Bu yazı Azərbaycanın Yırtıcı Quşları adlı onlayn təyinedicinin tərkib hissəsidir.
QARTALLAR
Əsasən iri ölçülü, uzun və geniş qanadlı, güclü yırtıcı quşlardır. Tutduqları şikarlardan əlavə, leşlə də qidalanırlar. Ölkəmizdə son təsnifata görə 11 növ qartala rast gəlmək olar. Növlər arasındakı genetik əlaqə tam öyrənilmədiyindən bəzən təsnifatlarda fərqliliklər görmək mümkündür. İlanyeyən dəmircaynaq və dəniz qartalları xaric digər növlərin ümumiləşdirici xüsusiyyəti ayaqlarında “tuman” olmasıdır (pəncə lüləsi lələklərlə örtülüdür). Müxtəlif qartal növləri (xüsusən berqut) üçün xalq arasında “qaraquş” sözü işlənsə də elmi ədəbiyyatlarda bu söz çay qaraquşu (qartal deyil) adlanan növ üçün işlənir. Həmçinin bu sözə müxtəlif yer adlarında rast gəlmək olur: Qaraquş dağı, Qaraquş dərəsi və s. Bu isə xalq arasında qaraquş sözünün müxtəlif iri və tünd rəngli yırtıcı quşlar ilə əlaqələndirildiyini göstərir.
Azərbaycanda qeydə alınan 11 növ qartal və 1 növ qaraquş bunlardır:
İmperator qartalı (Aquila heliaca)
U: 70-83 sm, Q: 175-205 sm
İri ölçülü qartaldır. Həm də məzar qartalı adlanır. Qışlamaq üçün Şimali Afrikaya köç etsə də bəzi fərdlər ilboyu ölkəmizdə qalır. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir. Əsasən açıq ərazilərə yaxın yerlərdə olan ağaclarda yuvalayır. Əsas qidasını kiçik məməlilər və quşlar təşkil edir. Leşlə də qidalanır. Yaxın əqrabası və bənzər növ olan berqut (sonrakı növ) kimi yüksək və sıldırım qayalıqlara çıxmır.
Təyinetmə: Yetkin və gənc fərdləri xarici görünüşünə görə bir-birindən fərqlənir. Yetkin fərdlər tünd (qara) rəngli olub, baş və boyunu açıq sarımtıldır. Çiyinlərində ağ ləkələr mövcuddur, buna görə tarixi mənbələrdə ona “aynalı qartal” da deyirdilər. Quyruğu nisbətən uzundur (qanadın eninin ¾-ü qədər). Quyruq üstən bozumtul olub, sonunda qara zolaq olur.


Süzərkən bəzən quyruq lələklərini örtülü saxlayır (buna görə dördbucaq quyruqlu görünür, berqutta quyruq açılır). Oturarkən qanad ucları quyruq uclarına çatır (berqutta quyruq daha uzundur).
Gənc fərdləri isə qum rəngində (bozumtul-sarı) olur. Belində və döşündə şaquli tünd zolaqlar var. Qanadın üstündə ağ ləkələr var. Qarnı açıq rəngdədir. Həm gənclərdə, həm də yetkin fərdlərdə pəncələr sarıdır. Əksər gənclərdə uçarkən qanadda çalma lələklərinin üçü açıq rəngli “pəncərə” əmələ gətirir, hansı ki,bu açıq lələkləri həm yuxarıdan, həm də aşağıdan görmək mümkündür. Qanad və quyruq lələkləri tünd zolaqlıdır, lakin bu zolaqları uzaqdan görmək çətindir.

