Şəhər mühitində quş yemləmək insanlara xoş gəlir. Ancaq çoxlarının bilmədiyi vacib bir həqiqət var. Çörək quşların pəhrizi üçün yararsızdır və uzun müddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bu yazıda həm bunun səbəblərini açıqlayıram, həm də Azərbaycanda rast gəlinən quşlar üçün düzgün qida tövsiyələri verirəm.

Çörək quşlar üçün niyə zərərlidir?

Çörək quşların pəhrizində demək olar ki, heç bir qida dəyəri daşımır. Çörək əsasən karbohidratdan ibarətdir. Zülal, yağ, vitamin və mineral kimi həyati maddələri çatdırmır. Quş yeyir, özünü tox hiss edir, amma əslində orqanizmi vacib maddələri almır. Bəzən zarafat üçün mən deyirəm ki, “çörək quşların fastfududur!”. Bu zaman quşlar zəifləyir, qanad və sümük sağlamlığı aşağı düşür. Qərbdə aparılan araşdırmalar bunu açıq şəkildə göstərir.

“Mələk qanadı” adlı deformasiya nədir?

“Mələk qanadlı” erkək yaşılbaş ördək

Su quşlarında tez-tez rast gəlinən bu sindrom çörəklə davamlı qidalanmadan yaranır. Tək tipli, karbohidratla zəngin və qida dəyəri aşağı pəhriz nəticəsində qanad sümükləri düzgün inkişaf etmir. Qanadlar yana doğru əyilir, quş uça bilmir və bu bəzən ömürlük olur. Onu da qeyd etmək lazımdır ki, təbiətdə çörək tez xarab olur. Nəmli şəraitdə küflənir və bu göbələk infeksiyalarına yol açır. İnsanın suya atdığı çörək çox zaman yeyilmədən dibi çökür və çürümə başlayır. Bu çürümə sudakı oksigeni azaldır və gölməçələrdə “yosun partlayışlarına”  səbəb olur. Bu isə həm balıqlar, həm qurbağalar, həm də su quşlarının özləri üçün təhlükə yaradır. Həmçinin daim çörək verilən quşlar insan qidasına alışır və təbii qida axtarışı instinktlərini itirirlər. Bu isə uzun müddətdə quşların həyata uyğunlaşmasını çətinləşdirir.

Növlərə uyğun sağlam qidalanma bələdçisi:

Aşağıda şəhərdə və ya kənddə qarşılaşa biləcəyiniz müxtəlif quş qrupları üçün ən doğru qidaları təqdim edirəm:

1. Yerdə qida axtaran quşlar (Məsələn göyərçin, sərçə, qaratoyuq):

Uyğun qidalar:
• Günəbaxan toxumu, xüsusilə qabıqsız  forması (duzsuz olmalıdır!)
• Xırda toxum və dən qarışıqları
• Yulaf
• Doğranmış alma və giləmeyvələr
• Qışda yağ topları və ya yağlı toxumlar (internetdə hazırlanması barədə çoxlu materiallar var).

Uyğun olmayan qidalar:
• Çörək, lavaş və onların qırıntıları
• Peçenye, çips, duzlu qidalar
• Pendir və digər emal olunmuş qidalar

2. Su quşları (Məsələn ördək, qaz, qu):

Uyğun qidalar:
• Qarğıdalı dənələri, noxud, buğda
• Dənli toxum qarışıqları
• Doğranmış kələm yarpaqları, kök və yumşaq tərəvəz parçaları
• İsti aylarda əlavə olaraq yaşıl yarpaq qarışıqları

Uyğun olmayan qidalar:
• Çörək, lavaş, bulka
• Şirin və duzlu hər növ insan qidası

Qərb ölkələrinin əksəriyyətində parklardakı gölməçələrdə quşları yemləməyə görə cərimələr tətbiq edilir.

3. Ağac və kol səviyyəsində yaşayan kiçik quşlar (Məsələn sittalar, hörücülər, arıquşu növləri)
Arıquşular  üçün hazırlanmış “yağ topu”

Uyğun qidalar:
• Günəbaxan toxumu
• Xırda toxum qarışıqları
• Qışda yağ topları və yüksək enerji verən yemlər
• Giləmeyvələr və yumşaq meyvə parçaları

Uyğun olmayan qidalar:
• Çörək və qırıntılar
• Şəkərli və yağlı məhsullar

Haşiyə: Yem qablarını mütəmadi olaraq təmizləmək xəstəliklərin yayılmasının qarşısını alır.

Nəticə

Quş yemləmək gözəl bir davranışdır, ancaq düzgün üsulla edildikdə həm quşlara, həm də təbiətə faydalıdır. Çörək isə bu prosesdə ən zərərli qidalar arasındadır. Quşları daha sağlam, balanslı və təbii pəhrizə uyğun yemlərlə qidalandırmaq onların uzunömürlü və sağlam yaşamasına kömək edir.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. Çox dəyərli bilgilər bölüşdüyünüz üçün minnətdarıq.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading