Canavar və ya Boz qurd (lat. Canis lupus) – Tariximizdə önəmli yeri olan və türkçülüyün simvolu hesab edilən bir heyvan növüdür. Xarizmatik görünüşü olduğundan bir çox tarixi əsərlərdə və filmlərdə də bu heyvana yer verilmişdir. Təəssüf ki, xalqımız arasındakı söhbətlərdə və internetdə bu canlılar haqqında çoxlu yalan-yalnış məlumatlar (miflər) yayılmışdır. Bu yazıdakı məqsəd həmin səhv məlumatları düzəltməkdir.
MİF 1 – CANAVARLAR ƏHİLLƏŞMİRLƏR VƏ SİRKLƏRDƏ CANAVAR OLMUR!
CAVAB – Yəqin ki, bu söhbəti eşitmiş olarsınız. Maraqlısı isə odur ki, əhilləşmədiyi iddia olunan canlının əslində ilk əhilləşən heyvan olmasıdır! Bəli səhv oxumadınız, bugün insanın ən yaxın dostu hesab etdiyimiz itlər canavarlardan əldə olunublar. İlk olaraq əhilləşdirmənin nə demək olduğunu izah edim. Bir heyvanın əhilləşdirilməsi onun başqa bir canlının (insanın) nəzarətinə alışdırılması deməkdir. Genetik analizlər ortaya qoymuşdur ki, bildiyimiz itlərlə canavarlar arasındakı genetik fərq yalnız 0,04 % təşkil edir. Başqa sözlə Canavarlar və itlər 99.96% eyni genetik materiala sahibdirlər. Bu da el arasında “qırma cins” olaraq da bilinən it-canavar qarışıqlarının nə üçün asanlıqla əldə olunduğunu açıqlayır. Bu arada çoxlalrının zənn etdiyinin əksinə itlər ayrıca növ kimi deyil elə məhz canavarın yarımnövü kimi təsnif olunurlar – lat. Canis lupus familaris.

Digər tərəfdən bildiyimiz canavarları da əhilləşdirmək mümkündür. Hətta canavarları vaxtilə xizəklərə qoşqu heyvanı kimi də istifadə edən xalqlar da olub.

Əslində canavarlara sirklərdə də rast gəlmək olar. Lakin, bu kimi hallara az rast gəlinir və bunun bir neçə səbəbi var: 1) Sirklərin yarandığı Avropada canavarlar onsuzda vəhşi təbiətdə mövcud idi. Buna görə də sirklərdə canavarlar əvəzinə eqzotik heyvanlar olan şir, pələng və s. nümayiş etdirilirdi. 2) Həmin dövrlərdə (18-ci əsr) canavarlar ev heyvanlarına zərər verdiyindən uğursuz hesab olunur və tez-tez ovlanılırdı. Buna görə də heçkəs öz sirkində canavarlara yer vermək istəmirdi. 3) Canavarlar olduqca utancaq heyvan hesab olunurlar. Buna görə də sirkin səs-küylü səhnəsində qalmaq yerinə tez-tez sirklərdən qaçmağa cəhd göstərirdilər. Nəticədə sirkdən qaçan canavarlar da vurularaq öldürülürdülər. Bütün bunlara baxmayaraq günümüzdə bəzi sirklər hələ də canavrlardan əyləncə məqsədi ilə istifadə edirlər. Eyni zamanda bir çox araşdırma mərkəzində də əhilləçdirilmiş canavarlara rast gəlmək mümkündür:
MİF 2 – CANAVARLARIN YALNIZ BİR PARTNYORU OLUR VƏ CÜTÜ ÖLƏN CANAVAR BİR DAHA CÜTLƏŞMİR.
CAVAB – Çox təsiredici ifadələr olsa da əslində tamamən yalnış məlumatlardır. Təbiətdəki bir çox canlıya bu cür “cütünə xəyanət etməyən” statusu verilsə də əslində bu davranış forması çox nadirdir. Çünki, bütün heyvanların daxilində nəsil artırma instinkti vardır. Ümumiyyətlə, heyvanlara buna bənzər insani xüsusiyyətlər əlavə etmək təəssüf ki, geniş yayılmış bir davranışdır. Elmi dildə buna “antropomorfizm” deyilir. Gələk canavarların “sədaqətli” olması iddiasına… Bildiyiniz üzrə canavarlar əsasən sürü halında yaşayırlar. Sürü cütləşən bir cüt canavar (alfa erkək və dişi) və onların müxtəlif illərdə dünyaya gəlmiş balaları, bəzən isə əlavə olaraq sonradan sürüyə qəbul edilmiş fərdlərdən ibarət olur. Əgər alfalardan biri ölərsə digər alfa sürüdən başqa bir fərdlə cütləşir və bu yeni canavar “alfa rütbəsinə” yüksəlmiş olur. Bəzən isə cütü ölən alfa sürüdən qovulur. Məhz bu sürüdən qovulmuş canavar xalq arasında “yalquzaq” olaraq bilinir.