Berqut qartalı (Aquila chrysaetos)
U: 80-93 sm, Q: 195-225 sm
Olduqca iri quşdur. Ölkəmizdə yüksək dağlıq ərazilərdə rast gəlinən, oturaq növdür. Qışda düzənlik ərazilərə də enir. Ağaclarda və ya qayalıqlarda yuvalayır. Əsas qidasını müxtəlif məməlilər və quşlar təşkil edir. Ovunu əsasən yerə yaxın uçaraq ovlasa da bəzən yüksəkdən cəld şığıdığı da olur. Leşlə də qidalanır. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Ümumi görünüşünə görə imperator qartalına bənzəyir. Lakin, uzun qanadları və quyruğuna (qanadın eni ilə eyni ölçüdə) görə seçilir. İmperator qartalından fərqli olaraq berqutun qanadları qövsvaridir (qanadlar birgə “Ɛ” simvolunu xatırladır). Başı və boyunu narıncı rəngədir. Pəncələri sarıdır. Yetkinlər tünd kürən rəngdə olurlar. Qanadlarının üstündə açıq ləkələrə rast gəlmək olur.

Gənc fərdlərdə uçarkən qanadların altında ağ “yamaqlar” görünür. Quyruq da ağ rəngdə olub, sonunda qara zolaq var. Oturarkən qanad ucları quyruq ucuna çatmır. Qanad və quyruq lələkləri tünd zolaqlarla örtülüdür, lakin bu zolaqlar uzaqdan görünmür. Quyruqdakı zolaqlar imperator qartalı ilə müqayisədə daha aralıdır.

Çöl və ya Bozqır qartalı (Aquila nipalensis)
U: 62-74 sm, Q: 165-190 sm
Orta ölçülü qartaldır. Köçəri növdür, iri dəstələrdə köç edir (yüzlərlə fərd!). Ölkəmizdə Martdan başlayaraq görünür. Qışlamaq üçün Oktyabr-Noyabrda Afrikaya qayıdır. Qidasını müxtəlif məməlilər, sürünənlər və quşlar təşkil etsə də arada həşəratlarla və leşlə də qidalanır. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Görünüşcə xallı qartallara (növbəti 2 növ) bənzəyir. Gənc fərdlər qəhvəyi, yetkinlər isə tünd qəhvəyi və ya qonur olur. Yetkinlərin başının arxasında qızılı “ləkə” olur. Xallı qartallardan iri dimdik və başına görə seçilir. Dimdiyin sarı hissəsi göz bəbiyini keçir və beləcə daha “uzun ağızlı” görünür. Quyruq qısadır. Burun deşikləri oval formasındadır (xallı qartallarda yumru olur). Amma, bu fərqləri yalnız yaxından görmək olur!

Qanadları da xallı qartallardan uzundur. Uçarkən gənc fərdlər qanadlarının altında (ortada) görünən ağ zolaqlara görə seçilirlər. Lakin, bəzi fərdlərdə bu ağ zolaqlar olmur. Yetkin fərdləri uçarkən (xüsusilə də uzaq məsafədən) xallı qartallardan ayırmaq nisbətən çətindir. Çöl qartalında barmaqlar (qanaddakı) daha uzun olur. Həmçinin qanadın sonunda qara zolaq mövcuddur. Bilək hissəsində (carpal) oval formalı qara ləkə gözə çarpır (xallı qartallarla müqayisə et). Gənclərdə isə qanad sonundakı bu zolaq ağ rəngdə olur.


Əgər görünürsə qanadın altındakı lələklər və onların üzərindəki zolaqlar çöl qartalını xallı qartallardan ayırmaq üçün ən etibarlı vasitədir. Çöl qartalında bu lələklər bozmtul rəngdə olub, üzərindəki zolaqlar isə iri və seyrəkdir. Nadir hallarda zolaqsız və tünd rəngli qanad lələkləri olan çöl qartallarına da rast gəlmək olur.
Böyük xallı qartal (Aquila clanga və ya Clanga clanga)
U: 59-69 sm, Q: 153-177 sm
Əsasən tünd rəngli və orta ölçülü qartaldır. Ölkəmizdə köç vaxtı (yaz və ya payız) rast gəlmək olur. Köç rotası qısadır: Qışı əsas Şimali Afrikada və Orta Şərqdə keçirirlər. Meşəlik ərazilərdə yuvalayır. Qidasını əsasən məməlilər, quşlar və leş təşkil edir (qışda balıq da ovlayır). Həm də çığırğan qartal adlanır. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.

