Azərbaycanca və türk dili (Anadolu türkçəsi) arasındakı bənzərlik hamıya məlumdur. Bunun səbəbi isə iki dilin də ortaq kökə malik olmasıdır. Buna görə belə bənzərlikləri müxtəlif quş adlarında da görürük – sərçə (serçe), qarğa (karga), göyərçin (güvercin), leylək (leylek) və s. kimi. Lakin, bəzi quş adları var ki, iki dildə də işlənsə də müxtəlif növləri ifadə edir. Bu da bəzən qarışıqlığa səbəb olur. Məsələn, xəbər hazırlayan jurnalist ərəb ovçularından yazarkən “Google Images” – də “şahin” sözünü axtardıqda türklərin şahin dediyi quşun fotosunu tapır və istifadə edir. Əslində isə xəbərdə bəhs olunan quş o deyil.
- ŞAHİN – Fars mənşəli olan bu söz ölkəmizdə qızılquşlardan olan lat. Falco peregrinus növü üçün işlənir. Dünyanın ən sürətli quşu olan bu heyvanın dilimizdə həm də laçın, tərlan adları var. Digər tərəfdən Anadolu türkçəsində isə şahin lat. Buteo cinsindən olan müxtəlif növlərin ümumi adıdır. Bizim dilimizdə bu quşlar sar adlanır.


2. ARIQUŞU (ARIKUŞU) – Azərbaycan dilində bu ad sərçəkimilərdən olan və müxtəlif cinslərdən olan növlərin ümumi adıdır. Ehtimal ki, ad lat. Parus major növünün sarı-qara rənglərinə görə verilmişdir. Digər tərəfdən isə Anadolu türkçəsində bu ad lat. Merops cinsindən olan quşlara verilib. Səbəb isə bu quşların əsas qidasının arı kimi cücülər olmasıdır. Elə dilimizdə də bu rəngarəng quşlar arıqapan və ya qızlarquşu adlanır.


3. ÇOBANALDADAN (ÇOBANALDATAN) – Azərbaycan dilində bu ad Çovdarçıkimilər dəstəsindən olan və uzun, sarı ayaqlarına görə seçilən lat. Burhinus oedicnemus növünə verilən addır. İri gözlərinə görə həmçinin pərttəgöz adlanır. Anadolu türkçəsində isə bu ad alatoranlıq və gecə vaxtı aktiv olan lat. Caprimulgus cinsindən olan növlərə verilib. Bizim dildə isə bu quşlar keçisağan adlanır. Hər iki növ çobanaldadan adını uzanaraq kamuflaj bacarıqları ilə gözdən yayınmalarına görə qazanmışdır.


4. BALABAN – Çoxumuzun musiqi alətinin adı olaraq tanıdığı bu söz həm də quş adıdır. Fars mənşəli olan bu söz “iri” mənasını verir (pəhləvan sözü ilə eyni köklüdür). Ölkəmizdə ən iri qızılquş növü olan lat. Falco cherrug üçün işlənir. Bu növ daha çox ütəlgi qızılquş adı ilə bilinir. Anadolu türkçəsində isə balaban vağlardan olan lat. Botaurus stellaris və lat. Ixobrychus minutus növləri üçün istifadə olunur. Dilimizdə bu quşlar uyğun olaraq iri və kiçik dan quşu olaraq adlanır.


5. BALIQCIL (BALIKÇIL) – Hər iki dildə bu ad quşların qidasının balıq olmasına görə verilmişdir. Azərbaycan dilində bu ad kiçik ölçüsünə nisbəttə iri dimdiyi ilə seçilən Alcedinidae fəsiləsindən olan quşlara verilən addır. Parlaq rənglərinə görə həm də zərricə də adlanırlar. Anadolu türkçəsində isə bu ad uzun boyunlarına görə seçilən vağlara verilmişdir.


OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!
Leave a Reply