Və yenə bilinənin əksinə bu qovulmuş canavarlar olduqca güclü fərdlər yox, tam əksinə özünə sürü axtaran çarəsiz fərdlər olurlar. Xüsusən də sürüdən qovulmuş erkək fərdlər daim başqa sürüləri təqib edirlər. Beləcə onlar sürünün alfa erkəyini məğlub edərək cütləşmə haqqı qazanmağı ümid edirlər. Təbii ki, bu cəhdləri daim uğurlu olmur. Belə olduqda isə onlar cütləşmə hüququndan məhrum olur və ya bəzən isə dişi çaqqallar, hətta itlərlə cütləşirlər (yuxarda da qeyd etdiyimiz kimi canavarlar və itlər genetik olaraq eyni deyə biləcəyimiz qədər yaxın olduğundan rahatlıqla cütləşə bilirlər). Məhz buna görə bəzi Avropa ölkələrində sahibsiz itlərin meşələrə buraxılması qadağan olunmuşdur. Bu cür itlər vəhşi heyvanlara hücum edərək zərər verməklə yanaşı həm də canavarlarla cütləşərək onların gen havuzunun pozulmasına səbəb olurlar.

(İlk iki miflə bağlı hazırladığım video-material – https://www.youtube.com/watch?v=-DgaIvSZias&t=63s)
MİF 3 – CANAVAR İY BİLMİR.
CAVAB – Qeyd etdiyimiz kimi canavarlar əsasən sürü halında yaşıyırlar. Əksər sürü halında yaşayan canlılarda olduğu kimi canavar sürülərində qoxu olduqca önəmli rol oynayır. Hər sürünün, hətta sürüdəki ayrı-ayrı fərdlərin özünə məxsus qoxusu olur və sürüdəki hər bir fərd bu qoxuları çox yaxşı bilir. İnkişaf etmiş zooparklarda bir neçə canavar sürüsünə baxıcılıq edən işçilərin eyni paltarı geyməsinə icazə verilmir. Çünki, başqa sürüdən olan qoxu işçinin üzərinə çökərsə digər sürünün fərdləri ona zərər verə bilərlər.

Digər tərəfdən vəhşi təbiətdə də qoxu canavarlar üçün olduqca əhəmiyyətlidir. Məsələn, ov zamanı görünməmək üçün hədəfin və digər sürü üzvlərin yerini elə məhz iybilmə qabiliyyətləri ilə müəyyənləşdirirlər. Hesablamalara görə canavarlar ovunun iyini 3 km uzaqdan hiss edə bilirlər. Alimlərə görə canavarların iybilmə qabiliyyəti bizimkindən 100 dəfə güclüdür. Hətta, bəziləri düşünür ki, canavarlar sırf iyindən başqa bir canavarın yaş və cinsiyyətini seçə bilirlər. Başqa maraqlı fakt odur ki, hər bir canavarın arxasında (quyruğun altında) xüsusi vəzi vardır. Bu vəzidən ifraz olunan qoxu bizim barmaq izlərimiz kimi heç bir fərd arasında təkrarlanmır. Sürüdəki canavarların (itlərdə də bu davranışı görmək olar) bir-birinin arxasını iyləmələrinə səbəb budur. Bu isə o deməkdir ki, canavarlar iy bilmə qabiliyyətləri ilə hər bir fərdi görməsələr belə ayıra bilirlər.

