Təbiətdəki ən nadir rəng hansıdır ? Bu suala nə cavab verərdiniz ?
Bu sualın cavabı “mavi”- dir. Bəli, səmaya, dənizə baxdıqda ilk diqqətimizi çəkən rəng, yüzlərlə quş, böcək, sürünəndə olduğunu düşündüyümüz rəng əslində yoxdur ! Robert Huk, İsaak Nyuton kimi bir çox görkəmli alim mavi rəngdə qeyri-adlilk olduğunu vurğulamışdır. İlk öncə onu bilməliyik ki, bizdə və heyvanların əksəriyyətində mövcud olan rənglər piqmentlər nəticəsində meydana gəlir. Məsələn, qara bəbir digər bəbirlərə nisbətən, qaradərili insan isə digər insanlara nisbətən daha çox melanin piqmentinə sahibdir.

Lakin, bəzi canlıların rəngi sonradan qəbul etdikləri piqmetlərə görə də dəyişə bilər. Məhşur flaminqo (qızılqaz) quşları boz rəngdə doğulur, sonradan çəhrayı rəngi yedikləri qidalar nəticəsində qazanırlar (əsasən xərçənkimilərdə olan və flaminqoya rəngini verən bu piqmetlər karotinoidlər adlanır).

İndi isə gələk mavi rəngə … Məsələn Morfo kəpənəklərini ələ alaq. Onlar digər kəpənəklərdən parlaq mavi rənglərinə görə seçilirlər və hətta whatsapp-da kəpənək emojisi hazırlanarkən bu xüsusiyyətinə görə Morfo kəpənəkləri seçilmişdir. Amma, maraqlı məqam isə ordadır ki, Morfo kəpənəklərində mavi piqment yoxdur. O, möhtəşəm görünən mavi rəngi sadəcə qanadındakı pulcuqların xüsusi strukturu ilə əldə edir (ətraflı – https://www.youtube.com/watch?v=uSMlgPDOUY0).

Bənzər strukturlar quş lələklərində də müşahidə olunur (kəpənək qanadı və quş lələklərindəki strukturlar nisbətən fərqli formada olsalar eyni prinsip əsasında mavi rəngi yayırlar). Bu isə o deməkdir ki, rənglərinə heyran olduğumuz tovuzquşu quyruğundan tutun, tutuquşulara, ördəklərə, arıquşlarına kimi heç bir quşda mavi piqment yoxdur. Hətta, bu günə qədər mavi piqmentə sahib bir ədəd belə olsa onurğalı canlı kəşf olunmamışdır. Ən böyük canlı hesab olunan mavi balinada da mavi piqment yoxdur, rəngini digərləri kimi mikroskopik strukturlar əsasında əldə edir (əlavə olaraq insan gözündəki mavi rəng də piqment əsasında deyil, eynilə digər sadalanan canlılarda olduğu kimi xüsusi strukturlara işığın qırılması prinsipi əsasında ortaya çıxır).


Bugünə qədər kəşf olunmuş bütün canlılar arasından yalnız bir qrupunun mavi piqment istehsal edəcək genetik koda malik olduğu üzə çıxmışdır. Bu qrup isə, Nessaea cinsinə mənsub 4 kəpənək növüdür. Bu faktı bir daha düşündükdə fərqinə varırıq ki, milyonlarla canlı arasında yalnız və yalnız 4 növ kəpənək həqiqətən mavi rəngdədir (digər mavi rəngli canlıların rəngi “artificial blue”- süni mavi hesab olunur).

Leave a Reply