə qanad ensiz (gənclərə nisbətən) və aşağı hissəsi düzdür. Ümumi rəng də yetkinlər və gənclər arasında fərqlidir. Gənclərdə baş tünd (qara), bədən isə bozdur. Yetkin fərdlər isə ağ rəngli və ya narıncı olur (narıncı rəngi qəbul etdiyi “torpaq duşlarındakı” minerallardan əldə edir, buna görə narıncının miqdarı dəyişkəndir və zooparklardakı fərdlər bu səbəbdən ağ olur!). Qanadlarının üstü həm yetkinlərdə, həm də gənc fərdlərdə tünddür. Həmçinin quyruq da uzun olub (qanadın enindən uzundur), “üçbucaq” formalıdır (kənarlardakı lələklər qısa, ortadakılar isə onlardan 18 sm qədər uzun). Dağ və ya təpələrə qarşısında süzərkən quşun kölgəsini görmək özünü görməkdən daha asandır.



4. Leşcil ağ kərkəs (Neophron percnopterus)
U: 55-65 sm, Q: 155-170 sm
Ölkəmizdəki ən kiçik kərkəs növüdür. Köçəri quşdur, ölkəmizə yazda çoxalmaq üçün gəlir və Oktyabrda qışlamaq üçün Afrikaya qayıdır. Yuvasını ağaclarda və ya qayalıqlardakı oyuqlarda qurur. Əsasən leşlə, bəzən isə müxtəlif sürünənlərlə və bəzi onurğalıların yumurtaları ilə qidalanır (yumurtanı daşla qırır). Tez-tez iri zibilliklərdə qida axtararakən də görmək olur. Azsaylıdır, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Başı tüklü olsa da sifəti tüksüzdür. Uçarkən görünüşcə daha çox saqqalı kərkəsə bənzəyir, lakin ölçücə onun yarısı qədərdir. Bu növdə də gənc və yetkin fərdlər görünüşcə fərqlənir. Üzün tüksüz hissəsi yetkinlərdə sarı, gənc fərdlərdə isə bozumtul mavi rəngdə olur. Yetkin fərdlərdə ümumi rəng ağ, çalma lələkləri isə qaradır (Uzaq məsafədən uçan fərdlər boyunsuz və ayaqsız ağ leyləyə bənzəyir). Boynunda sarı rəngli tüklərdən yaxalıq olur. Gənc fərdlər isə tünd qəhvəyi rəngdə olur. Qanadları uzun və “düzbucaqlı” formasındadır. Quyruq isə saqqalı kərkəs kimi “üçbucaq” formasındadır (saqqalı kərkəsə nisbətən daha “itibucaqlı”). Gənclər böyüdükcə ağ lələklər artır, buna görə qarışıq rəngli fərdlər (gənc və yetkin arası – sub ad.) görmək də olur. Dimdik qara və nazikdir. Ərazi şəraitində cinsiyyəti təyin etmək mümkün deyil (dişi və erkək oxşardır).



Üçbucaq formalı quyruq və kiçik dimdiyi ayıredici xüsusiyyətlərrdir.
Leave a Reply