Edvard Menetries (fr. Édouard Ménétries, 1802-1861) Fransız entomoloqu, zooloqu və herpetoloqu idi. O, daha çox Rusiya Entomologiya Cəmiyyətinin qurucusu kimi tanınır.

Jorj Küvye və Pyer Andre Latreylin tələbəsi olan Menetries 1832-ci ildə “Qafqaza və İran sərhədlərinə səyahət zamanı toplanmış zooloji obyektlərin kataloqu” (Sankt-Peterburq, 271 səh.) əsərini dərc edir. Əsərdə MƏMƏLİLƏR haqqında o yazırdı:

Məməliləri bu cür səyahətlər zamanı tapmaq çətindir, çünki qısa müddət ərzində kifayət qədər böyük məsafələri qət etmək lazımdır. Üstəlik, bu bölgələrdə növlərin sayı çox deyil və çöllərdə çoxlu sayda Mus, Arvicola və s. və digər gəmiricilər müşahidə olunsa da, onlar nisbətən az sayda növə aiddirlər.
Daha böyük heyvanlara gəldikdə isə, onlar çöllərdə çox deyil və demək olar ki, yalnız qışda əldə edilə bilər. Keçdiyim hər yerdə kolleksiyalarımı artırmaq üçün bazarlara, xəz satıcılarına və oxşar yerlərə baş çəkirdim. Orada belə tacirlərin hesabatlarına nə qədər az etibar etməli olduğumu görmək üçün xüsusi bir fürsətim oldu. Onlar heyvan dərilərini adətən Nijni Novqorodda keçirilən yarmarkalardan alırlar və bu əşyaların haradan gəldiyini bilmək onlar üçün az əhəmiyyət kəsb edir. Onlara verilən suallara tez-tez təsadüfi cavab verirlər və əlavə izahat istədikdə, sizi qane edə bilmədiklərini etiraf edirlər. Bu şəkildə bir neçə heyvan səhvən Qafqazdan gəldiyi kimi göstərilib, orada isə onlara qətiyyən rast gəlinmir.
Həm ölkə sakinlərinin, həm də bir neçə ildir orada yaşayan rus ovçularının verdiyi məlumatlar əsasında bu heyvanların yaşayış yerini daha dəqiq müəyyən etməyə çalışdım. Müşahidələrimi bu heyvanlarla bağlı məqalələrdə qeyd edəcəyəm.
Yarasalara Qafqazda və Lənkəranda rast gəlinir, lakin çox az sayda; və onları axtarmadığım bir axşam belə olmasa da, Vespertilio cinsinə aid yalnız üç növ toplaya bildim.
ERINACEUS EUROPAEUS, Linn. ADİ KİRPİ
Bu növ Qafqazda 8000 fut yüksəkliyə qədər rast gəlinir. Həmçinin Bakı yaxınlığındakı bağlarda da rast gəlinir.
ERINACEUS AURITUS, Gmel. (Pall. Zoogr. Russ. Asiat., T. I, s. 138.) UZUNQULAQ KİRPİ

Yayda Bakıdan təxminən otuz verst aralıda, eləcə də dənizə yaxın meyvə bağlarında çox yayğındır. Mən onu Lənkəranda müşahidə etmədim və Qafqazda rast gəlindiyinə inanmıram, baxmayaraq ki, bir neçə nəfər onu orada görüldüyünü iddia edirlər.
TALPA EUROPAEA, Linn. ADİ KÖSTƏBƏK
Lənkəranda, xüsusən də bağların yaxınlığında nadir deyil.
QONUR AYIYA Qafqaz dağlarının ətəyindəki meşələrdə rast gəlinir.
MELES VULGARIS, Briss. Desm. 266. Ursus meles, Linn. PORSUQ
Qafqazda kifayət qədər yayğındır. Kazaklar onun dərisindən silah örtükləri düzəltmək üçün istifadə edirlər.
MUSTELA VULGARIS, Linn. MEŞƏ DƏLƏSİ
Dr. Conradi yanvar ayında Qafqaz mineral suları yaxınlığında ağ bir fərdi öldürdü.
