Bu yazı Azərbaycanın Yırtıcı Quşları adlı onlayn təyinedicinin tərkib hissəsidir.
SARLAR
Sarlar orta ölçülü və geniş qanadlı yırtıcı quşlardır. Bu geniş qanadlarını isti hava axımlarında süzmək üçün istifadə edirlər. Həmçinin havada bir nöqtədə qalaraq ovunu izləyərkən görmək mümkündür. Sarlar yırtıcı quşlar arasında rəng variyasiyası çox olan qruplardandır (polimorfik).

Həmçinin bəzi növləri uzaqdan görünüşcə arıyeyənlərə (lat. Pernis) bənzəyir və buna görə təyinat zamanı diqqətli olmaq lazımdır (bu səbəbdən bir yerdə təqdim olunurlar). Sarları təyin etməyə çalışarkən sükan lələklərinə (quyruq) fikir verməyi unutmayın. Ölkəmizdə 3 sar növünə rast gəlinir (bəzi ədəbiyyatlarda ayrıca növ hesab olunan kürən sar, yəni “vulpinus” bu kitabda adi sarın yarımnövü: B.b.vulpinus kimi qeyd olunacaqdır).
Tüklüayaq sar (Buteo lagopus)
U: 49-59 sm, Q: 125-148 sm
Əsasən Avrasiya və Şimali Amerikanın tundra və meşə-tundra zonalarında bala çıxarır. Qışı keçirmək üçün cənuba üz tuturlar və ölkəmizdə də təsadüfi hallarda köç edərkən və ya qışda rast gəlinir. Əsas qidasını gəmiricilər təşkil etsə də müxtəlif quşları da ovlayır. Ov zamanı tez-tez havada sabit durur.
Təyinetmə: Digər sarlardan fərqli olaraq pəncə lüləsinin üstü tüklərlə örtülüdür (qartallarda olduğu kimi!). Digər sarlardan ayırd etmək üçün ən etibarlı vasitə isə tipik “iki rəngli” quyruğudur. Quyruğun başlanğıcı ağ rəngdədir (üstdən daha aydın görünür). Quyruğun uc hissəsi bir və ya bir neçə qara zolaqdan ibarət olur. Bu zolaqların sayı yaşdan və cinsiyyətdən asılı olaraq dəyişir: Gənc fərdlərdə enli bir zolaq olduğu halda, yetkin dişilərdə 1-2, erkəklərdə isə 3-4 zolaq olur.

Bədənin üst hissəsi tünd rənglidir – qonur və ya boz. Gənclərdə qum rəngi çalarlara rast gəlinir. Qarın hissəsində qara olur. Həmçinin qanadın altında biləkdə tünd ləkə var. Başın rəngi solğun və ya tünd (erkəklərdə) ola bilir. Yaş irəlilədikcə qanad altındakı örtük lələklərində zolaqlar artır.

Adi sar (Buteo buteo)
U: 49-56 sm, Q: 110-130 sm
Ölkəmizdə və Avropada ən çox rast gəlinən yırtıcı quşlardandır. Ölkəmizdə həm köç vaxtı, həm də ilboyu (oturaq olanlar) olur. Yuvasını ağaclarda qursa da açıqlıq ərazilərdə ov edir. Torpağa yaxın yerə (çəpər kimi) qonaraq və ya havada sabit duraraq ovunu axtarır. Qidasını əsasən kiçik və orta ölçülü məməlilər, quşlar, sürünənlər və s. təşkil edir. Həmçinin leşlə də qidalanır (xüsusən canlı qidanın az olduğu qış aylarında). Ölkəmizdə əsas kürən sar yarımnövünə rast gəlinir: B.b.vulpinus/menetriesii
Təyinetmə: Müxtəlif rəng variyasiyaları olduğundan təyinetmə nisbətən çətindir. Üst hissəsi əsasən tünd boz və ya qəhvəyi rənglərdə olur. Lakin, açıq, hətta ağ rəngli fərdlərə də rast gəlmək mümkündür (bu quşlar daha çox Şimali Avropada olur). Uçuş zamanı sükan lələklərinin bərabər ölçülü zolaqları gözə çarpır və lələklərin ucu qaradır (adi sarı digər bənzər növlərdən ayırmaq üçün ən etibarlı vasitədir).