Təyinetmə: Ölçücə çöl qartalından kiçikdir. Yetkin fərdlər kiçik xallı qartala və çöl qartalına bənzəyir. Digər iki növdən ayıredici xüsusiyyətlərindən biri qanadın “bilək hissəsində” parlaq ağ ləkənin (“işartı”) olmasıdır. Həmçinin hər iki xallı qartal növündə ayaqlar çöl qartalından daha uzundur (lakin, bu xüsusiyyəti növlər birgə olmadıqda görmək çətindir). Quyruq qısadır. Gənc fərdlərdə adını aldığı açıq rəngli xallar oturarkən daha çox diqqətə çarpır. Yetkinlər isə tünd və bir rəngli (qonur və ya qara) olur.
Gənc fərdləri kiçik xallı qartaldan ayırmaq asandır. Böyük xallı qartalın gənclərində qanadın altındakı örtük lələkləri çalma lələklərindən daha tünd olur (kiçik xallı qartalda tam tərsinədir). Əlavə olaraq 7-ci barmağı (p7) kiçik xallı qartaldan daha uzun olur (tükdəyişmə dönəmində bu xüsusiyyət çaşdırıcı ola bilər). Həmçinin böyük xallı qartalın üst hissəsi kiçik xallı qartaldan fərqli olaraq bir rəngdə (əsasən tünd qonur və ya qara) olur. Yuxardan quyruğunun üstündə ağ ləkə olur. Qeyd etmək lazımdır ki, böyük xallı qartalın hələ ki ölkəmizdə qeydə alınmamış, amma Qafqazda müşahidə oluna bilən açıq (kürən) rəngli fluvescens variyasiyası çaşqınlıq yarada bilər.



(bəzi fərdlərdə biləkdəki işartı seçilmir!)
Kiçik xallı qartal (Aquila pomarina və ya Clanga pomarina)
U: 55-65 sm, Q: 143-168 sm
Orta ölçülü qartaldır. Ölkəmizə yazda bala çıxarmaq üçün çoxalma dönəmində gəlir, qışı isə Afrikada keçirir. Əsasən meşələrin açıqlığı görən kənar hissələrindəki ağaclarında yuva qurur. Qidasını əsasən suda-quruda yaşayanlar, sürünənlər, kiçik məməlilər, bəzən isə digər canlılar təşkil edir. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Ölçücə böyük xallı qartaldan biraz kiçikdir. Dimdiyi kiçikdir və burun deşiyi yumrudur (böyük xallı qartalda olduğu kimi). Görünüşcə həm böyük xallı qartala, həm də çöl qartalına bənzəyir. Oturarkən digər qartallara nisbətən daha uzun ayaqlı görünür (sarlara bənzər). Gənclərdə bədən qəhvəyi, qanadlar isə tünd (qonur,qara) rəngdə olur. Boynunun arxasında torpaq rəngində (sarımtıl) ləkə olur. Qanadlarının üstündə və bədənində ağ xallar olur.

Kiçik xallı qartalı ayırmaq üçün ən yaxşı vasitələrdən biri uçarkən qanadının altında (biləkdə) olan dırnaq işarəsinə (”) bənzər 2 şaquli ağ zolaqdır. Lakin, bu xüsusiyyət bəzi gənc böyük xallı qartallarda da ola bilir. Ümumilikdə isə böyük xallı qartaldan fərqli olaraq rəngi daha açıqdır, həmçinin qanadın altındakı örtük lələkləri çalma lələklərindən daha açıq rəngdə olur (böyük xallı qartalda tərsinədir). Əlavə olaraq yetkin fərdlərdə böyük xallı qartalla müqayisədə 7-ci barmaq (p7) qısadır. Lakin, gənc fərdlərdə barmaq sayı 6-dır (barmaq sayı 6 olan yeganə “əsl” qartal növü kiçik xallının gəncidir). Qanadın üstündə (I dərəcəli çalma lələklərinin başlanğıcında) və quyruğunun üstündə ağ ləkə olur.