MUSTELA FOINA, Linn. DAŞLIQ DƏLƏSİ
Mən bir neçə dəfə onun dərisini aldım və onların Qafqaz dağlarında tutulduğuna əmin oldum.
LUTRA VULGARIS, Erxl. (Mustela lutra, Linn.) SU SAMURU
Qafqaz dağlarından yalnız zədələnmiş dərilər əldə edə bildim. Başqa bir növün mövcudluğundan şübhələnirəm, onlardan yalnız dərilərini gördüm; quyruğu da daxil olmaqla, onların uzunluğu beş futdan çox idi və rəngləri daha açıq idi. Tatarlar onları daha yüksək qiymətləndirirlər. Bir dərinin qiyməti 80 rubla qədər ola bilər, adi növ isə cəmi 18-20 rubla satılır.
CANIS AUREUS, Linn. ÇAQQAL
Bu növ Lənkəranda çox yayğındır. Gecələr meşələri tərk edir və dənizin yaxınlığındakı çöllərdə gəzir. Çox cəsarətlidir və mən onu gündüzlər evlərdən əlli addım məsafədə, quş əti oğurlamaq üçün fürsət axtararkən gördüm. Bir dəfə hətta gecələr on addım məsafədən adamlarımızın çəkmələrini apardılar. Onlar itlərdən çox qorxurlar. Gecələr çoxlu sayda toplaşırlar, amma gözətçi itə hücum etməyə cəsarət etmirlər. Onların kədərli qışqırıqları haqlı olaraq döyülən gənc oğlanların qışqırıqları ilə müqayisə edilir. Onlar asanlıqla tələyə düşürlər. Əvvəllər Dərbənd yaxınlığında çox sayda olduqları deyilirdi, amma mən orada heç birini görmədim və eşitmədim. Qmelin bildirir ki, onlar bir vaxtlar dörd-beş yüz baş sürü şəklində toplaşıblar ki, bu da indi çətin ki, mümkün olsun. Mən inanmıram ki, bu növ Qafqazda, bəlkə də Quba yaxınlığındakı meşələrdə rast gəlinir.
CANIS VULPES, Linn. TÜLKÜ
Qafqazda çox yayılıb, burada tazılarla ovlanır. Rəngində böyük dəyişikliklər göstərir, yəqin ki, yaşadığı müxtəlif yüksəkliklərə görə. Mənə dedilər ki, yüksək Qafqaz Alp dağlarında qara tülkülər, ehtimal ki, Canis alopex, Linn öldürülüb.
CANIS MELANOTUS, Pall. Zoogr. Ross. Asiat. T. I, səh. 44. QARA TÜLKÜ?
Qızılyar bazarlarında çox sayda dəri görülüb, onların mənşəyi Kuba dağlarındandır. Ruslar onu Karagan adlandırırlar. Kizlyar və Novoçerkassk bazarlarında Korsak adı ilə satılan dərilər Canis corsac, Linn (Korsak tülküsü) kimi görünür.
CANIS LUPUS, Linn. CANAVAR
Qafqazın şərq yamaclarında və hətta Talış xanlığının meşələrində nadir deyil. Lənkəranda onun dərisinin qiyməti cəmi 6-8 rubldur.
HYAENA VULGARIS, Desm. 331. (Canis hyæna, Linn.) ZOLAQLI KAFTAR
Deyilənə görə, hər qış Talış dağlarında bəzi fərdləri ovlanır.
FELIS TIGRIS, Linn. PƏLƏNG
Lənkəranda olduğumuz müddətdə on beş verst aralıda öldürülmüş bir pələng əldə etmək şansım oldu. Xüsusilə də kəllənin müayinəsinə əsasən, Doktor Pander bunu təsdiqlədi ki, bu, dişi idi. Ölçülər: burnunun ucundan quyruğun dibinə qədər, 5 fut 2 düym; çiyininin yuxarı hissəsindən caynaqlarına qədər, 2 fut 2 düym 6 xətt. Ehrenberq öz əsərində Sibir pələngləri haqqında geniş məlumat vermişdir. Bu pələnglər nə Sibir pələngindən, nə də Benqal pələngindən fərqlənmir. Görünür, bu bölgədə hər il ən azı bir pələng öldürülür. Bəlkədə ovçuların təqibinə məruz qalan bu heyvanlar Kürün sahilindəki meşələrə və çöllərdə özlərinə sığınacaq tapırlar.