Çalma lələkləri də zolaqlıdır. Bu zolaqların sonuncuları birləşərək qanadın alt hissəsi ilə uzanan tünd xətt formalaşdırır. Çox vaxt tünd rəngli boğazının altında açıq rəngli həlqəvi döş zolağı olur. Qarın açıq rəngli olub üzərində şaquli zolaqlar var. Süzərkən qanadlarını yuxarı qaldırır. Qanadının altında (örtük lələklərinin ortasında) açıq rəngli zolaq olur və bu zolaq döşdəki zolaqla birləşir. Bu zolağın üzərindəki (qol hissəsi) lələklər əsasən tünd olub, qanad altında üçbucaq formalı qol (bax: əsas terminlər) əmələ gətirir. Biləyində əsasən tünd ləkələr olur (açıq rəngli fərdlərdə bu ləkə vergül işarəsinə bənzəyir). Qanadın uc hissəsindəki barmaqlar arıyeyənlərlə müqayisədə daha aralı olur. Qonduqda qanadlar quyruq ucuna çatır. Ayaqları sarıdır. Gözü gənc fərdlərdə açıq, yetkinlərdə isə tünd rəngli olur.
Kürən sar (Buteo buteo vulpinus)
Adi sarın yarımnövüdür. Görünüşünə görə “tipik” adi sardan fərqləndiyinə və daha köçəri həyat tərzinə görə bəzi ədəbiyyatlarda ayrıca növ kimi də qeyd olunur. Görünüşcə daha çox çöl sarına (sonrakı növ) bənzəyir və bəzən bu iki quşu ayırmaq ərazidə imkansızdır! Adi sardan fərqli olaraq ölçüsü kiçik, qanadları nisbətən ensiz, quyruğu isə uzundur. Daha çox meşəlik ərazilərdə rast gəlinir, amma, köç vaxtı başqa yerlərdə də görmək olur. Əsasən tünd tonlarda (qızılı, qonur, kürən, qara) olur. Uçarkən çalma lələklərinin daha ağ olması və üzərindəki zolaqların daha çox seçilməsi ilə adi sardan fərqlənir. Adi sar kimi quyruğu zolaqlıdır. Döş zolağı daha aydın seçilir (tünd fərdlərdə döş zolağı olmur). Qanadının üst hissəsində açıq ləkələr olur.

Çöl və ya Bozqır sarı (Buteo rufinus)
U: 50-58 sm, Q: 130-155 sm
Ölkəmizdə əsasən oturaq növdür və il boyu rast gəlmək olur. Köç edən fərdləri köçə digər sar növlərindən gec başlayır (Oktyabr-Noyabr). Açıq çöllərdə və yarımsəhralarda yaşamağa üstünlük verir. Əsasən qayalıq ərazilərdə yuva qurur. Qidasını müxtəlif quşlar, məməlilər və sürünənlər təşkil edir.
Təyinetmə: Adi sarla müqayisədə qanadları uzundur və daha yavaş qanad çalır (qartala bənzər formada). Həmçinin süzərkən kürən sardan fərqli olaraq daha iri dairələrlə fırlanır. Lakin, bu fərqləri iki növü birgə müşahidə etmədikcə (köç vaxtı birgə görünə bilərlər) görmək çətindir. Digər sarlar kimi müxtəlif rəng variyasiyaları ola bilir və bəzi tünd fərdləri kürən sardan ayırmaq çox çətindir! Uzun qanadları və yavaş uçuş tərzi adi sardan (kürən sar da daxil) ayıredici xüsusiyyətləridir. Lakin, “tipik” fərdləri digər sarlardan solğun (ağımtıl və ya saman rəngi) baş və döşü, tünd rəngli qarın hissəsinə görə ayırmaq olur.

