Bu yazıda ölkəmizdə təbiətə zərər verən canlılardan bəhs etmək istəyirəm. Elə ilk başdan qeyd edim ki, təbiətə zərər verən canlılar dedikdə insana dəyən zərəri (istər birbaşa, istərsə də əkin sahələri və s.) nəzərdə tutmuram. Nəzərdə tutduğum zərərli canlılar digər heyvanlara və bitkilərə zərər verən və əslində təbiətimizin parçası olmayan növlərdir.

İnsan gördüyü şeylərə tez alışır. Buna görə də təbiətdə gördüyünüz hər bir canlının ora aid olduğunu düşünə bilərsiniz. Amma, bu hər zaman doğru olmur. Bu canlıları mümkün olan hər vasitə ilə təbiətdən uzaqlaşdırmaq lazımdır. Ümumilikdə isə bu cür (əslində bu ekosistemdə olmamalı olan, insan müdaxiləsi ilə sonradan yayılan) zərərverici canlılara “işğalçı növlər” (invasive species) deyilir.

Amerika yenotu (lat. Procyon lotor) – adından da göründüyü kimi bu canlının vətəni Amerika qitəsidir. Lakin, 1934 və 1936-ci illərdə uyğun olaraq Almaniya və SSRİ-də bu heyvanlar təbiətə buraxılmağa başlanılır. Bunu etməkdə məqsəd onların sayını artırmaq, daha sonra isə xəz-dəri istehsalında istifadə etmək idi. Keçmiş SSRİ-də Qazaxıstanda, Dağıstanda və digər ərazilərdə yenotlar təbiətə buraxılsa da ən dayanıqlı və çox saylı populyasiya ölkəmizdə, Zaqatala-Nuxa ərazisində formalaşmışdı. Burda hər il 1000-1500 arası yenot qeydə alınırdı.

Amerika yenotu (lat. Procyon lotor)

Həmin dövrlərdə yenotla yanaşı elə görünüşcə də bənzər olan yenotabənzər it (lat. Nyctereutes procyonoides) adlı başqa bir heyvan da bu ərazilərə buraxılırdı (onun vətəni isə Şərqi Asiyadır). Hər iki növ həm bitki mənşəli qidalarla, həm də ətlə qidalanır. Əsasən gecələr aktiv olan yenotların çox fürsətci heyvan olduqları məlumdur, onlar ağaca dırmaşaraq quş yuvalarını tapır və yumurtaları məhv edirlər. Bizdəki vəhşi təbiətin fərdləri (xüsusən də quşlar, sürünənlər) əvvəllər bu cür bir canlı ilə mübarizədə olmadıqlarından asan qidaya çevrilirlər. Günümüzdə yenotlara Balakən, Zaqatala, İsmayıllı, Qax rayonlarında, habelə Lənkəran-Astara zonasında da rast gəlmək olur.

Yenotabənzər it (lat. Nyctereutes procyonoides) – