Bu həftənin quşu qara odquyruqdur (lat. Phoenicurus ochruros). Azərbaycanda çox geniş yayılıb və ilboyu rast gəlinən növ olsa da, xüsusilə payız qış mövsümündə şəhərlərdə daha çox görünür. Tikili kənarları, boş divarlar, qayalıqlar və yüksək balkonlar onun üçün ideal yerlərdir. İnsanın yaratdığı mühitlə barışa bilən quşlardan biridir və bu bacarığı ilə əsil şəhər sakini təsiri yaradır.

Qara odquyruğun ölçüləri kiçikdir. Uzunluğu təxminən 15 santimetr, çəkisi isə təqribən 10-15 qramdır. Həzm sistemi həşəratlarla qidalanmağa uyğunlaşdığı üçün əsas qidası böcəklər, hörümçəklər və kiçik onurğasızlardır. Yayda daha çox həşərat yeyir, qışda isə quru giləmeyvə və bitki qalıqları ilə də qidalanır.
Azərbaycanda qara odquyruğun ən çox rast gəlinən yarımnövü Avropadakı ilə eyni olan gibraltariensis hesab olunur. Lakin bəzən ondan şərqdə yaşayan ochruros yarımnövü də ölkəmizə pənah gətirir. Bu iki yarımnöv arasındakı fərq quyruq altındakı qırmızı tüklərin miqdarı ilə bağlıdır (erkəklərdə daha tez gözə batır). Bəzi fərdlər isə hər iki yarımnöv arasında “aralıq mövqe” tutan miqdarda qırmızıya sahib olur (ehtimal ki, populyasiyalar arası gen axımına görə)
Solda gibraltariensis (qərb), sağda ochruros (şərq) yarımnövünün erkəkləri (© François Desbordes/ BOW)
Bu növün maraqlı davranışı quyruğunu aralıqlı şəkildə titrətməsidir. Bu hərəkət sadəcə vizual xüsusiyyət deyil. Araşdırmalara görə bu titrətmə həm ünsiyyət vasitəsi, həm də təhlükəni qiymətləndirmə reaksiyası kimi işləyir. Yəni qara odquyruq ətrafı daim müşahidə edir və hər titrəyən quyruq onun şəhər ritminə uyğunlaşan xəbərdarlıq siqnallarıdır.
Qara odquyruq min illər əvvəl əsasən qayalıq yamaclarda yaşayıb. Lakin zaman keçdikcə şəhərlərdəki binaların divarları, boş tikinti səthləri və beton çıxıntılar ona əvvəlki qayalıqları xatırladıb. Buna görə də müasir şəhər onun üçün keçmiş yaşayış sahəsinin təbii davamı kimi qəbul edilir. Bu uyğunlaşma Avropanın bir çox paytaxtlarında diqqət çəkən tədqiqat mövzusuna çevrilib.
Bu növün həm də səsi diqqəti cəlb edir. Çox vaxt şəhərin səs-küyündə itir kimi görünür, amma biraz qulaq asanda onun özünəməxsus cingiltili və ardıcıl səslərini eşitmək olur. Səsi iki əsas hissədən ibarətdir. Əvvəlcə qısa və cingiltini xatırladan səs gəlir, ardından isə bir qədər sərt və titrək tonla davam edən melodik çağırış eşidilir.
Qara odquyruğu müşahidə etmək üçün uzağa getməyə ehtiyac yoxdur. Günəşli bir səhər, məhəllənin giriş hissəsi, balkon və ya divar bəs edir.

BƏS SƏN ONU GÖRMÜSƏN?
Leave a Reply