QEYD: Öncəki 3 qartal növü (çöl, böyük xallı və kiçik xallı) arasında qərar verərkən çox diqqətli olmaq lazımdır. Çünki, bu növlərdə fərdlər arasında çoxlu rəng variyasiyalarına rast gəlinir və qeyd olunmuş ayırdecici xüsusiyyətlərdən bəziləri təkrarlanır. Həmçinin böyük və kiçik xallı qartalların təbiətdə cütləşməsindən yaranan hibridlər qeydə alınmışdır. Belə fərdlər hər iki valideyn növün xüsusiyyətlərini daşıyır.
Uzunquyruq qartal (Aquila fasciata)
U: 55-65 sm, Q: 145-165 sm
Ölkəmizdə ötən əsrin sonlarında bir neçə dəfə qeydə alınmışdır, son illərdə Azərbaycanda cəmi 2 fərdi qeydə alınmışdır! Ölkəmizdə yayılışı yaxşı öyrənilməyib. Ümumiyyətlə Cənubi Qafqazda təsadüfi hallarda rast gəlinən və çoxalan nadir növdür (Gürcüstanda və Ermənistanda yuvalama faktları var). Yarımsəhra iqlim tipinin olduğu dağlara üstünlük verir, qayalıqlarda və ya ağacda yuva qurur. Yetkinlər yuvaya sadiq olur və eyni yuvanı uzun illər istifadə edir. Yetkinlər yuvaladığı ərazilərə yaxın qalsalar da gənc fərdlər yeni ərazi axtarışı üçün uzağa uçurlar (bizdə qeydə alınanlar belə fərdlər olur). Erkək və dişi əsasən şikarı birgə ovlayırlar. Əsas qidasını quşlar (göyərçin, kəklik kimi), məməlilər və sürünənlər təşkil edir. Bəzi mənbələrdə bu növ qırğı qartal olaraq da qeyd olunur.
Təyinetmə: Nisbətən qısa, amma, enli qanadları var. Quyruğu boz rəngli olub uzundur (hardasa qanadın eni qədər). Quyruğunda tünd zolaqlar var və sonuncu zolaq daha enlidir. Uzun quyruğuna görə iri ölçülü arıyeyənə bənzəyir. Yetkinlərdə bədənin üst hissəsi tünd rənglidir. Belində ağ ləkə olur, lakin bu ləkənin miqdarı fərdlər arasında dəyişkəndir. Bədənin altı əsasən ağ rəngdədir, üstündə şaquli zolaqlar olur. Qanadların ortasında qara enli zolaq görünür. Yetkin erkəklərdə ikinci dərəcəli çalma lələkləri demək olar ki, tamamilə tünd (qara) olur.

Gənc fərdlərdə isə bədən və qanadlar pas rəngində olub, zolaqsızdır. Çalma lələkləri və quyruq tükləri solğun olur və üstündə zolaqlar var. Gənclərdə quyruğun sonunda enli zolaq olmur. Yaş keçdikçə qanadın altında və quyruğun sonunda tünd zolaq formalaşır.

Cırtdan qartal (Hieraaetus pennatus)
U: 42-51 sm, Q: 110-135 sm
Ölkəmizdə rast gəlinən ən kiçik qartal növüdür, buna görə bəzən ona qartalça da deyirlər. Əsasən meşədə yuva qursa da da açıqlıq ərazilərdə ov edir. Ölkəmizə bala çıxarmaq üçün yazda gəlir, qışı Afrikada keçirir. Qidasını əsasən kiçik quşlar, sürünənlər və məməlilər təşkil edir. Ovunu daha çox qanadlarını bükərək yerə şığıdıqdan sonra tutur. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Kiçik ölçüsünə görə digər yırtıcılarla (sar, ley kimi) səhv salmaq olur. Cırtdan qartalın iki əsas rəng variyasiyası (morph) var. Ayaqlar sarı rəngdə olub, digər qartallar kimi pəncə lüləsi tüklə örtülüdür. Ərazidə yaşa görə təyin etmək nisbətən çətindir (xüsusən açıq rəngli fərdləri)
Açıq rəngli fərdlərdə bədənin altı və qanadları ağ rəngdə (bəzi qəhvəyi ləkələrlə), çalma lələkləri isə tünd qəhvəyi və ya qara olur (son 3 I dərəcəli çalma lələkləri , p7-p10 digərlərindən açıq olur). Qanadlarında 6 barmaq var (diqqət! tük dəyişmə zamanı say az ola bilir). Sifəti tünd, boğazı isə açıq rənglidir. Bədənin üstündə, qanadların ortasınca uzanan və çiyinlərində olan açıq rəngli zolaqlar bu növə digər yırtıcılardan fərqləndirən xüsusi görünüşü verir. Quyruq solğundur və sonunda tünd zolaq olur. Quyruğunun üstündə (bədənə birləşən yerdə) ağımtıl ləkə var.