Bir çox müəllif onun Qafqazda tapıldığını iddia etsə də, mən onun tapıldığına inanmıram; araşdırmalarıma baxmayaraq, onu orada gördüyümə zəmanət verə biləcək heç kim tapmadım. Avropaya (bizə) çatan dərilər, ehtimal ki, Gürcüstandan gəlib və bir neçə təbiətşünas bu bölgələrə Qafqaz adını tətbiq etdiyindən, şübhəsiz ki, Qafqazda pələnglərin olması ilə bağlı ümumi qəbul edilmiş yanlış təsəvvürün mənşəyi budur. Eyni şey Dərbənd, Qızılyar və s. bazarlarında qalıqları tapılan bu növ digər böyük pişiklər üçün də keçərlidir. Təkrar edirəm, xəzlərin böyük hissəsi Nijni Novqorod yarmarkasından gəlir; bundan əlavə, zabitlərin və hətta əsgərlərin demək olar ki, hamısı ovçu olduğu Qafqazdakı hərbi cəbhədə bu qədər böyük heyvanlar haqqında necə eşitməmək olardı?
Mən həmçinin Qızılyar bazarlarında BƏBİR dəriləri (felis leopardus, schreb.-pardus, Cuv.) gördüm və ilk baxışdan onların Qafqazdan gəldiyini eşitdim; amma tezliklə onların Sibirdən gəldiyinə əmin oldum.
FELIS CATUS, Linn. (ferus) MEŞƏ PİŞİYİ
Rusların onu “vəhşi pişik” adlandırdığı Qafqaz meşələrində nadir hal deyil. Qışda o, yemək axtarmaq üçün çöllərə enir.
FELIS CERVARIA, Tem. VAŞAQ
Mən Qafqaz dağlarından gəldiyi dəqiq deyilən dəriləri Bakıdan aldım. Farslar onu “varşaq” adlandırırlar.
CALOCEPHALUS VITULINUS? Fr. Cuv. (Phoca vitulina, Linn.; Phoca canina, Val.) XƏZƏR SUİTİSİ
Ehrenberq bu suitinin fərqli bir növ təşkil edə biləcəyinə inanır. Xəzər dənizində yalnız bu növ ovlanır. Suiti ovu adalar və qayaların yaxınlığında çoxlu kiçik qayıqlarla sakit şəkildə aparılır. Farslar inanırlar ki, təzə öldürülmüş suiti sahildə qalsa, kiçik bir heyvan gəlib onun beynini yeyəcək.
CERVUS ELAPHUS, Linn. NƏCİB MARAL
Qafqazın yüksək bölgələrində kiçik sürülərdə görülür.
CAPREOLUS VULGARIS, Linn. CÜYÜR
Talış nümunələri tipik formadan bir qədər fərqlənir, lakin onları ayırmaq üçün kifayət deyil.
ANTILOPE SUBGUTUROSA, Guldt. CEYRAN
Dişilərin buynuzu olmur. Bakıdan Kür çayına qədər Xəzər çölləri boyunca qışda çox yayılmışdır. Onlar kiçik sürülər halında hərəkət edirlər. Ovçu onlara 150 fərsəx yaxınlaşanda sakit dayanırlar. Dərisi əladır! Bakıda bəzən güllə izi olmayan dərisiniz 3 rubla satırlar. Onları asanlıqla ələ öyrətmək olur. Bir dəfəsində 6 aylıq iki bala aldım və onları hara istədin buraxmaq olurdu.
CAPRA AEGAGRUS, Pall. DAĞ KEÇİSİ
Qafqaz Alplarında nadir deyil, yalnız qışda aşağı enir.
