Qırmızı Kitab nadir növlərin mühafizəsi üçün olduqca vacibdir. Hər ölkədə olduğu kimi Azərbaycan Respublikası da qanunvericiliyin tələblərinə uyğun olaraq qırmzı kitabı yeniləyir və orda sadalanan növlərin mühafizəsinə zəmanət verir!
Bu yazıda Azərbaycan Respublikasının Qırmızı Kitabının 2023-cü ildə dərc olunmuş son nəşrində quşlar haqqında yer alan səhvlərə və elmi baxımdan şübhə doğuran məlumatlara diqqət yetiriləcək. Yazının yığcam qalması məqsədilə anlaşılan texniki xətalar, o cümlədən təkzib oluna bilməyən məlumatlar bu siyahıya daxil edilməyib, yalnız ornitoloji perspektivdən elmi faktlarla ziddiyyət təşkil edən məqamlar qeyd olunub.
Qeyd edim ki, Qırmızı Kitabın son nəşrinə 78 quş növü daxil edilmişdir.
QIZILQAZLAR DƏSTƏSİ:
Flaminqonun (qızılqaz) elmi adı səhv qeyd olunub. Qeyd olunan P.ruber Amerika flaminqosudur. Ölkəmizdəki flaminqonun elmi adı Phoenicopterus roseus-dur.

QAZKİMİLƏR DƏSTƏSİ:
1. Kiçik qu növünün nəşrdən öncəki son sayımlarda (2022-ci ildə) ümumiyyətlə Azərbaycanda qeydə alınmadığı yazılıb. Tərtibçilərin sayım vaxtı hansısa səbəbdən bu növü müşahidə etməməsi (?) növün ölkədə olmadığı mənasına gəlmir və belə bir ifadəni hüquqi əhəmiyyəti olan sənədə əlavə etməyə zəlalət vermir! Təkcə eyni ilin payızında Beşbarmaqdakı köç sayımlarında 200 fərd qeydı alınıb, növbəti aylarda qışlayan dəstələrin müşahidələri mövcuddur! Hər il ölkəmizdə 200-500 fərdinin köç və qışlama vaxtı müşahidə olunduğunu deyə bilərik.
2. Qırmızıdöş qaz üçün sayının 50 fərdi keçmədiyi yazılsa da il ərzində maksimum say heç 10 fərd deyil!
3. Uzunquyruq və qılquyruq ördəklərin son illərdəki müşahidələri qeyd olunmayıb (Uzunquyruq 2 fərd – 2018, qılquyuruq 2 fərd – 2018, 4 fərd – 2024).
Qeyd: Qazkimilərdən Azərbaycan üçün daha nadir olan harayçı qu, qara qılquyruq (sinqə), Tundra və Tayqa əkin qazları kimi növlər də əslində mühafizə olunan növlər siyahısını daxil edilməli idi.
YIRTICI QUŞLAR:
Ümumiyyətlə yırtıcı quşlar hamısı Qızılquşkimilər (Falconiformes) dəstəsində qeyd olunub. Halbuki bu təsnifat illər öncə dəyişib və ölkəmizdə sayca yırtıcı quşların əksəriyyətinin olduğu Qırğıkimilər (Accipitriformes) ayrıca dəstə hesab olunur.
1. Qara çalağanın qışlamada tək-tük olduğu qeyd olunur. Amma bu yanlışdır. təkcə eBird platformasında qış aylarında onlarla fərdin müşahidəsi var (maksimum dəstədə 24 fərd). Ümumiyyətlə bu növ Qırmızı Kitabda olacaq qədər nadir deyil (yalnız çoxalma populyasiyası tək-tük fərddən ibarətdir və artmaqdadır)
2. Berkut qartalının sayı cəmi 15 cüt kimi qeyd olunsa da reallıqda bu rəqəm yüksəkdir amma yenə də <50 cüt-dür.
3. Ütəlgi qızılquşları əslində ölkəmizdə təkcə qışlayan yox, həm də azsayda (1-3 cüt) çoxalan növdür.
4. Kitabdakı ən absürd statistikalardan biri Aralıq dəniz qızılquşunun Azərbaycanda 50-60 cütünün olduğunun qeyd olunmasıdır. Ümumiyyətlə bu növün son illərdə ölkəmizdə çoxaldığını təsdiqləyən fotofakt, müşahidə yoxdur! Nəyinki Azərbaycanda, ümumiyyətlə Qafqazda bu növ çox nadir və tükənmə həddində hesab olunur. Əksər müşahidələr bu növün ütəlgi ilə səhv salınmasından qaynaqlanır.
İstənilən halda bu növ sayı 20-30 cüt qeyd olunan şahindən daha azdır!
Qeyd: Qırmızı Kitaba ölkəmiz üçün daha nadir olan növləri, məsələn uzunquyruq qartalı, çəmən belibağlısı (çoxalan populyasiya), Türkistan qırğısını (sayı heç 30 cüt deyil!), gecə yırtıcı quşlarından (bayquşlar) iri yapalağı əlavə etmək daha məntiqli olardı.
TOYUQKİMİLƏR DƏSTƏSİ:
1. Qafqaz tetrası və Qafqaz ularının qeyd olunan saylarının (uyğun olaraq 2500-4500 fərd və 100-300 cüt) reallıqdan çox olduğunu düşünürəm.
2. Bənzər şəkildə Xəzər ularının sayının Səhra balakəkliyindən daha çox qeyd olunması təqdim olunan sayların heç bir reallığı əks etdirmədiyini göstərir (müvafiq olaraq 100-150 cüt və 40-50 cüt)
3. Talış qırqovulunun fotosu bu yarımnövə aid deyil, Almaniyada çəkilib.