Tünd rəngli fərdlər isə digər tünd yırtıcılara (bataqlıq belibağlısı, qara çalağan və s.) bənzəyir. Tünd fərdlərin rəngi açıq qonurdan tünd qəhvəyiyə qədər dəyişiklik göstərir. Qanadlarının üst hissəsində (bədənə birləşən yerdə) hər iki tərəfdə ağ ləkə olur (bu xüsusiyyət təyyarələrə bənzədilərək “enmə işıqları” adlandırılır, və arıyeyən, uzunquyruq qartal kimi bəzi başqa yırtıcılarda da ola bilir). Qanadının üstündəki tipik naxış və “enmə işıqları” tünd fərdlərdə daha çox gözə çarpır.

İlanyeyən qartal və ya dəmircaynaq (Circaetus gallicus)
U: 62-69 sm, Q: 162-178 sm
Köçəri növdür, ölkəmizə yazda çoxalmaq üçün gəlir. Qışı Afrikada keçirir. Seyrək ağac və qaya olan yerlərə üstünlük verir. Ağacda və ya qayalıqda yuvalayır, lakin açıqlıqda ov edir. Əsas qidasını adından da görüntüyü kimi ilanlar təşkil edir. Əlavə olaraq kərtənkələləri, qurbağaları, kiçik quşları və məməliləri də ovladığı qeydə alınmışdır. Çox vaxt elektrik dirəklərinin və ya quru ağacların təpəsində oturub ərazini müşahidə edərkən görmək olur. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Görünüşcə digər qartal növlərindən fərqlənir və təyin etmək nisbətən asandır. Digər qartallardan fərqli olaraq “tumanı” yoxdur (pəncə lüləsi tüksüzdür). Oturarkən başı iri görünür (bayquşa bənzər). Quyruğunda 3-4 zolaq olur. Qarnı və qanadları açıq rənglidir. Çox vaxt boyunu və başı tünd qəhvəyi rəngli olur. Boynundakı lələklər coddur və bəzən yuxarı qalxır. Barmaqları solğun rənglidir, yalnız kənarları qaradır (digər “barmaqlı” yırtıcı quşlarda barmaq tünd olur!).

Qanadın üst hissəsində çiyinləri bozumtul qəhvəyi, qanadın qalan hissəsi isə tünd rəngdə olur. Döşündə, qarnında və qanadlarda kürən eninə zolaqlar olur və bu zolaqların miqdarı dəyişkəndir. Gözləri gənclərdə sarı, yetkinlərdə narıncı rəngdə olur. Dimdiyi boz və uc hissəsi qaradır. Ayaqları bozumtul mavidir. Oturarkən qanadların uzunluğu quyruğun sonuna çatır.
Qısaquyruq qartal (Terathopius ecaudatus)
U: 50-60 sm, Q: 170-190 sm
Orta ölçülü qartal olub vətəni Afrikadır! Azərbaycanda ilk dəfə 2025-ci ildə, Gürcüstanla sərhəddə qeydə alınmışdır. Lakin, Qafqazda və Türkiyədə mövcud digər müşahidələri nəzərə alsaq ölkəmizdə yenidən görülmə ehtimalı mövcuddur.
Təyinetmə: Yetkin və gənc fərdlər kəskin fərqlənsə də hər ikisini çox qısa quyruğu və özünə xas qanad formasına görə digər növlərdən asanlıqla ayırmaq olur. Yetkin fərdlərdə qanadların altı ağ olub tünd rəngli bədən gözə çarpır (başqa növlə qarışdırmaq imkansızdır!). Çalma lələkləri erkəklərdə tam qara, dişilərdə isə ucu qara olan ağ rəngdədir. Uçuşda ayaqlar qısa quyruqdan çölə çıxır.