İNDİ İSƏ SOSYAL MEDYADA VƏ MÜXTƏLİF SAYTLARDA PAYLAŞILMIŞ BƏZİ FOTOLAR VƏ ONLARIN ARXASINDAKI UYDURMA HEKAYƏLƏRİ QEYD ETMƏK İSTƏYİRƏM :

İlk fotodakı hekayə belədir – Canavar sürüsü yeni bir əraziyə daxil olarkən xüsusi düzülüş qaydası ilə irəliləyir. Bu fotodakı düzülüş isə belədir: öndə 3 yaşlı və xəstə qurd gedir ki, hər hansı təhlükə olarsa ilk onlar məhv olsun. Onları 5 savaşçı qurd təqib edir. Onları təqib edən ortadakı 11 dişi qurd təhlükədən uzaq qalır. Sonra yenə arxalarından 5 savaşçı canavar onları izləyir. Ən sonda isə sürünün lideri olduğu iddia olunan erkək qurd sürüsünü bir qədər uzaqdan təqib edir.
İlk öncə bu hekayəni ilk dəfə formalaşdıran adamı təbrik etmək istəyirəm. Bu foto 2011-ci ildə BBC-nin “Frozen Planet” sənədli filmi lentə alınarkən Şimali Kandada yerləşən Vud Bufalo (Wood Buffalo) Milli Parkında çəkilib. Canavarların nə üçün bu cür tək sıra ilə getməsi elə adı çəkilən sənədli filmdə izah olunur. Səbəb çox sadədir – enerjiyə qənaət etmək. İrəlidə gedən canavarlar qarda yol açdıqlarından digərləri rahat gedə bilir. Əgər öndəkilər yorularsa onlar yerini sürüdəki başqa fərdlərlə dəyişırlər. Bu foto çəkilən zaman isə ən öndəki canavar isə iddia edildiyi kimi xəstə və ya qoca yox, əslində sürünün lideri olan alfa dişidir. Onu da qeyd edək ki, son zamanlarda alimlər alfa terminin işlədilməsinə qarşıdırlar. Çünki, canavar sürülərində alfa adlanan fərd hər hansı üstün gücü deyil, sadəcə çoxalma bacarığını ifadə edir. Sadə dildə desək sürüdəki alfa dişi və erkək çoxalan fərdlər, digərləri isə onların balaları və ya sonradan sürüyə qəbul edilmiş fərdlərdir. Bunu fil sürülərindəki matriarx (lider dişi fil) və ya qarışqa koloniyalarındakı kraliça ilə, habelə aslan praydları ilə bənzətmək olar.

Bu fotoda isə iddia olunur ki, dişi canavar erkəyinin boğazını digər erkəyin hücumundan qorumaq üçün onun boynuna yaxın durur. Olduqca təsiredici hekayədir. Amma, sadəcə hekayədir. Belə görünür ki, heyvanlarla bağlı insani hekayələr əlavə olunmuş foto və videolar görməyə davam edəcəyik. (Onu da xatırladım ki, elə canavarlarda daxil olmaqla bir çox canlı üçün cütü öləndə bir dah cütləşmir iddiaları da məhz davranışın məhsullarıdır. Təbiətdə tək partnyor ilə cütləşməyi seçən heyvanlar olsa da, bu partner öldükdə fərdlər instinkt olaraq nəsli davam etdirmək üçün yeni partnyor axtarırlar). Nəyisə, qayıdaq fotomuza. Bu foto ilə bağlı ən gülünc məqam isə fotodakı hər üç canavarın erkək fərd olmasıdır. Fotoqraf Jean Paul tərifindən Minnesotada çəkilmiş bu fotodakı canavarlar əslində alimlər tərəfindən xüsusi qoruma ərazisində (İnternational Wolf Center) saxlanılan və qorunan sürünün fərdləridirlər. Fotodakı ən soldakı ağ erkəyin adı Kölgə (Shadow), onunla dalaşan erkək isə Denali adlı canavardır. Bütün bunlar baş verərkən yaxınlaşan digər erkək isə (aşağı əyilmiş olan) Denalinin qardaşı olan Aidan adlı canavardır. Fotoqrafın qeyd etdiyinə görə sürünün tək dişisi (Maya) isə bütün bunlar baş verərkən bir qədər irəlidə qidalanmaqla məşgul imiş. Bu sürünün hər bir fərdi haqqında ətraflı məlumat almaq üçün qurumun (İnternational Wolf Center) rəsmi Facebook səhifəsinə baxa bilərsiniz.
Sonda isə onu vurğulamaq istəyirəm ki, canavarlar Türkçülük ideolagiyasının mərkəzində olduğundan bəziləri elmi faktları inkar etməyə cəhd göstərirlər. Sadəcə bunu bilməliyik ki, bir canlını sevməyimiz onun haqqında yalan məlumatlar yayabiləcəyimiz mənasına gəlməməlidir!
OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR.
Leave a Reply