© parham_beyhaghi / iNaturalist
DURNAKİMİLƏR DƏSTƏSİ:
1. Ağ durnanın sayı 1-3 fərd kimi qeyd olunub amma 2007-ci ildən bəri ölkəmizdə yalnızca bir erkəyin (Ümid) qeydə alındığı məlumdur. Bu növün Azərbaycanda nəsli tükənib!
Haşiyə: Axırki illər sonra Azərbaycanda qışlayan Qafqaz durnaları (Boz durnanın nadir G.g.archibaldi yarımnövü) haqqında məlumat da Qırmızı Kitabda öz əksini tapıb.
2. Sultan quşunun elmi adı səhv qeydə olunub. Bizdəki növ P. poliocephalus-dur.
CÜLLÜTKİMİLƏR DƏSTƏSİ:
1. Artıq dünyada nəsli tükənmiş hesab edilən kiçik əyridimdik adıyla bölüşülən foto böyük əyridimdik növünə aiddir.


2. Sağsağani cüllütün 1 cütünün qeydə alındığı vurğulanır. Amma real çoxalma populyasiyası daha yüksəkdir.
Qeyd: Yenə ölkəmiz üçün daha nadir cüllüt növləri olan Asiya qonurqanadı, Mahmızqanad cüllüt, Xəzər bozcası, iri meşə cüllütü, İslandiya qumluq cüllütü kimi növlərin Qırmızı Kitaba daxil edilməsi düşünülə bilər.
SƏRÇƏKİMİLƏR DƏSTƏSİ:
1. Aladöş çərənçi və Ağboğaz bülbülün Naxçıvan MR-da qeydə alındığı vurğulansa da Zuvandda rast gəlindiyi qeyd edilməyib.
Qırmızı Kitabda olmayan əlavə nadir növ və yarımnövlər:
Aşağıda sadalanan növ və yarımnövlər ölkəmizdə məhdud areala sahib olduqları və ya təsadüfən rast gəlindikləri üçün növbəti Qırmızı Kitab üçün (ən azı çəhrayı siyahı) yaxşı namizədlərdir:
İri ağacdələn (poelzami yarımnövü), Hirkan arıquşu, kiçik tarla torağayı, ağqanad torağay, ardıc quşu, sarı çaydaçapan (leucocephala yarımnövü), qaradöş qaratoyuq, Qafqaz yarpaqgüdəni (lorenzi yarımnövü), iri mərciməkquşu, kəkilli arıyeyən və s.
Leave a Reply