VƏHŞİ ÖKÜZLƏRƏ (Bos urus, Bodd.) artıq Qafqazda rast gəlinmir və ya son 60-80 ildir yoxdurlar. Lənkəranda öküzün bir sortunun (Bos taurus Lin.) bəzən tək-tək fərdlərinə rast gəlinir. Adi öküz 30-40 rubl olsa da, bu canlının dəyəri 100 rubldur. Adi öküzdən balacadır, tüklü dərisi var. Rəngləri müxtəlifdir. Əsasən canlı qəhvəyidir, buynuzları öküzdən uzun və daha çox qıvrılmış olur. Çiyinlərinin üstündə üçbucaqvari, uzun qılllarla örtülü çıxıntı var. Bu hissə tamamilə yağdan ibarətdir və yorulanda dəvədəki kimi sallanır. Onu da vurğulamaqda fayda var ki, bu yağ kisəsi erkəklərdə dişilərə nisbətən daha iri olur.
Olduqca güclü olan bu öküzləri vəhşi halda Lənkərandan 60-80 verst uzaqda, Fars teritoriyasında, xüsisilə Rəşt yaxınlığında dağda tapmaq mümkündür.

Müşahidə edilən ev heyvanlarına Xəzər çöl mühitinə uyğunlaşmış dəvələr, camışlar, mal-qara, atlar, kök quyruqlu qoyunlar və eşşəklər daxildir.
SCIURUS VULGARIS, Linn. ADİ SİNCAB
Cənubi Qafqaz meşələrində olduqca nadirdir.
SPERMOPHILUS MUSICUS, mil. QAFQAZ SÜBBÜLQIRANI
S. citillus-dan bir qədər kiçikdir. Əbədi qarın yaxınlığındakı ən yüksək Qafqaz dağlarında yaşayır. Yuvaları dayazdır və quş kimi civildəmə səsi çıxarır.
DIPUS JACULUS, Linn. (Mus jaculus, Pall.) ƏRƏBDOVŞANI
Xəzər sahili boyunca nadirdir, iyun ayında Bakı yaxınlığında tapılır.
CRICETUS NIGRICANS, Brandt. DAĞ SİÇANCIĞI (XOMYAK)
Cricetus vulgaris ilə yaxın qohumdur, lakin bir qədər kiçikdir. Qafqaz dağlarında tapılır.
MUS SYLVATICUS, Linn. “MEŞƏ SİÇANI“
Talış dağlarında ağacsız ərazilərdə geniş yayılmışdır.
MUS MESSORIUS, Schaw. SİÇAN NÖVÜ
Qafqaz dağlarının ətəyindəki çöllərdə çox geniş yayılmışdır.
MYOXUS GLIS, Schreb. SÜLEYSİN
Hərbi xətt boyunca Qroznaya yaxınlığında toplanıb.
ARVICOLA SOCIALIS, Desm. İCTİMAİ ÇÖL SİÇANI
Talış dağlarında çox yayılmışdır. Daşların altında yaşayır və bir-birinə bağlı dayaz yuvalar qurur.
LEPUS TIMIDUS, Linn. ÇÖL DOVŞANI
Qafqazda yeganə dovşan növü kimi görünür və çox yayılıb. Ağ fərdlərə daimi qarın yaxınlığında rast gəlinir.
VESPERTILIO SEROTINUS? YARASA NÖVÜ
Qulaqlar üçbucaqlıdır; tragus dar, ucu yuvarlaq, xarici kənarı bir az çivilidir. Quyruğu budlararası membrandan kənara çıxır. Bədənin yuxarı səthi dişilərdə açıq qəhvəyi, erkəklərdə isə daha qırmızıdır; alt tərəfi solğun qəhvəyi rəngdədir, arxa tərəfindəkindən daha qısa tüklərə malikdir. Pərdələr və qulaqlar qara rəngdədir. Bu növ Talış dağlarındakı meşələrdə çox yayğındır və may ayında gecə uçur.
VESPERTILIO № 2 YARASA NÖVÜ
Qulaqlar, quyruq və pərdələr əvvəlki növdəki kimidir; arxası tünd qırmızı, qarnı isə bir qədər açıqdır, lakin heyvanın ölçüsü yalnız onun yarısı qədərdir. Alaqaranlıqda əvvəlki növlə eyni yerlərdə uçur.
Leave a Reply