Bu yazı Azərbaycanın Yırtıcı Quşları adlı onlayn təyinedicinin tərkib hissəsidir.
QIRĞILAR
Kiçik və orta ölçülü, uzun quyruqlu və dəyirmi və enli qanadlarına görə seçilən yırtıcı quşlardır. Bu dəyirmi qanadları cəld manevrlər etmələrinə imkan verir. Nəticədə ağacların arasında belə ovlarını təqib edə bilirlər. Uçuş formaları spesifikdir – bir neçə dəfə qanad çaldıqdan sonra qısa müddət süzür və yenidən təkrarlayırlar. Lakin köç zamanı qanad çalmadan uzun müddət süzə bilərlər. Erkəklər və dişilər arasında bariz ölçü fərqi olur (erkəklər kiçikdir). Ölkəmizdə aşağıdakı 4 növ qırğı qeydə alınmışdır.
Böyük qırğı (Accipiter gentilis)
U: 49-56 sm (erk. ♂), 58-64 sm (dişi. ♀)
Q: 90-105 sm (♂), 108-120 sm (♀)
Avrasiyada və Şimali Amerikada yayılmışdır. Ölkəmizdəki qırğıların ən iri ölçülü olanıdır. Həmçinin tetraçalan və ya tərlan da adlanır. Əsasən meşəlik ərazilərdə rast gəlinir. Oturaq növdür və ilboyu görmək olur. Payızda şimaldan gələn fərdlərlə populyasiyası artır. Yuvasını hündür ağaclarda qurur. Əsas qidasını orta ölçülü quşlar və məməlilər (dovşan, sincab kimi) təşkil edir. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Digər orta ölçülü yırtıcı quşlardan qısa və dəyirmi qanadlarına görə seçilir. Çalma lələkləri tünd zolaqlıdır. Yetkin fərdlər ağ rəngli bədənlərinə və tünd boz rəngli üst hissəsinə görə seçilir. Döşündə və qarnında nazik, tünd zolaqlar var. Yetkinlərdə gözün üstündə enli ağ qaş tünd başı iki hissəyə bölür. Quyruğun altında 3-4 zolaq olur.

Gənclərdə quyruq daha uzundur. Həmçinin gənc fərdlərin üst hissəsi qəhvəyi- qonur rəngdə olub, sarımtıl döş və qarnında damcıya bənzər şaquli xallar var. Boyunu nisbətən uzun olub, dimdiyi iridir. Ayaqları sarıdır və iri pəncə lüləsinə görə kiçik qırğıdan seçilir (iri ovları tutmağa uyğunlaşıb). Gözləri gənc fərdlərdə açıq sarı, yetkinlərdə isə tünd sarı və ya narıncıdır.

Kiçik qırğı (Accipiter nisus)
U: 29-34 sm (♂), 35-41 sm (♀)
Q: 58-65 sm (♂), 67-80 sm (♀)
Avropada və ölkəmizdə ən çox rast gəlinən yırtıcı quşlardandır. Həmçinin bildirçinçalan adlanır. Əsasən oturaq növdür, lakin bəzi fərdləri köç edir. Yuvasını ağaclarda qurur. Əsas qidasını müxtəlif sərçəkimilər, digər quşlar və gəmiricilər təşkil edir.
Təyinetmə: Kiçik qanadlarına və uzun quyruğuna görə seçilir. Qanadlarını bir neçə dəfə cəld çırpır sonra süzür, sonra yenidən təkrarlayır. Bu zaman get-gedə aşağı enir (iri qırğı yavaş qanad çalması və hündürlüyünü saxlaması ilə seçilir). Bədəni və qanadlarının altı həm gənclərdə, həm yetkinlərdə zolaqlıdır. Qanadda barmaqlarının sayı 6 olub, tünd zolaqlıdır. Bükülü olduqda düzbucaq formalı olan quyruğunun altında 3-4 zolaq var (iri qırğıda quyruq sonu dəyirmi olur).

Yetkin dişilərin üst hissəsi bozumtul qəhvəyi, erkəklərin isə göyümtül boz olur. Erkəklərin boğazı və sinəsi narıncıdır.

Gənclərin üst hissəsi isə qonur-qəhvəyidir. Gənclərdə və dişilərdə gözün üstündə açıq rəngli qaş olur (iri qırğıdakı kimi enli olmur). Ayaqları sarı rəngdə olub, uzun və incədir (kiçik ovları tutduğundan). Lakin, bəzən ayaqlar qarın lələklərinin altında olduğundan qısa görünə bilər. Gözləri sarıdır. Dimdiyinin uc hissəsi qara, dibi isə sarıdır.

