Vaxtilə ölkmizdə yaşamış və nəsli tükənmiş Turan (həmçinin, Xəzər, Hirkan) pələngləri ilə bağlı geniş yazımı TURAN PƏLƏNGLƏRİ İNCƏSƏNƏTDƏ altbaşlığl ilə sonlandırmışdım.
Maraqlıdır ki, bu pələnglər qədim incəsənət nümunələrində digər iri pişikkimilərə (şir və bəbir) nisbətən daha nadirdir. Lakin, 1960-cı ildə İranın Gülüstan əyalətindəki (Qorqan bölgəsində) Yarımtəpədə bir pələngin keramika fiqurcuğu qazılmışdır. Arxeoloqlar hesab edirlər ki, o ehtimal ki, eramızdan əvvəl 3500-3100-cü illərə aiddir. Bu, onu ən qədim pələng təsvirlərindən biri halına gətirir. Heykəlciyin dəqiq məqsədi məlum olmasa da, Yarımtəpədə yaşayan insanların kimliyində rol oynamış olmalıdır.

Qədim Hirkaniyada (Talış dağları) yaşayan pələnglər uzun müddətdir qədim Romalılara məlum idi. Biz bunu onların qədim şeirlərində yaxşı görürük. Bəzi nümunələr:
Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şairi Vergili (E.ə. 70-19-cu illər) yazdığı Eneida dastanında Dido Eneyə belə səslənir:
“Yalançı, sənin anan heç bir ilahə deyildi, nə də nəslinin banisi Dardan idi. Səni sərt qayaları üzərində kobud Qafqaz dünyaya gətirdi, Hirkaniya pələngləri isə sənə süd verdi.”
Eyni şəkildə, təxminən 61–65-ci illərdə Lucanus tərəfindən yazılmış “Vətəndaş müharibəsi” (Pharsalia) əsərində Yuli Sezar rəqibi Pompeyi pələngə bənzədir:
“Necə ki, Hirkaniya meşələrində anasının ardınca yuvasından yuvaya gedən və kəsilmiş mal-qaranın qanını doyunca içən vəhşi pələng sonradan heç vaxt öz amansızlığını itirmir, eləcə də vaxtilə Sullanın qılıncını yalamağa öyrənmiş Maqnus hələ də qana susamışdır!”
Təxminən otuz il sonra isə Statius-un Thebaid əsərində Eteokl düşmənlərini pələnglərə bənzədir:
“Pelasqlara qarşı hələ də mərhəmət və insanlıq göstərən varmı? İndi onlar qarmaqvari dişləri ilə bədən üzvlərini parçalayırlar. Necə bir dəlilikdir bu! Məgər silahlarımız onları kifayət qədər doyurmadımı? Yoxsa siz elə düşünürsünüz ki, biz Hirkaniya pələngləri ilə vuruşuruq, Liviyanın vəhşi şirləri ilə döyüşürük?”

Görünür Romalılar üçün Hirkaniyada pələnglərin olması ümumi məlumata çevrilmişdi. Belə ki, qədim tarixçilərdən Pomponi Mela, Böyük Plini, Qay Yuli Solin (Solinus) və Ammianus Marcellinus hamısı Hirkaniyanın pələnglərin vətəni olduğunu xüsusi qeyd edirdilər.
Əslində, pələnglərlə Yaxın Şərq hökmdarları arasındakı əlaqə yəqin ki, Navkratiyalı Afiney tərəfindən qeyd olunan bir hadisədən yaranmışdı. Onun yazdığına görə qədim Aralıq dənizi dünyasına gətirilən ilk pələng I Selevk Nikator tərəfindən Atena şəhərinə gətirilmişdi. Afiney bu məlumat üçün mənbə kimi komediya yazıçısı Filimona istinad edir. Filimon ən azı e.ə. 330-cu ildən ölümünə qədər, yəni e.ə. 262-ci ilə qədər Afinada yaşamışdı və ola bilsin ki, sərkərdə Selevkin gətirdiyi həmin pələngi öz gözləri ilə görmüşdü. Lakin o, bu pələngin haradan gətirildiyini demir. Ən yaxın mənbə şübhəsiz ki, Hirkaniya idi; əks halda heyvanın bütün yolu Hindistandan gətirilməsi lazım gələrdi.
Yarımtəpə pələngi haqqında
Yarımtəpə yaşayış məskəni 1960-cı ildə David Stronach tərəfindən British Institute of Persian Studies adından bir mövsüm ərzində qazılmış, 1962-ci ildə isə Metropolitan Museum of Art ilə əməkdaşlıq çərçivəsində ikinci qazıntı mövsümü həyata keçirilmişdir
Məkan müasir Gonbad-e Kavus şəhərindən təxminən 10 km cənubda, Golestan əyalətində yerləşir. Təpə formalı bu yaşayış yeri təxminən 180 metr diametrə malik kiçik bir höyükdür. Qarasu çayı höyüyün şimal yamacını aşındırdığından (məhz buna görə də məskənin adını yerli türklər “yarım təpə” adlandırır), arxeoloqlar stratigrafiyanı aydınlaşdırmaq üçün həmin hissədə pilləli xəndək qazmışdılar.
Tapılmış bu fiqurun pələng kimi identifikasiya edilməsi, etiraf etmək lazımdır ki, həm zəif qorunmuş vəziyyətdə olması, həm də müqayisə edilə biləcək oxşar nümunələrin olmaması səbəbindən çətinləşir. Keramik heyvan fiqurları Iran ərazisində Neolit dövründən etibarən uzun tarixə malikdir. Lakin pələngləri açıq şəkildə təsvir edən başqa nümunələr məlum deyil. Bunun səbəbi böyük ehtimalla pələnglərin yaşayış arealının əsasən Alborz dağlarının şimalı ilə məhdudlaşmasıdır. Bu bölgələrdə isə İranın digər hissələri ilə müqayisədə daha az arxeoloji qazıntılar aparılmışdır.
Qazıntıların nəticələri yalnız qısa şəkildə dərc olunduğundan, məskənin xronologiyası hələ ilkin hesab edilir və bölgədəki digər yeni tədqiqatların nəticələrinə uyğun yenidən qiymətləndirilməlidir.
Ən qədim təbəqələr Neolit dövrünə, yəni e.ə. V minilliyə aiddir. Uzun müddət tərk edildikdən sonra məskən Son Xalkolit dövründə, ehtimal ki, e.ə. təxminən 3500-cü ildən başlayaraq yenidən məskunlaşmış və bu mərhələ e.ə. təxminən 2000-ci ilə qədər davam etmişdir. Bundan sonra ərazi yenidən boş qalmışdır.
Üçüncü və son yaşayış mərhələsi isə Dəmir dövründə, təxminən e.ə. 1000-ci ildə başlamış və təxminən e. 224-cü ilə qədər davam etmişdir.
Mənbələr:
Colburn H. P. (2025).The first Hyrcanian tiger? A unique figurine from Yarim Tepe, Iran. Anthropozoologica 60 (10): 131-142. https://doi.org/10.5252/anthropozoologica2025v60a10. http://anthropozoologica.com/60/10
Schneider, P. (2024). Yunan pələnglərindən Roma pələnglərinə (e.ə. 4-cü əsr – e.ə. 2-ci əsr). C. Chandezon, B. D’Andrea və A. Gardeisen (red.), Aralıq dənizində heyvan dövriyyəsi və zoocoğrafiya. Roma: Roma Fransız Məktəbinin nəşrləri. link
Leave a Reply