Göyərçinlər şəhərlərdə ən çox gördüyümüz quşlardan biridir. Amma çox az adam bilir ki, şəhərlərdə gördüyümüz göyərçinlər əslində vəhşi quş deyil. Onlar bir vaxtlar insanların əhliləşdirdiyi ev heyvanlarının nəslidir.
Şəhər göyərçinlərinin əcdadı çöl və ya qaya göyərçini (Columba livia) adlanan növdür. Lakin əhilləşdirdiyimiz göyərçinlərin xidmətlərinə ehtiyacımız olmadıqda onları təbiətə buraxmışıq, beləcə onlar vəhşiləşmiş (feral) şəhər göyərçini populyasiyasına çeviriliblər. Bundan sonra şəhər göyərçini dedikdə məhz bu quşlar nəzərdə tutulur. Vaxtilə Çarl Darvin də öz “Əhliləşdirmə altında heyvanların və bitkilərin dəyişməsi” əsərində çöl göyərçinlərini müxtəlif ev göyərçini cinsləri ilə müqayisə etmişdi.

Bugün isə dünyada nə qədər çöl göyərçini qaldığı, onların nə vaxt əhilləşdirildiyi hələ tam öyrənilməyib. Buna baxmayaraq, bu quşlar bəşəriyyət tarixində böyük rol oynayıblar. Neandertalların hələ 67.000 il əvvəl çöl göyərçinlərini ovladıqları belə bilinir.
Çöl göyərçinləri şəhər və ya ev göyərçinlərindən nə ilə fərqlənir?

Çöl göyərçinlərini onların çoxsaylı şəhər göyərçini qohumlarından ayırmaq, hətta təcrübəli quş müşahidəçiləri üçün belə çətindir. Bu qarışıqlığı daha da artıran amil odur ki, şəhər göyərçinləri getdikcə daha çox çöl göyərçinlərinin təbii yaşayış yerlərində də görünür.
Şəhər və ev göyərçinləri müxtəlif rəng və lələk naxışlarına malik ola bilər. Çöl göyərçinləri isə demək olar ki, həmişə “kəmərli mavi” (blue bar) adlanan klassik vəhşi rəng naxışına malik olur. Araşdırmalar göstərir ki, koloniyaları ayırmaq üçün bu xüsusiyyət bəzən kömək edir: əgər populyasiyada bütün fərdlərin naxışı eynidirsə, böyük ehtimalla bu populyasiya vəhşi mənşəlidir.

Lakin məsələ o qədər də sadə deyil. Çünki bir çox şəhər və ev göyərçinləri də eyni “kəmərli mavi” rəng naxışına sahib ola bilər. Bu səbəbdən tək bir quşa baxaraq onun çöl göyərçini olub olmadığını müəyyən etmək çox çətindir.
Morfoloji araşdırmalar göstərir ki, çöl göyərçinlərinin dimdiyinin üzərindəki ağ hissə (cere) daha kiçik olur, alın hissəsi daha yumru görünür və dimdikləri şəhər və ya ev göyərçinləri ilə müqayisədə daha incədir.

Bu növ təbii olaraq qayalıq sahələrdə yaşayırdı. Onun arealı Şimali Afrika, Yaxın Şərq və Avrasiyanın bəzi hissələrini əhatə edir.

Təbiətdə çöl göyərçinləri qayaların yarıqlarında yuva qururdu. Əhliləşdirilmiş göyərçinlər əsirlikdən qaçaraq şəhər göyərçini populyasiyalarını formalaşdırdıqda, şəhərlər çöl göyərçininin təbii yaşayış mühitinə çox bənzər şərait yaratdı. Körpülər, dam boşluqları və hündür binalar onların vəhşi əcdadı olan qaya göyərçini üçün tipik olan mağara və qayalıqları xatırladır.
Günümüzdə şəhər göyərçinləri onlarla müxtəlif rəng formasında (morf) olurlar. Polşada aparılan bir araşdırmaya görə antropogen qida mənbələri (yəni insanlar tərəfindən yaradılan və ya təmin edilən qida) qara rəngli morfların sayının, həmçinin qara və qırmızı morfların payının artması ilə müsbət əlaqə göstərir. Mavi morfun (klassik “çöl göyərçini” rəng tipinin) sayı hündür binaların orta səviyyədə olduğu ərazilərdə maksimuma çatırdı, lakin onların ümumi populyasiyadakı payı azalırdı.
Göyərçinlərin başqa maraqlı xüsusiyyəti də var. Onlar zoblarında “göyərçin südü” adlanan xüsusi bir maddə ifraz edə bilirlər. Bu maddə sayəsində göyərçinlər şəhər küçələrində tapdıqları qida qalıqlarını balaları üçün yüksək qidalı yemə çevirə bilirlər.
Göyərçinlərin əhliləşdirilməsi minilliklər əvvəl başlayıb. Arxeoloji sübutlar göstərir ki, çöl göyərçini ilk dəfə təxminən 3.000–10.000 il əvvəl ya Aralıq dənizi hövzəsində, ya da Neolit inqilabı ilə birlikdə “Bərəkətli Aypara” (Yaxın Şərq) bölgəsində əhilləşdirilmişdir. Tam dəqiq vaxtı bilinməsə də tarixi mənbələr göstərir ki, insanlar onları Qədim Misir və Mesopotamiya dövrlərində saxlayırdı.
Göyərçinlər bir neçə səbəbə görə çox dəyərli idi:
• Qida – ət və yumurta üçün saxlanılırdı
• Poçt xidməti – güclü istiqamət tapma qabiliyyətinə görə mesaj daşıyırdılar
• Gübrə – göyərçin peyini kənd təsərrüfatında qiymətli sayılırdı
Xüsusilə “poçt göyərçinləri” yüz illər boyu insanlar üçün vacib kommunikasiya vasitəsi olub. Hətta müharibələrdə belə istifadə olunub.
Şəhərlərə necə yayıldılar?
Zaman keçdikcə insanlar bəzi göyərçinləri azad buraxdı və ya onlar qaçdı. Əhliləşmiş quşlar yenidən vəhşiləşdi və şəhərlərdə yaşamağa başladılar
Şəhərlər onlar üçün ideal mühit idi:
• Binalar qayalıqları xatırladır
• İnsan fəaliyyəti çoxlu qida yaradır
• Yırtıcıların sayı nisbətən azdır
Beləliklə, bu gün parkda və ya şəhər mərkəzində gördüyümüz göyərçinlər əslində bəhsini etdiyimiz əhilləşdirildikdən sonra təbiətə buraxılmış göyərçinlərin nəslindəndir.
Paradoks ondadır ki, bir vaxtlar insanların böyük dəyər verdiyi bu quşlar bu gün çox vaxt “zərərverici” kimi qəbul edilir. Halbuki onların şəhərlərdə bu qədər çox olmasının səbəbi məhz insan fəaliyyətidir. Başqa sözlə, göyərçinlər şəhərləri özləri seçməyib. Biz onları əhliləşdirmişik, sonra isə tərk etmişik.
Leave a Reply