Təsəvvür edin Bakının parklarından birində oturmusunuz və istirahət edirsiniz. Bu sakit anları anidən başınızın üstündən keçən “qışqrıqlar” pozur. Başınızı qaldırıb baxdıqda bu səsin yaşıl rəngli tutuquşulardan gəldiyini anlayırsınız. Eynən bu hadisə illər öncə Flarimoniya bağında başıma gəlmişdi. Quşlara marağı olan biri kimi ilk ağlıma gələn isə bu tutuquşuların hardan gəldiyi idi…
Açığı bu suala hələ də tam cavab tapmamışam. Bu quşların təbii vətəni arasında Azərbaycan olmadığı məlumdur. Xalq arasında onların hansısa varlı biznesmen tərəfindən buraxıldığı kimi söyləntilər var. Bu nə qədər doğrudur bilmirəm. Lakin, onu bilirəm ki, yerli təbiətimizə aid olmayan bu növün mənfi təsirləri var. Bu yazıda bu təsirlərdən bəhs etmək istəyirəm.

© Imran Shah, Pakistan.
Tutuquşular ev şəraitində ən çox saxlanılan quşlardandır. Buna görə də müxtəlif tutuquşu növləri dünyanın dörd bir yanına (çox vaxt qaçaqmalçılıqla) aparılıb. Buna görə də 400-ə yaxın tutuquşu növündən ən azı 60-ı öz təbii areallarından kənarda çoxalan populyasiya formalaşdıra bilib. Ölkəmizdə gördüyümüz yaxalıqlı tutuquşu da ən uğurlu növlərdəndir. Təbii arealı Mərkəzi Afrika və Hind yarımadası olan bu növün fərdlərinə ABŞ-da, Avstraliyada, Avropanın əksər şəhərlərində, Ərəb yarımadasında, İranda, Türkiyədə və s. rast gəlmək olur. Bəzi hesabatlara görə Hindistanda hər gün 5000-ə qədər yaxalıqlı tutuquşu ev heyvanı kimi müxtəlif ölkələrə satılmaq üçün tutulur! Yuxarıda qeyd etdiyim, təbii arealın xaricindəki tutuquşular da məhz ev heyvanı kimi gətirilən və sonradan təbiətə yayılmış “qəfəs qaçqınlarıdır”.
Gələk əsas məsələ olan bu növün təsirlərinə… Bu növün müxtəlif yerli növləri yuvalama dövründə öldürdüyü qeydə alınmışdır. Maraqlısı budur ki, tutuquşuların öldürdüyü qeyd olunan növlər arasında dam bayquşu (lat. Athene noctua), adi muymul (lat. Falco tinnunculus) kimi yırtıcılar da var! Tutuquşuların bir digər mühüm mənfi təsiri digər növlərdən tez çoxalmağa başladığından (Fevraldan etibarən) yetişməmiş meyvə və toxumlarla qidalanaraq həm bitkilərin özünə, həm də qida ehtiyatı bu bitkilər olan yerli quşlar və digər növlərə zərər verməsidir. Həmçinin tutuquşular ağac oyuqlarında yuvaladığından oyuqlarda yuvalayan sığırçın, fitçi (sitta) kimi yerli növlərlə rəqabətə girir. Onlar digər quşların özləri üçün hazırladığı oyuqları (xüsusən ağacdələn) güclü dimdikləri ilə genişlədərək özünün istifadə edə biləcəyi ölçüyə qədər irililəşdirir. Tutuquşular yerli quş növləri ilə yanaşı süleysin, yarasa kimi yerli məməli növlərinin ağac oyuqlarındakı yuvalarını da işğal edir. Bu quşların yuvalama dövründə sincablara qarşı xüsusiylə aqressiv olduğu müşahidə olunmuşdur. Buna səbəb isə sincabların onların balaları ilə qidalanmasıdır. Bəzi alimlərə görə işğalçı tutuquşular yerli tozlayıcılar olan bal arılarının sayına da mənfi təsir edirlər.

© Frank Vassen, Beçika.
Digər zərəli təsirlərindən biri də tutuquşuların yerli quş növlərinə və insanlara xəstəlik yayma riskinin olmasıdır. İnsanlar üçün ən böyük mənfi təsir isə hər halda qışqırıqlarının yaratdığı səs çirklənməsidir. Yayıldıqları ölkələrdə tutuquşuların müxtəlif əkin sahələrinə, bağlara zərər verdikləri qeydə alınsa da ölkəmizdə yalnız Bakının parklarında rast gəlindiyindən belə təsir mövcud deyil.
Maraqlıdır ki, tutuquşuların ağac oyuqlarını genişləndirməsinin bəzi ölkələrdə alabaxta (lat. Columba palumbus) növünün yuvalama şansının artmasına səbəb olduğu qeyd olunmuşdur.
Ekoloji mənfi təsirlərinin daha çox olduğunu nəzərə alaraq ölkəmizdəki tutuquşu populyasiyasının nəzarətdə saxlanılması tövsiyyə olunandır. Saylarının hələ ki, çox olmadığı və digər populyasiyalardan nisbətən uzaqdakı parklarda eradikasiya olunmalarını da tövsiyyə etmək olar. Əlavə olaraq evdə saxlanılan tutuquşuların aid olmadıqları təbiətə yayılmasının qarşısını almaq üçün onların sahiblərini marifləndirmək və “pet shop“-lara ciddi nəzarət mexanizmləri vacibdir!
OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!
İstifadə olunan əsas ədəbiyyat:
Mattia Menchetti et al. (2016). Effects of the Recent World Invasion by Ring- Necked Parakeets Psittacula krameri. Problematic Wildlife. səh. 253-266. ISBN : 978-3-319-22245-5.
Leave a Reply