Gənc fərdləri isə qonur-qəhvəyi olduğundan başqa növlərlə səhv salına bilər. Lakin yenə də dartılmış qanad forması və qısa quyruğu, həmçinin “pulcuqlu” döşünə görə fərqlənir.

Haşiyə: Bəzən digər növlər də müxtəlif səbəblərdən (savaş, qida azlığı və s.) sükan lələklərini (quyruq) tamamilə itirə bilər. Belə olan halda onlar qısaquyruq qartalla səhv salmaq mümkündür!

Ağquyruq dəniz qartalı (Haliaeetus albicilla)
U: 76-92 sm, Q: 190-240 sm
Olduqca iri ölçülü qartaldır. Su hövzələrinin yaxınlığında yaşamağa üstünlük verir. Yuvasını da su hövzəsinə yaxın dirəklərdə və ya quru ağaclarda qurur. Eyni yuvanı uzun müddət istifadə edirlər. Qidasını da su hövzəsindən ovladığı balıqlar, su quşları, məməlilər və s. təşkil edir. Arada leşlə də qidalanır. Oturaq növdür, bəzi fərdləri qışda cənuba köç edir. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Uzun və enli qanadları var. “Tumanı” digər qartal növlərindən qısadır və ayaqları sarı rəngdə olur. Yetkin və gənc fərdlərin görünüşü fərqlidir. Yetkinlərdə baş solğun (ağımtıl) rəngli olur və sarı iri dimdik diqqət çəkir. Quyruq ağ olub, qısadır. Lakin, quyruğun ortasındakı lələklər kənardakılardan uzun olduğundan ona “üçbucaq” formasını verir. Cavan fərdlərin isə başı və boynu tünd rəngdə olur. Tünd qonur bədənində şaquli zolaqlar olur.

Uçuş zamanı yetkin fərdləri iri qanadlarına və ağ quyruğuna görə təyin etmək asandır. Gənc fərdlərdə qanad yetkinlərdən daha enli olur və özünə xas “tırtıxlı” (mişar dişləri kimi) görünüşü var. Gənclərdə döş nahiyəsində və belin üstündə ağ ləkələrə rast gəlmək olur. Quyruq tünd olsa da arasında ağ ləkələr seçilir və böyüdükcə tamam ağ rəngə çevrilir. Cavan fərdlərin dimdiyi də tünd olur.

Uzunquyruq dəniz qartalı (Haliaeetus leucoryphus)
U: 73-84 sm, Q: 185-210 sm
Olduqca iri ölçülü qartaldır. Şirin su hövzələrinin yaxınlığında yaşamağa üstünlük verir. Əsasən Mərkəzi və Cənubi Asiyada yayılmışdır. Əvvəllər Xəzərin şimalında da çoxalarmış. Təsadüfi hallarda bəzi fərdləri Xəzərin qərbindəki ölkələrə və Avropaya üz tutur. Bu növün 02.05.1866 tarixində ölkəmizdə (Qumbaşı, Lənkəran ray.) vurulduğu tarixi mənbələrdə qeyd edilmişdir. Ötən illər ərzində isə bu növün Azərbaycanda yenidən görülməsi ilə bağlı iddialar olsa da bu faktlar öz təsdiqini tapmamışdır. Lakin, ötən əsrdə Gürcüstanın Azərbaycanla sərhəd hissəsinə yaxın bölgələrində (Vaşlovani qoruğu), habelə Mingeçevirdə görülməsi ilə bağlı məlumatlar növün yenidən təsadüfən Qafqazda qeydə alına biləcəyi barədə ümid verir. Lakin, burda bir haşiyə də çıxmaq istəyirəm ki, Qafqazda bu növə aid olduğu deyilən qeydlərə diqqətli yanaşmaq lazımdır, çünki, onlar səhv təyinat da ola bilər (bənzər növ olan ağquyruq dəniz qartalı kimi).
Təyinetmə: Yaxın əqrabası və eyni cinsdən olan ağquyruq dəniz qartalında olduğu kimi yetkin və gənc fərdlər görünüşcə bir-birindən fərqlənir. Ümumi görünüş olaraq daha incə bədən quruluşu və uzun quyruğuna görə ağquyruq dəniz qartalından seçilir. Ayaqları solğun rənglidir (ağquyruq dəniz qartalında parlaq sarı olur). Qanadlarında barmaqların sayı 6 ədəddir (ağquyruq qartalda 7-dir). Yetkin fərdlərində qanadlar tamamilə tünd rəngdədir. Başındakı açıq rəng (sarımtıl ağ) boyunun arxasınca belinə doğru uzanır. Yetkinlərin quyruğu isə uc hissəsində qara zolaq olan ağ rəngdədir (gənc berqut qartalınkına bənzər).

