Bu yazı Azərbaycanın Yırtıcı Quşları adlı onlayn təyinedicinin tərkib hissəsidir.
Yırtıcı quşların köçü
Quşların köçündən bəhs edərkən ağıla ilk “həccə gedən” leyləklər, yazın xəbərçisi olan qaranquşlar və uzunqanadlar gəlsə də ölkəmizdəki bəzi yırtıcı quşlar da köç edirlər. Başınızın üzərindən uçan yüzlərlə, dəstə-dəstə qartalları təsəvvür etmək çətindir bilirəm, amma bu hər il Azərbaycan səmasında baş verir! Yırtıcı quşların köçü də digərləri kimi əsasən qida ehtiyatlarının azalması ilə əlaqədərdir. Ölkəmizdəki yırtıcılar qida ehtiyatları azaldıqca qışı keçirmək üçün əsasən Afrikaya köçür, yazda isə çoxalmaq üçün geri qayıdırlar. Dünyanın bir çox yerində yırtıcı quşlar böyük dəstələr halında köç edirlər. Məsələn, qonşu Gürcüstanın Batumi bölgəsində hər il köç edən yırtıcı quşların sayımı aparılır! Bu il mənim də 2 həftə iştirak etdiyim bu lahiyə çərçivəsində 1,5 milyon köçəri yırtıcı quş sayılmışdır:

Lakin, onların köçü də müəyyən ardıcıllıqla baş verir. Avqustun sonu, Sentyabrın əvvələrində havalar soyumağa başladıqca ölkəmiz də daxil şimal yarımkürəsində həşəratların sayı ciddi şəkildə azalır. Buna görə əsas qidası həşəratlar olan arıyeyən kimi yırtıcılar köçə ən tez başlayanlardandır. Müəyyən müddət sonra su hövzələrinin temperaturu aşağı düşür və sudakı balıqlar ya məhv olur, ya da suyun dərinliyinə enirlər. Beləcə əsas qidasını balıqlar təşkil edən çay qaraquşu kimi növlər köçə başlayır. Bu harda olsa Sentyabrın ortalarına təsadüf edir. Onu əsas qidasını soyuqqanlı canlılar (sürünənlər) təşkil edən ilanyeyən qartal kimi orta və kiçik ölçülü yırtıcılar izləyir. Əsasən quşlarla və məməlilərlə qidalanan qartal növləri kimi iri yırtıcılar isə köçə nisbətən gec başlayırlar. Onlar iri qanadları ilə isti hava axımlarını “tutaraq” çox uzun məsafələri (gündə 150-250 km) süzərək qət edə bilirlər. Payızda ölkəmizdən köç edən yırtıcı (və digər) quşları Afrikaya çatdıqda Böyük Səhra maneəsi gözləyir. Hesablamalara görə yırtıcı quşların 30%-ə qədəri (xüsusən gənc fərdlər olmaqla) Böyük Səhranı keçərkən məhv olur. Səhranı keçməyi bacaranlar isə Afrikanın müxtəlif yerlərində olan qışlama bölgələrinə üz tuturlar. Köçəri yırtıcıların gəncləri əksər hallarda qışı keçirtdikdən sonra 2-ci ilinə kimi Afrikada qalır və şimal yarımkürəsinə qayıtmırlar. Yazda ölkəmiz də daxil olmaqla Şimal yarımkürəsinə yetkin fərdlər çoxalmaq üçün qayıdırlar. Bu dəfə isə tərs sıralama müşahidə olunur. Payızda ölkəmizi sonuncu tərk edənlər yazda təbiətin canlanması ilə artan qida bolluğunu qaçırmamaq üçün tez (artıq Mart ayından başlayaraq) qayıdırlar. Bu vaxtdan çöl qartalı kimi növləri ölkəmizin səmalarında görmək olur. Qartallarla təqribən eyni vaxta (Mart və Aprel ərzində) şimal yarımkürəsinə qayıdanlar sarlar və belibağlılar olur. Onları daha sonra (Aprel-May aylarında) çay qaraquşları təqib edir. Bu müddətdə Afrikada həşəratların sayı hələ də çox olduğundan ölkəmizə ən gec qayıdan yırtıcı quş isə arıyeyənlər olur.
Lələkdəyişmə prosesi
Uçuş yırtıcı quşlar üçün hər şey deməkdir! Buna nail olmaq üçün onlar sağlam lələklərə ehtiyac duyurlar. Lakin, təbiidir ki, müəyyən müddət ərzində lələklər öz funksionallığını itirir və sıradan çıxır. Buna görə də bütün quşlarda olduğu kimi yırtıcı quşlar da həyatları boyu “lələkdəyişmə” (həmçinin tüləmə adlanır) prosesisindən keçirlər. Maraqlı məqam isə ondar ki, bu proses quşun növündən və ölçüsündən aslı olaraq fərqlilik göstərir.
Bu hissədə qısaca bu proses (əsas qanadlardakı lələkdəyişmə) barədə məlumat vermək istəyirəm. Çünki, lələkdəyişmə prosesini anlamaq quşun yaşı, sağlamlığı kimi məlumatları əldə etməyə kömək edir. Məsələn, kiçik ölçülü növlərin (meşə bayquşu, çöl muymulu kimi) balalarında ilk çalma lələkləri təxminən 3 həftə ərzində uzanır. Digər tərəfdən isə iri ölçülü növlərdə (kərkəslər kimi) bu 3-4 ay çəkir. Qeyd olunduğu kimi quşlar lələklərini ömürləri boyunca dəyişirlər, kiçik ölçülü növlərdə bir il ərzində bütün uçuş lələkləri dəyişildiyi halda iri növlərdə bütün uçuş lələklərini yeniləmək illər çəkir!
Yapalaq (Bubo bubo) istisna ölkəmizdəki bütün yırtıcı quşlar lələkdəyişməyə I dərəcəli çalma lələkləri ilə başlayırlar. Lələkdəyişmə əslində quş üçün olduqca enerji tələb edən prosesdir. Məsələn, adi sarda (Buteo buteo) yeni bir uçuş lələyini təxminən 2 ay müddətinə uzanır (4-5 mm/gün sürətlə). Buna görə də bəzi köçəri növlər lələkdəyişmə prosesini köç etmədən əvvəl dayandırır və qışlama yerlərinə çatdıqdan sonra davam edirlər (çay qaraquşu, kürən sar bu növlərdəndir). Lakin, bəzi leylər və kiçik ölçülü qartallar (ilanyeyən, cırtdan qartal kimi) köç vaxtı da lələkdəyişə bilirlər. Eyni növün köçəri və köçəri olmayan fərdləri arasında da proses belədir (köç dövründə tüləmə dayanır). Bənzər qaydada balaçıxarma dönəmində də valideynlər lələkdəyişmə prosesinin sürətini azaldır və ya dayandırırlar. Səbəb aydındır ki, enerjini balaları qidayla təmin etməyə yönətməkdir. Yalnız balanın yuvadan uçmasına az qalmış valideynlər lələkdəyişməyə başlayır. Qızılquşlarda lələkdəyişmə prosesi I dərəcəli çalma lələklərinin ortasından (p4) başlayır və qanadın iki tərəfinə doğru davam edir (p4→p1 və p4→p10).

