Bu həftənin quşu mavi arıquşudur (lat. Cyanistes caeruleus). İlk baxışda balaca, zərif və “oyuncağa bənzər” görünür. Amma aldadıcı olmayın. Bu növdə həm çeviklik, həm inadkarlıq, həm də tükənməz enerji var. Qış bağçalarında, parklarda və şəhər kənarındakı meşə zolaqlarında tez-tez qarşımıza çıxır. Yarpaqsız ağacların arasında parlaq mavi və sarı rəngləri ilə xüsusi seçilir. Maraqlısı odur ki, bu parlaq mavi rəng piqment deyil, işığın qırılması ilə bizim gözümüzə mavi görünür! Eynən dənizi, səmanı mavi görməyimiz kimi!

Qidalanarkən akrobatik hərəkətləri ilə diqqəti çəkir. Budaqdan başaşağı sallanması və bu vəziyyətdə belə yem axtarması onun ən tanınan davranışıdır. Qida rasionunda əsas yeri həşəratlar tutur. Xüsusilə qurdlar, çəyirtkə sürfələri, kiçik böcəklər və hörümçəklər. Yaz aylarında demək olar ki tamamilə zərərvericilərlə qidalanır. Bu xüsusiyyəti onu bağ və təsərrüfat üçün faydalı quşa çevirir. Qışda isə toxumlar, tumlar və müxtəlif bitki qalıqları ilə də kifayətlənir.
Azərbaycanda əsasən palıd və vələs meşələrinin olduğu zolaqlarda, bağ sahələrində və yarı şəhər mühitində rast gəlinir. Ölkəmizdə rast gəlinən yarımnövləri Avropadakılardan daha solğun olan orientalis (syn. satunini) və raddei (persicus?) hesab olunur. Ölçülərinə gəldikdə çox balaca quşdur. Uzunluğu təxminən 10-12 santimetrdir, çəkisi isə sadəcə 10 qram ətrafındadır. Bu kiçik çəkiyə baxmayaraq olduqca enerjili və hərəkətli həyat tərzi sürür.

Mavi arıquşu problem həll etmə bacarığı ilə məşhurdur. Avropada aparılan tədqiqatlarda bu quşun qapaqlı süd butulkalarını açmağı öyrəndiyi məlum olub. Yəni kiçik görünüşünə baxmayaraq yüksək öyrənmə qabiliyyəti ilə seçilən quşlardan biridir.

Mavi arıquşunun bəlkə də ən maraqlı xüsusiyyəti çoxlu yumurta qoymasıdır. Bir cütlük mövsüm ərzində altı səkkiz yumurta qoya bilər. Bəzən bu rəqəm on iki yumurtaya da çatır. Siçan qədər balaca quş üçün bu olduqca yüksək göstəricidir. Bu yumurta bolluğu populyasiyanın ildə dəyişən hava şəraitinə qarşı daha dayanıqlı olmasına kömək edir.
Bu növü tutarkən ən çox təəccübləndirən məqamlardan biri isə onun özündən qatqat böyük quşlar kimi mübarizə aparmasıdır. Çox kiçik olmasına baxmayaraq əlində saxlayan tədqiqatçını gözlənilmədən dişləməsi tanınmış davranışıdır. Dişləmə güclü olmasa da quşun inadkarlığını gözəl göstərir.
Mavi arıquşunun səsi cingiltini xatırladan ardıcıl notlardan ibarətdir. Tez tez təkrarlanan incə melodiyalar həm ünsiyyət, həm də ərazi siqnalı kimi işləyir. Yazın əvvəllərində xüsusilə daha yüksək və tez eşidilən formada olur.
Növbəti həftənin quşu isə yenidən gözləmədiyiniz bir məqamla qarşınıza çıxacaq. İzləmədə qalın.
Leave a Reply