(lakin tünd başlı fərdlərə diqqət etmək lazımdır!)
Həmçinin qanadın altındakı örtük lələkləri adi sarla müqayisədə daha açıq rəngli olub, biləkdə dairəvi və tünd ləkə olur. Çalma lələklərinin başlanğıcı ağ rəngdə olur. Quyruğu darçın rəngli olub, başlanğıc hissəsi ağımtıldır (adi sarda əsasən bir rəngli olur). Çox vaxt quyruq sonu zolaqsız olur. Uçarkən qanadının üstündə ağımtıl ləkələr gözə çarpır. Qonduqda uzun, sarı ayaqları diqqət çəkir. Həmçinin dimdiyi adi sardan daha iridir. Yaxından solğun başında gözünün arxasınca uzanan tünd zolağı görmək olar. Çox vaxt başının arxasında da tünd ləkə olur. Göz rəngi gənc fərdlərdə açıq, yetkinlərdə isə tünd qəhvəyi rəngdə olur.

Qeyd: Sar növləri arasındakı bənzərliklər azmış kimi bəzən təbiətdə hibridlərə də (2 sar növünün qarışığı) rast gəlmək olur ki, bu hal təyinatı çətinləşdirir. Ümumiyyətlə sarları təyin edərkən diqqətli olmaq və mümkün qədər ayıredici xüsusiyyətlərə diqqət etmək lazımdır. Unutmayın ki, sarların çox rəng variyasiyası var və bəzi variyasiyalar növləri ayırmağı hardasa imkansız edir.
Arıyeyənlər
Arıyeyənlər orta ölçülü, enli qanadları olan yırtıcı quşlarıdır. Sarlarla yaxın əqraba olmasalar da bənzər görünüşə malikdirlər (xüsusən qanad forması). Arıyeyənlərin boyunu nisbətən uzun, başı isə kiçik olur (buna görə “göyərçin başlı” deyirlər). Balalarına qida kimi əsasən vəhşi arı yuvaları (sürfələrlə birgə) ilə yemləyir və arıyeyən adı burdan gəlir. Yetkinlər tapdıqları arıları koloniyaya qayıdana qədər izləyir və sonra iti caynaqları ilə yuvanı dağıdırlar. Arı sancmalarından qorunmaq üçün dimdik və gözlərinin ətrafındakı tüklər sərtdir. Arılarla yanaşı digər kiçik canlılarla (xüsusən həşəratlarla) da qidalanırlar. Köç vaxtı özləri ilə vəhşi arı yuvaları daşıdıqları qeydə alınmışdır. Ölkəmizdə 2 növ arıyeyən qeydə alınıb.
Adi arıyeyən (Pernis apivorus)
U: 52-59 sm, Q: 113-135 sm
Köçəri növdür, ölkəmizə yazda (Apreldən) çoxalmaq üçün gəlir. Qışı Afrikada keçirmək üçün payızın əvvəllərində çıxıb gedir (köçə ən tez başlayan yırtıcı quşlardandır). Maraqlıdır ki, payız köçü zamanı gənc fərdlər yetkinlərdən təqribən iki həftə sonra köç edirlər! Ölkəmizdə əsasən aran və dağətəyi rayonlarda rast gəlinir. Əsas qidasını arılar başda olmaqla müxtəlif həşəratlar təşkil edir. Arada qurbağalar, kiçik quşlarla da da qidalanır.
Təyinetmə: Gənc və yetkin fərdləri görünüş və ölçülərinə görə fərqlənir. Sarlarda olduğu kimi müxtəlif rəng variyasiyalarına rast gəlmək mümkündür. Başı kiçik olub yetkin erkəklərin bozumtul rəngdə olur. Uçarkən yetkin fərdləri qanadlarının və uzun quyruğunun altındakı zolaqlar görə digər yırtıcılardan fərqləndirmək olur. Qanadda barmaqların sayı 5-dir. Yetkinlərdə barmaqların yalnız ucları qaradır. Həmçinin çalma lələklərinin başlanğıcında olan 2, sonunda isə 1 enli zolağa görə seçilir. Quyruq lələkləri də eyni qaydada zolaqlıdır. Biləkdəki ləkə oval formasındadıdr (sarlarda dairəvi olur). Gözləri parlaq sarı, dimdiyi isə tünd rənglidir.

