Bu həftənin quşu xallı qaratoyuqdur (lat. Turdus pilaris). Qış aylarında qəfil ortaya çıxan, böyük qruplar halında park və bağlara enən bu quş bəzən sanki “şəhərin qonağı” təsiri yaradır. Rənglərinə diqqətlə baxanda boz başı və quyruqüstü, qırmızımtıl kürən qanadları və xallı döşü ilə qaratoyuq cinsinin ən seçilən nümayəndələrindən biri olduğunu görmək olur. Onun varlığı xüsusilə soyuq günlərdə payız havası kimi içimizi isidir.

© Norman Arlott/BOW

Bu növ Azərbaycanda ilboyu olmur. Daha çox şimal bölgələrindən qışı ölkəmizdə keçirmək üçün gəlir. Xüsusilə meyvə ağaclarının olduğu kəndlərdə, bağ sahələrində və şəhər parklarında böyük qruplarla görünür. Çox vaxt yerə düşmüş meyvələrin ətrafında gəzir və sürü halında qidalanır.

Ölçüləri qaratoyuq ölçüsündədir. Uzunluğu təxminən 25 santimetr, çəkisi isə yüz qramdan bir qədər çox olur. Bədən quruluşu möhkəmdir. Uçuş zamanı çevik olmasa da düz xəttlə və sabit şəkildə uçması onun səciyyəvi xüsusiyyətidir. Xallı qaratoyuqlar adətən topa halında uçur və havada belə nizamlı sürü düzümü ilə tanınır.

Ağ qanad altlarına görə seçilir.

Bu növün yüksək sosial davranışı yalnız dəstə içində deyil hətta yuvanı qorumaqda da özünü göstərir. Yırtıcı quş yuvaya yaxınlaşanda xallı qaratoyuqlar birlikdə üstünə hücum çəkərək onu uzaqlaşdırmağa çalışır. Bu kollektiv müdafiə quşlar arasında nadir rast gəlinən davranışdır və növün uğurlu şəkildə çoxalmasına kömək edir.

Qidası əsasən meyvələrdir. Xüsusilə qışda yerdə qalan alma, armud və quşarmudu onun əsas enerji mənbəyinə çevrilir. Yayda isə daha çox həşəratlarla qidalanır. Bu uyğunlaşma ona müxtəlif mühitlərdə yaşamaq imkanı verir.

Ümumiyyətlə bu növ monitipik hesab olunur, yəni yarımnövləri yoxdur. Azərbaycanda rast gəlinənlər Avrasiyanın şimalında (Rusiya) yayılmış populyasiyalar hesab olunur. Xallı qaratoyuğun maraqlı sosial davranışı var. Sürü içində sıx əlaqə saxlayır və təhlükə hiss etdikdə bütün sürü eyni anda havaya qalxır. Bu sinxron hərəkət yırtıcılara qarşı müdafiə mexanizmi hesab olunur.

Xallı qaratoyuqun səsi də özünəməxsusdur. Adətən sərt və çatlayan tonlu “çak çak” səsləri çıxarır. Uçuş zamanı bu səslər daha tez eşidilir.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading