Bu yazı Azərbaycanın Yırtıcı Quşları adlı onlayn təyinedicinin tərkib hissəsidir.
ÇALAĞANLAR
Uzun qanadlı və quyruqlu (bozumtul çalağan istisna), orta ölçülü yırtıcı quşlardır. Əksər növlərinin quyruqlarında haça olur. Arada ov etsələr də, əsasən leşlə qidalanırlar. Həmçinin digər quşları (xüsusən yırtıcılar) təqib edərək tutduqları ovu oğurlamaqları ilə də bilinirlər. Ölkəmizdə aşağıdakı 3 növ çalağan qeydə alınmışdır.
Qara çalağan (Milvus migrans)
U: 48-58 sm, Q: 130-155 sm
Avrasiyada, Afrikada və Avstraliyada yayılmış növdür. Ölkəmizə yazda çoxalmaq üçün gəlir. Qışı əsasən Afrikada keçirsə də əksər fərdləri il boyu ölkəmizdə qalır. Qidasını müxtəlif kiçik ölçülü canlılar – quşlar, məməlilər, balıq, sürünənlər və s. təşkil edir. Həmçinin leşlə də qidalanır. Leş üzərində çoxlu fərdi birgə görmək olar. Sayı artmağına baxmayaraq Azərbaycan Respublikasının Qırmızı Kitabına əlavə edilmişdir!
Təyinetmə: Görünüşcə digər tünd rəngli yırtıcılara bənzəyir. Lakin, uzun haça quyruğuna və enli qanadlarına görə seçilir. Quyruq qanadın enindən uzundur və bükülü olduqda haça görünür. Lakin, quyruğu tam açdıqda haça itir və iti ucları ilə üçbucağa bənzəyir. Uçarkən çalma lələklərindəki sıx zolaqlar görünür. Ümumi rəngi qonur-qəhvəyidir. Üst hissəsi və quyruğun üstü bir rənglidir (qırmızı çalağanda quyruq parlaq rənginə görə seçilir). Baş bədəndən daha açıq rənglidir – yetkinlərdə bozumtul, gənclərdə isə sarımtıl. Yetkinlərin sinəsində tünd zolaqlar var.
Gənclərin bədənində isə açıq rəngli, şaquli zolaqlar gözə çarpır. Gənclərin gözünün ətrafında qara maska olur. Qonduqda qanadları quyruğun ucuna çatır. Ayaqları nisbətən qısa və sarıdır. Dimdiyinin dibi sarı, uc hissəsi isə qaradır.
Qeyd: Bəzi fərdlər müxtəlif səbəblərdən sükan lələklərini (quyruq) itirmiş ola bilir və qısa quyruqlu görünürlər. Bu zaman tez-tez başqa yırtıcı quşlarla (xüsusən qartallarla) səhv salınırlar.



Qırmızı çalağan (Milvus milvus)
U: 61-72 sm, Q: 140-165 sm
Avropanın qərbində, Afrikanın şimal-qərbində və az sayda Asiyada yayılmışdır. Əsasən oturaq növdür, qışlamaq üçün nisbətən cənuba köç edirlər. Ölkəmizdə təsadüfi hallarda, bəzi illərdə köç edən və ya qışlayan fərdlərə rast gəlinir. Daha çox cənubda, İran sərhədinə yaxın qeydə alınmışdır. Qidasını qara çalağanda olduğu kimi kiçik ölçülü canlılar və leş təşkil edir. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına əlavə edilmişdir.
Təyinetmə: Görünüşcə qara çalağana bənzəyir. Lakin, quyruğu və qanadları ondan daha uzundur. Həmçinin, quyruqdakı haça daha dərindir. Quyruğunun üstü parlaq kürən rəngdədir və bədənin üst hissəsindən seçilir. Yetkinlərin başı olduqca açıq rənglidir (ağımtıl). Uçarkən qanadının altındakı, tünd rəngli barmaqları (5 ədəd) və II dərəcəli çalma lələklərinin arasındakı ağ “pəncərələri” gözə çarpır. Bu ağ lələklərin üzərində tünd zolaqlar var. Qanadın altında örtük lələklərinin əmələ gətidiyi qara zolaq, qırımızımtıl qolundan (patagium) seçilir. Qanadlarının üstündə açıq rəngli ləkələr var (bədəndən barmaqlara diaqonal formada uzanır).


