Bu yazı Azərbaycanın Yırtıcı Quşları adlı onlayn təyinedicinin tərkib hissəsidir.
Yırtıcı quş sözünü eşitdikdə ağlımıza hansı quşlar gəlir? Yəqin ki, güclü qartallar, sürətli qızılquşlar. Lakin, ornitologiya elmində hansı quşların “yırtıcı quş” adlandırılması çox vaxt müzakirə mövzusu olmuşdur. Hansı quşların bu qurupa daxil olduğunu və bu qrupun hansı xüsusiyyətləri daşıdığını göstərən müxtəlif araşdırmalar var. Gəlin ümumi fikirlərə qısaca baxaq:
- Yırtıcı quşları qruplaşdırarkən istifadə olunan ənənəvi yanaşma onların morfoloji xüsusiyyətlərinə əsaslanır. Bu fikirə görə yırtıcı quşlar ovu tutmaq üçün güclü və əyri caynaqlara və əti parçalamaq üçün qıvrılmış dimdiyə malik olan quşlardır. Bu təsvir bir çox agah olduğumuz yırtıcı quşa uysa da bəzi problemləri var. Məsələn, əsasən leşlə qidalanan kərkəslər pəncələri ilə ov edə bilmir, buna görə də ov edən quşlarla müqayisədə güclü qavrama bacarığı olan pəncə və caynaqlara malik deyillər. Tutuquşular isə yırtıcı hesab olunmasalar da əyri dimdiklərə, yaxşı qavrama pacarığı olan pəncələrə sahibdirlər. Əlavə olaraq yırtıcı quşlara aid olduğu qeyd olunan başqa morfoloji xüsusiyyət isə kəskin görmə qabiliyyətidir. Çoxunuz ovunu yüksəklikdən izləyə bilən qartallar haqqda eşitmiş olarsınız. Lakin, bu ümumiləşdirmə düzgün yanaşma deyil. İlk olaraq növlərin görmə qabiliyyətini ölçmək elə də asan deyil. Ən əsas məqam isə görmə qabiliyyəti ətraf amillərinə qarşı çox həssasdır (mövcud işığın miqdarı kimi). Bəzi qartalların və kərkəslərin görmə qabiliyyəti insandan 2-3 dəfə yaxşı hesab olunsa da, bəzi qızılquş, bayquş növlərinin görmə qabiliyyəti insandan zəifdir! Yırtıcı hesab olunmasalar da bir çox sərçəkimi növü (xüsusən gecələr aktiv olan, köç edən) daha kəskin görüşə sahibdir.
- Digər yanaşma isə quşların davranışına əsaslanır. Bu görüşə görə hər hansı quş onurğalı canlını ovlayırsa onu yırtıcı hesab etmək olar. Lakin, ölkəmizdə də rast gəlinən bir çox quş növü ovlama bacarığına sahib olsa da onları yırtıcı adlandırmaq bir çox ornitoloqun fikrincə düzgün deyil – qağayılar, qarabatdaqlar, alaçöhrələr (lat. Lanius sp.) və s. kimi. Elə qeyd etdiyim alaçöhrələr ovladıqları müxtəlif onurğalıları və həşəratları budaqlardan və ya tikanlı məftillərdən asdığına görə “qəssab quşu” ləqəbini qazanıb. Bunu etmələrinə səbəb isə qidalanarkən ovu tuta biləcək qədər güclü caynaqlarının olmamasıdır.

- Sonuncu yanaşma isə müasir texnologiyanın imkanları nəticəsində əldə etdiyimiz genetik müqayisə metoduna əsaslanır. Lakin, bu qruplaşdırmada da maraqlı nüanslar ortaya çıxır. Məsələn, dünyanın ən sürətli canlısı hesab olunan şahinin (lat. Falco peregrinus) və digər qızılquşların genetik olaraq tutuquşu və sərçəkimilərə qartal, qırğı kimi digər yırtıcı quşlardan daha yaxın olduğunu bilirdiniz mi? Qızılquşların görünüşcə və həyat tərzi olaraq digər yırtıcı quşlara bənzəməsinin səbəbi isə oxşar ekoloji funksiyaları yerinə yetirdiyi üçün eyni təkamül proseslərindən keçmələridir (Paralel təkamül = “convergent evolution”).

Sonda: Bundan sonra yırtıcı quşlar dedikdə nəzərdə tutulan növlər qeyd olunan sonuncu yanaşmaya (genetik qruplaşdırma) əsaslanacaq. Nəticədə Azərbaycan ərazisində aşağıdakı 3 yırtıcı quş dəstəsinin nümayəndələrinə rast gəlmək olar:
- Qırğıkimilər (Accipitriformes) dəstəsi
- Bayquşkimilər (Strigiformes) dəstəsi
- Qızılquşkimilər (Falconiformes) dəstəsi

Qeyd: Yuxardakı kladoqramda digər qruplar xaric olunaraq yalnız ölkəmizdə yaşayan yırtıcı quş dəstələrinin əlaqəsi göstərilmişdir.
Qırğıkimilər dəstəsi növ sayını görə birincidir və ölkəmizdə 32 növü qeydə alınmışdır. Qızılquşkimilər və Bayquşkimilər dəstələri isə hər biri 8 növlə təmsil olunur.
Leave a Reply