Qaragöz qırğı (Accipiter brevipes)
U: 30-37 sm, Q: 63-76 sm
Avrasiya və Afrikada yayılmışdır. Ədəbiyyatlarda adı bəzən səsyamsılayan kimi qeyd olunsa da bu ad növün xüsusiyyətlərini əks etdirmir (ehtimal ki, səsi haçaquyruq kimi bəzi cüllüt növlərinin səsinə bənzədiyindən bu ad verilmişdir. Lakin qırğı onların səsini yamsılamır!). Həmçinin tüvik və ya Avropa tüviyi də adlanır (yenə çıxardığı səsə görə bu adlar verilmişdir). Düşünürəm ki, növə xüsusiyyətlərinə uyğun olaraq qısabarmaq qırğı və ya qaragöz qırğı deyilməsi daha məqsədəuyğun olacaqdır. Ölkəmizə yazda (Apreldə) çoxalmaq üçün gəlir. Qışı keçirmək üçün Şimali Afrikaya köç edir. Köç vaxtı yüzlərlə fərd birgə uçurlar. Enliyarpaqlı ağacların çoxluq təşkil etdiyi meşələrə və ya bağlara üstünlük verir. Yuvasını ağacda qurur. Əsas qidasını kiçik quşlar, kərtənkələlər, kiçik məməlilər və həşəratlar təşkil edir. Azsaylı olduğundan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.
Təyinetmə: Ümumi görünüşü kiçik qırğıya bənzəyir. Lakin, erkək və dişi arasında ölçü fərqi kiçikdir. Quyruğu kiçik qırğıya nisbətən qısadır. Əlavə olaraq qanadları daha itiuclu olub, uc hissəsi qaradır. Qanad ucunda barmaqlarının sayı 4-dür (kiçik qırğıda 6 olur, lakin lələk dəyişmə zamanı kiçik qırğı da az barmaq görünür). Erkəklərin üst hissəsinin rəngi tünd boz olub, döşü narıncıdır. Uçarkən çalma lələklərindəki solğun zolaqlar ucbatından ağ görünən qanadlarına və qara qanad uclarına görə seçilir.

Dişilərin üst hissəsi qonur olur, ağ sinə və qarnının üstündə kürən eninə zolaqlar var. Gənclərin üst hissəsi isə daha qəhvəyidir, qarnındakı zolaqlar şaqulidir. Dişilərdə və gənclərdə çalma lələkləri zolaqlı olur, həmçinin boğazının ortasında şaquli tünd xətt var. Gözləri qəhvəyi və ya qaradır (tünd gözlü yeganə qırğıdır). Ayaqları sarı olub, barmaqları qısadır. Dimdiyi də qaradır.

Türküstan qırğısı (Accipiter badius)
U: 25-35 sm, Q: 48-60 sm
Əsasən Asiyada və Afrikada yayılmışdır. Təsadüfi hallarda Avropada rast gəlinir. Köçəridir, yazda (Apreldə) ölkəmizə çoxalmaq üçün gəlir (cenchroides yarımnövü). Yalnız Lənkəran təbii vilayətindəki meşələrdə qeydə alınmışdır. Qidasını kiçik quşlar, məməlilər, kərtənkələlər, həşəratlar və s. təşkil edir. Azsaylıdır.
Təyinetmə: Çoxalma dönəmində çıxardığı özünəməxsus səsinə görə digər qırğılardan rahat seçilir. Görünüşcə ən çox qaragöz qırğıya bənzəyir. Lakin, ümumi rəngi daha solğundur. Həmçinin ondan fərqli olaraq qanadda tünd rəngli barmaqlarının sayı 5-dir (qaragöz qırğıda barmaq sayı 4-dür). Buna görə qanad ucu qaragöz qırğı ilə müqayisədə dəyirmi görünür. Gözləri gənc və dişilərdə sarımtıl, erkəklərdə isə narıncıdır (qaragöz qırğıda daim tünd/qara olur). Yetkinlərin üst hissəsi bozumtul olur (erkəklərdə daha açıq). Alt hissəsində çəhrayı/narıncı zolaqlar olur (erkəklərdə bu zolaqlar solğun olur və bəzən seçilmir). Dişilərdə quyruğun sonunda, üst tərəfində tünd zolaq olur.

Gənc fərdləri qaragöz qırğının gənclərinə bənzəyir. Amma, ondan fərqli olaraq üst hissəsi açıq qəhvəyi rəngdədir. Həmçinin sarımtıl döş və qarnında kürən zolaqlar var (qaragöz qırğıda bədənin alt hissəsi ağ, zolaqlar daha tünddür). Gənclərdə və dişilərdə boğazın altında şaquli xətt olur. Çalma lələkləri digər qırğılarda olduğu kimi zolaqlıdır.

Leave a Reply