Gəncləri isə qara çalağanın gənclərinə bənzəyir, lakin baş və bədən daha açıq rəngdə olur. Uçarkən qol və qanad altı örtük lələkləri arasındakı rəng fərqi gözə çarpır. Gənclərin quyruğu yetkinlərdən qısa olub, sonunda tünd zolaq var (zolaq ən kənar lələklərdə daha çox görünür).

Qonduqda qanadlar quyruqda haçanın başlanğıcına çatır (qara çalağanda isə quyruq sonuna). Həmçinin qanadın üstündəki solğun, diaqonal zolaqlar seçilir. Ayaqları qısa və sarıdır. Dimdiyi yetkinlərdə sarı, gənclərdə isə bozumtul və qara ucludur.
Bozumtul çalağan (Elanus caeruleus)
U: 31-36 sm, Q: 76-88 sm
Əsasən Afrikada rast gəlinir. Mərakeşdən Cənub-Qərbi Avropaya yayılıb. Şimal-Qərbi Afrikadan isə get-gedə Orta Şərqə yayılmaqdadır. Ölkəmizdə cəmi bir dəfə – 06.02.2020 tarixində, Araz çayı sahilində (Naxçıvan MR) qeydə alınmışdır. Növbəti illərdə isə Azərbaycanda nəsil artırmağa başlamış, ehtimal ki, növbəti illərdə sayı dah da artacaqdır. Ağacların az olduğu açıq ərazilərə üstünlük verir. Ov axtararkən havada sabit durur (muymullar kimi). Qidasını əsasən kərtənkələlər, gəmiricilər, quşlar, həşəratlar və digər kiçik canlılar təşkil edir.
Təyinetmə: Ölçücə digər çalağanlardan kiçikdir (qızılquş boyda). Rənginə görə digər seçilir, yalnız erkək belibağlılar ilə səhv salına bilər (quyruq ölçüsü amma anında ayırmağa kömək edir).
Üst tərəfi bozumtul, alt tərəfi və iri başı ağımtıl rəngdədir. Gənc fərdlərin belindəki lələklərin ucu açıq rənglidir. Qanadlarının üstündə qara ləkə var. Quyruğu qısadır və ucunda kiçik haça var. Qanadları uzun və itiucludur. Qanadlarının altında, uc hissədəki qara ləkələr gözə çarpır. Gözləri qırmızı olub, ətrafı qaradır (uzaqdan göz qara görünür). Ayaqları sarı, dimdiyi isə qaradır.

BELİBAĞLILAR (LEYLƏR)
Orta ölçülü, uzun qanadları və quyruqları olan yırtıcı quşlardır. Həmçinin ley adlanırlar. Çox vaxt yerə yaxın uçaraq yem axtararkən görmək olur. Süzərkən qanadlarını yuxarı qaldırarırlar (“V” formasında). Ölkəmizdə aşağıdakı 4 növ qeydə alınmışdır. Bu növlərdə aydın cinsi dimorfizm mövcuddur, yəni dişilər və erkəklər fərqli görünür.
Qamışlıq belibağlısı (Circus aeruginosus)
U: 43-55 sm, Q: 115-140 sm
Geniş yayılmış növdür, Avrasiya və Afrikada yayılıb. Həmçinin bataqlıq belibağlısı (leyi) olaraq da adlanır. Su hövzələrinə yaxın açıq ərazilərə üstünlük verir. Ölkəmizdə əsasən oturaq növ olub, il boyu rast gəlinsə də bəzi fərdləri köç edir. Yuvasını qamışlıqların arasında qurur. Əsasən qamışlıqlara və ya yerə yaxın uçaraq anidən uçan digər quşları ovlayır. Su quşlarının yuvasından balaları da götürür. Əlavə olaraq məməlilərlə, balıqla, leşlə də qidalanır.
Təyinetmə: Ölkəmizdəki belibağlıların ən irisidir. Digər belibağlı növlərindən fərqli olaraq quyruğunun üstündə ağ halqa yoxdur (buna görə digər növlərə “halqa quyruqlu” belibağlılar deyilir). Erkək fərdləri təyin etmək asandır. Erkəklərin üst hissəsi və qanadlarının bir qismi qonur, çalma lələkləri və quyruğu isə bozumtul olur. Barmaqları 5 ədəd olub, qaradır. Bədənin alt hissəsi də qonur rəngdə olub üzərində şaquli zolaqlar var.