Gənc fərdlər əsasən tünd rəngli olduğundan sarlarla qarışdırmaq daha asandır. Uçarkən qanadın altında I dərəcəli çalma lələklərinin II dərəcəli çalma lələklərinə nəzərən daha açıq rəngli olması gözə çarpır. Çalma lələklərinin üzərində eninə 3 zolaq var. Gənclərdə barmaqlardakı qaranın miqdarı yetkinlərə nəzərən daha çoxdur (barmaqdakı qaranın miqdarı sarlara bənzəyir). Quyruqda 3-4 zolaq olur. Başı çox vaxt açıq rəngli olub, gözün ətrafındakı “eynək” görünür. Gənclərdə gözlər tünd, dimdiyin dibi sarı, uc hissəsi isə qara olur (bu xüsusiyyət çox uzaqdan belə onun yaşını təyin etməyə imkan verir).

Kəkilli arıyeyən (Pernis ptilorhynchus)
U: 55-65 sm, Q: 130-155 sm
Ölkəmizdə bu növ (köçəri olan orientalis yarımnövü) cəmi iki dəfə qeydə alınmışdır: 23.05.2019 – Masallı ray., 29.05.2020 – Bakı şəhəri. Bu yarımnöv Asiyanın şimalında çoxalır və qışı Cənub Asiya ölkələrində keçirmək üçün köç edir. Bəzi fərdləri köç vaxtı Cənubi Qafqaza da üz tuturar. Olduqca nadirdir, lakin qonşu Gürcüstandakı çoxsaylı müşahidələr (bəzi illərdə onlarla fərd!) bunu deməyə əsas verir ki, ölkəmizdə də köç vaxtı ara-sıra rast gəlinir. Buna görə köç vaxtı arıyeyənləri müşahidə edərkən onların arasında bu növü axtarmaqda fayda var.
Təyinetmə: Ümumi görünüşü adi arıyeyənə bənzəyir. Lakin, daha enli qanadları ilə seçilir. Adi arıyeyəndə qanadda 5 uzun barmaq olduğu halda, kəkilli arıyeyəndə 6 uzun barmaq olur (qanad tam açıldıqda görmək daha asandır). Enli qanadlarına görə başı kiçik ölçülü görünür. Başının üstündə adından da göründüyü kimi kəkili olur, lakin bunu görmək (xüsusən uçuşda) çətindir. Yetkin erkəkləri quyruğuna əsasən ayırmaq çox asandır. Əsas qara rəngli quyruq ortasında enli ağ zolaq seçilir. Yetkin erkəklərdə göz tünd rənglidir. Dişiləri adi arıyeyənə daha çox bənzəyir. Lakin qanadın altındakı 3-4 zolağa (adi arıyeyəndə 2 zolaq olur) və biləyində tünd oval formalı ləkənin olmamasına görə seçilir. Yetkinlərdə bəzən boğazın altında ağ hissəni ikiyə ayıran tünd zolaq olur.


Gənc kəkilli arıyeyənləri adi arıyeyənin gənclərindən ayırmaq yetkinləri ayırmaqdan daha çətindir. Gənc kəkilli arıyeyənlərin II dərəcəli çalma lələkləri adi arıyeyəndəki qədər tünd olmur və üzərində 5-6 zolaq görünür (adi arıyeyəndə zolaq sayı 4 olur).
Qeyd: Bəzi hallarda bu növün adi arıyeyənlə hibrid əmələ gətirdiyi də məlumdur. Hibrid arıyeyənlər hər iki növün xüsusiyyətlərini də daşıyır. Xüsusən bizim regiona yolu düşən quşların arasında hibridlərin çoxsaylı olması qeyd olunur. Belə bir fərd 27.09.2011-ci il tarixində Beşbarmaq darboğazında qeydə alınmışdır. Buna görə təyinat zamanı diqqətli olmaq lazımdır.

Leave a Reply