Digər tərəfdən bütün qırğıkimilərdə və əksər bayquşlarda lələkdəyişmə ilk I dərəcəli çalma lələyi (p1) ilə başlayır və ardıcıl sıra ilə sona kimi davam edir (p1→p10). İkinci dərəcəli çalma lələklərinin də dəyişilməsi birincilərin dəyişilməsi irəlilədikdən sonra başlayır və yenə qızılquşlarda orta lələklərdən hər iki tərəfə, qırğıkimilərdə isə ilk və son lələkdən başlayaraq ardıcıl olaraq davam edir. Buna görə iri ölçülü qırğıkimilərdə (qartallar, kərkəslər) “pilləkan” adı verilən bir neçə generasiyadan dəyişilmiş lələkləri görmək mümkündür! Bəzi bayquşlarda (dam, qulaqlı və bataqlıq bayquşu) bu proses qırğıkimilərdə olduğu kimidir.

Bəzi yırtıcı növlərində isə uzun çəkən lələkdəyişmə prosesinə görə “yarıyetkin” (subadult) fərdlər olur ki, bu fərdlər görünüşcə həm gənclərdən, həm də yetkinlərdən fərqlənir (bəzi qartallar, saqqalı kərkəs və s. bu növlərdəndir). Əlavə olaraq bəzi növlər (xüsusən kərkəslər və qartallar) zədələnmiş lələkləri dimdikləri ilə çıxardaraq həmin lələyin yenilənməsini başlada bilirlər (təbii yenilənmədən əlavə olaraq).

Leave a Reply