Dişilər və gənclər isə qonur-qəhvəyi rəngdə olub, başları, boğazları sarı rəngdə olur. Gözünün ətrafında, sarı ləkələrin arasında tünd rəngli maska seçilir. Qanadlarının üstündə də sarımtıl ləkələr var (bu ləkələrin miqdarı fərdlər arasında dəyişkəndir). Ayaqları sarıdır. Dimdiyinin dibi sarı, uc hissəsi qaradır.

Tarla belibağlısı (Circus cyaneus)
U: 45-55 sm, Q: 97-118 sm
Avrasiyada və Şimali Amerikada yayılmışdır. Ölkəmizdə əsasən oturaq növ olub il boyu rast gəlinsə də bəzi fərdləri Şimali Afrikaya qədər köç edir. Açıqlıq ərazilərə üstünlük verir. Əsas qidasını yerə yaxın uçaraq ovladığı gəmiricilər və kiçik quşlar təşkil edir.
Təyinetmə: Digər “halqa quyruqlu” belibağlılardan (çəmən və çöl) fərqli olaraq 5 barmağı var. Lakin lələkdəyişmə zamanı barmaqların sayı az ola bilər, bu da digər növlərlə səhv salınmalarına səbəb ola bilər. Erkək fərdləri təyin etmək digər leylərdə olduğu kimi asandır. Erkəklərin ümumi rəngi ağımtıl olub, başı bozdur. Qanadlarının uc hissəsi qaradır. II dərəcəli çalma lələklərinin uc hissəsi də qaradır.

Dişilər və gənc fərdlər digər “halqa quyruqlu” belibağlılara bənzəyir. Dişinin və gəncin ümümi rəngi qonur-qəhvəyidir. Çalma lələklərinin altında və quyruğunda tünd zolaqlar var. Sifətində açıq rəngli aypara başının bayquşa bənzəməsinə səbəb olur. Gənc fərdlər daha tünd olub, döş və qarnında şaquli zolaqlar var. Dişilərdə isə qarın və döş açıq rəngli olur. Ayaqları sarıdır. Dimdiyinin dibi sarı, uc hissəsi qaradır.


Çöl və ya bozqır belibağlısı (Circus macrourus)
U: 40-50 sm, Q: 97-118 sm
Açıq, otluq ərazilərə üstünlük verir. Əsasən Rusiyanın çöllərində çoxalır (əvvəllər ölkəmizdə də çoxalan növ idi). Yuvasını yerdə qurur. Qışı keçirmək üçün Afrikaya və Hindistana köç edir. Ölkəmizdə də əsasən köç edərkən və ya qışlayarkən görünür. Əsas qidasını kiçik quşlar və məməlilər təşkil edir. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Digər növlərdə olduğu kimi açıq rəngli erkəklər seçilir. Erkəklər bozumtul ağ rəngdədir. Qanadının ucunda ilk barmaq xaric digərlərinin əmələ gətirdiyi üçbucaq bənzəri qara ləkə var (yəni, p10 açıq rənglidir). Quyruğunun üstündəki ağ halqa üst hissəsindən demək olar ki seçilmir. Barmaqlarının sayı 4-dür (tarla belibağlısında 5 olur). Erkəklərdə həmçinin tarla belibağlısının erkəklərindən fərqli olaraq çalma lələklərinin uc hissəsi tünd deyil.

Dişilər və gənc fərdlər isə digər “halqa quyruqlu” belibağlılara, xüsusən çəmən belibağlısına çox bənzəyir. Dişilərin ümumi rəngi qonur-qəhvəyidir. Bədənində şaquli zolaqlar var. Dişilərdə II dərəcəli çalma lələkləri tünd, I dərəcəli çalma lələkləri isə açıq rəngdə olub, ucları qaradır. Dişinin sifətində açıq rəngli aypara gözə çarpır.

Gənc fərdlərin ümumi rəngi narıncı olub, bədəni zolaqsızdır. Qanadı dişilərin qanadına bənzəyir, altı zolaqlıdır. Boynundakı açıq rəgli zolaq (aypara) tünd başını və boynunu iki hissəyə ayırır. Həm dişidə, həm də gənc fərdlərdə ayparanın yuxarısındakı tünd “maskanın” daha iri olması çəmən belibağlısından ayıredici xüsusiyyətidir. Gözünün ətrafında (daha çox təkcə altında) ağ xallar var. Ayaqları sarıdır. Dimdiyinin dibi sarı, uc hissəsi qaradır.

