Mifologiya ilə paleontologiyanın yolları harada kəsişir? Qədim insanlar dağlarda, mağaralarda və çay yataqlarında tapdıqları nəhəng sümükləri görəndə nə düşünürdülər? Onlar bu qalıqların milyonlarla il əvvəl yaşamış heyvanlara aid olduğunu bilmirdilər. Bəlkə də buna görə həmin sümüklər qəhrəmanlara, divlərə və canavarlara çevrilirdi.
Bu sual məni iki böyük mətn arasında qəribə bir körpü görməyə vadar edir: Homerin Odisseyasındakı Polifem və Kitabi-Dədə Qorquddakı Təpəgöz. Aralarında min kilometrlərlə məsafə, fərqli dillər və fərqli mədəniyyətlər var. Amma hər ikisi eyni qorxunu təcəssüm etdirir: alnının ortasında tək gözü olan nəhəng insan yeyən məxluq.

Birinci əsərdə Odissey və yoldaşları Siciliya yaxınlığındakı bir adada mağaraya sığınırlar. Mağaranın sahibi Polifem adlı siklopdur. O, qonaqları əsir alır, bir qismini yeyir və mağaranın girişini nəhəng daşla bağlayır. Odissey isə özünü “Heç kim” adlandırır, Polifemi sərxoş edir, sonra iti dirəklə onun tək gözünü kor edir və qoyunların altına gizlənərək qaçır. Bu epizod Qərb ədəbiyyatının ən məşhur səhnələrindən biridir.

Lakin sikloplar (təpəgözlər) həmişə belə təsvir olunmayıb. Siklopların ən qədim yazılı qeydini Hesiodun Teoqoniya əsərində (e.ə. VIII–VII əsrlər) görürük. Burada onlar qorxunc divlər deyil, ilkin kosmik varlıqlar və ilahi sənətkarlardır. Hesiod üç qardaşın adını çəkir: Brontes, Steropes və Arges. Adlarının özü ildırım, şimşək və parıltı ilə bağlıdır. Mifə görə, Zevsin ildırımını məhz onlar döyüb hazırlayırlar.
Klassik və ellinistik dövrlərdə isə üçüncü bir ənənə formalaşır. Bu dəfə sikloplar əfsanəvi usta inşaatçılar kimi təqdim edilir. Qədim yunanlar Miken və Tirins kimi şəhərlərin nəhəng daş divarları ilə qarşılaşanda belə ağır blokları yalnız divlərin qaldıra biləcəyini düşünürdülər. Buna görə həmin tikililər “siklopik divarlar” adlandırılmışdır.
Beləliklə, yunan mifologiyasında siklopların üç fərqli siması yaranır: ilahi sənətkar, insan yeyən nəhəng və nəhəng tikililərin qurucusu. Amma hər üçündə dəyişməyən iki xüsusiyyət var: nəhənglik və təkgözlük.
Dədə Qorqudun Təpəgözü
İndi isə Qafqaza gələk. Kitabi-Dədə Qorqudun “Basatın Təpəgözü öldürdüyü boy”unda Təpəgöz oğuz elinə bəla kəsilən nəhəngdir. O, mağarada yaşayır, insan yeyir, igidləri məhv edir və adi silahlardan qorxmur. Sonda Basat ağılı, cəsarəti və hiyləsi ilə onu öldürür.
Polifemlə Təpəgöz arasındakı oxşarlıqlar diqqət çəkir:
- mağarada yaşamaq,
- insan yemək,
- nəhəng bədən quruluşu,
- adi silahlara qarşı davamlılıq,
- qəhrəmanın gücdən çox zəka ilə qalib gəlməsi.
Bu paralellər təsadüf də ola bilər, ortaq qədim motivlərin izləri də. Folklorşünaslar uzun illərdir bu mövzunu müzakirə edirlər. Ancaq Təpəgöz sadəcə Polifemin “Azərbaycan versiyası” deyil. O, oğuz dünyasının öz qorxularını daşıyır: sərhədsiz güc, nəzarətsiz zorakılıq və toplumun birliyini dağıdan təhlükə.
Mifologiya bəsdir, bəs fil sümükləri nə əlaqə?
Qədim yunanlar paleontoloji baxımdan olduqca zəngin bir bölgədə yaşayırdılar. Aralıq dənizi adalarında (Krit, Kipr, Siciliya, Malta və Tilos) pleystosen dövrünə aid cırtdan fillərin fosilləri geniş yayılmışdı. Bu heyvanlar yunan mədəniyyətindən minilliklər əvvəl yox olmuşdu, lakin onların sümükləri mağaralarda və sahil qayalarında qorunub qalmışdı.


Sahillərin aşınması və mağaraların çökməsi nəticəsində kəllələr bəzən yer səthinə çıxırdı. Dənizçilər, çobanlar və səyyahlar belə qalıqlarla asanlıqla rastlaşa bilərdilər.
Yunanların “qədim geoloji dövr” anlayışı yox idi. Onlar tapdıqları sümüklərin milyonlarla il əvvəl yaşamış heyvanlara aid olduğunu bilmirdilər. Cırtdan fillərlə yanaşı mamont, mastodon, nəhəng maral, qədim at, kərgədan və mağara ayısı kimi heyvanların qalıqları da məlum idi. Lakin məhz fil kəllələri təkgöz nəhəng təsəvvürünü yaratmağa daha uyğun görünürdü.
Fil kəlləsi niyə təkgöz məxluqa bənzəyir?
Xüsusilə Aralıq dənizi adalarında yaşamış cırtdan fillərin kəllələri diqqətəlayiq quruluşa malikdir. Ən nəzərə çarpan xüsusiyyət alın hissəsinin ortasındakı böyük dəlikdir. Müasir bioloq bunun xortumun bağlandığı burun boşluğu olduğunu dərhal anlayır. Lakin fil görməmiş qədim insan üçün bu açılış nəhəng bir göz yuvasına bənzəyə bilərdi. Kənardakı həqiqi göz yuvaları isə nisbətən kiçik və nəzərə çarpmayan görünür.

Paleomifologiya üzrə araşdırmaçı Adrienne Mayor qeyd edir ki, canlı fili görməyən qədim insanlar belə kəllələri asanlıqla təkgöz nəhəng kimi təsəvvür edə bilərdilər. Siciliya kimi adalarda tapılan qədim fil və mamont qalıqlarının siklop mifinin formalaşmasına təsir etmiş ola biləcəyi ehtimal edilir. Bununla belə, fosillərin mifin birbaşa mənbəyi olduğunu sübut edən qəti dəlil yoxdur. Ola bilsin mif əvvəl mövcud idi, sonradan tapılan sümüklər isə həmin inancı gücləndirdi.
Vacib məqam odur ki, Aralıq dənizinin cırtdan filləri klassik yunan mədəniyyəti formalaşmazdan təxminən min il əvvəl məhv olmuşdular. Yəni qədim yunanlar bu heyvanları canlı görməmiş, yalnız daşlaşmış qalıqları ilə qarşılaşmış ola bilərdilər. O ki, qaldı Dədə-Qorquddakı təpəgöz obrazına ehtimal ki, o da dildən dilə ötürülmüş hekayələr əsasında formalaşmışdı.

Leave a Reply