Gənc fərdləri isə daha çox qəhvəyi tonlardadır. Qanadlarının altında uzanan açıq rəngli zolaqlar vardır (bəzi gənc ağquyruq qartallar bənzər zolaqlara malik ola bilir). Bu zolağa görə ilk baxışda çöl qartalının gənci ilə səhv salına bilər. Lakin gəncləri barmaqlarından sonrakı çalma lələklərinin (p1-p4) yaratdığı açıq “pəncərəyə” və sifətindən boğazına doğru uzanan tünd maskaya görə seçilir. Gənclərdə quyruq tamamilə qara olur.

QARAQUŞLAR
Görünüşcə qartallara bənzəyən və əsasən balıqla qidalanan yırtıcı quşlardır. Antaraktida xaric bütün materiklərdə yayılmışdır. Qaraquşlar fəsiləsinin Pandion cinsindən olan bir növü: çay qaraquşu vardır (bəzi ədəbiyyatlar Cənub-Şərqi Asiya və Avstraliyada yayılmış P.h.cristatus yarımnövünü ayrıca növ kimi qəbul edir).
Çay qaraquşu (Pandion haliaetus)
U: 52-60 sm, Q: 152-167 sm
Köçəri növdür, ölkəmizə yazda (Apreldən) çoxalmaq üçün gəlir. Qışı Afrikada keçirir. Su hövzələlərini sevən yırtıcı quşdur. Qidasını əsasən suya şığıyaraq (ayaqları öndə) tutduğu balıqlar təşkil edir. Köç vaxtı sudan kənar yerlərdə görmək olsa da, su hövzələrində qidalanır. Köç edərkən caynağında özüylə balıq daşıdığı və yol boyu qidalandığı qeydə alınmışdır. Yuvasını su hövzəsinə yaxın ağaclarda və ya qayalıqlarda qurur. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Təyinatı asan olan növlərdəndir. Qanadları uzun, quyruğu isə nisbətən qısadır. Qanadlarının üstü tünd qəhvəyidir və oturarkən qanadların uzunluğu quyruğu keçir. Bədəni və başının üstü isə ağ rəngdədir. Gözünün ətrafından tünd maska və ona bitişik, boynuna uzanan tünd zolaq var. Boğazında tünd rəngli “boyunbağı” gözə çarpır (bəzi fərdlərdə solğun olur).

Uçarkən qanadın uc hissəsini biraz bükür. Həmçinin qanadın altında (ortada) qara zolaq görünür. Bu zolaq yetkinlərdə daha tünddür. Qanaddakı 5 barmağı tünd rəngdədir. Gənclərin quyruğunda qısa zolaqlar olsa da, yetkinlərdə quyruğun sonunda enli zolaq gözə çarpır. Ayaqları bozumtul mavidir və sürüşkən balıqları tutmaq üçün altında tikan bənzəri hissəciklər var. Dimdiyi tünddür. Gözləri gənc fərdlərdə narıncı, yetkinlərdə isə açıq sarı rəngdə olur.
Leave a Reply