Çəmən belibağlısı (Circus pygargus)
U: 39-50 sm, Q: 96-116 sm
Avrasiyada və Afrikada yayılmış növdür. Ölkəmizdə yazda (Mart-Aprel) gəlir. Ölkəmizdə çoxalma halı öyrənilməyib, lakin birgə uçan cütlüklər müşahidə olunduğundan yuvaladığını düşünmək olar. Qışı Afrikada keçirir. Payızda köçə digər belibağlılardan tez başlayır (İyulun sonundan). Su hövzələrinə yaxın açıq əraziləri sevir. Yuvasını uzun çəmənliklərdə və ya otluq sahələrdə yerdə qurur. Əsas qidasını kiçik quşlar, məməlilər, suda-quruda yaşayanlar, sürünənlər, iri həşəratlar təşkil edir.
Təyinetmə: Ölçücə və formaca çöl belibağlısına bənzəyir. Qanadda barmaqların sayı çöl belibağlısında olduğu kimi 4-dür. Lakin, qanadları daha incədir. Erkəklər üstdən “3 rəngli” görünüşünə görə seçilir – Başı, beli, qanadları tünd boz; çalma lələkləri və quyruq gümüşü, qanadlarının ucu (I dərəcəli çalma lələkləri) isə qaradır. Əlavə olaraq qanadının üstündə və altında qara eninə zolaq var (bu digər belibağlıların erkəklərində olmayan xüsusiyyətdir). Quyruğunda 4 şabalıdı rəngli zolaq var (tarla və çöl leyinin erkəklərinin quyruğundakı zolaqlardan daha enlidir).

Dişi və gənc fərdlər görünüşcə çöl belibağlısının uyğun fərdlərinə oxşayır. Dişilər qanadın altındakı örtük lələklərinin tipik ağ rənginə və üzərindəki şabalıdı zolaqlarına görə seçilir. Həmçinin çalma lələklərində iki tünd rəngli zolağın arasında formalaşmış açıq rəngli, düz zolaq gözə çarpır. Gözünün ətrafındakı ağ xalların həcmi çöl leyindən daha iri olur. Əlavə olaraq boğazında açıq rəngli “aypara” olmur və ya çöl belibağlısında olduğu qədər aydın seçilmir. Döşü və qarnı açıq rəngli olub, üzərində kürən şaquli zolaqlar var.

Gənc fərdəri də çöl leyinin gəncinə bənzəyir. Bədəni onda olduğu kimi zolaqsız kürən rəngdədir. Uçarkən qanadlarının altında zolaqsız, tünd II dərəcəli çalma lələkləri gözə çarpır. I dərəcəli çalma lələkləri zolaqlı olub, ucu qaradır (çöl belibağlısının gənci ilə ayırmaq üçün ən etibarlı yol bu lələklərin rəngidir). Gözünün ətrafındakı ağ xallar gənc çöl leyindən daha iridir. Üzdəki tünd maska da xırda olur və sifətdəki aypara aydın seçilmir və çöl belibağlısında olduğu kimi başın arxasına qədər uzanmır. Ayaqları sarıdır. Dimdiyinin dibi sarı, uc hissəsi qaradır.

ən əsası qara barmaqlara görə fərqlənir.
Qeyd: Təbiətdə müxtəlif belibağlıların hibridi qeydə alınmışdır (xüsusən çəmən və çöl belibağlısı arasında). Buna görə bəzən iki növün xüsusiyyətini daşıyan hibridlərə rast gəlmək mümkündür. Təyinat zamanı növlərin ayıredici xüsusiyyətləri tək-tək nəzərdən keçirdikdən sonra qərar verilməlidir.
Həmçinin belibağlılar arasında bəzi fərdlərdə tünd (qara) rəng variyasiyası da olur – xüsusən qamışlıq belibağlısında. Bu zaman onlar digər tünd rəngli yırtıcılarla (sarlar, çalağanlar kimi) səhv salına bilər. Lakin, uzun qanad və quyruqlarına, qanadda barmaqlarının sayına görə (qamışlıq və tarla leyində 5, çöl və çəmən leyində isə 4) digər tünd rəngli yırtıcılardan seçilirlər.

Leave a Reply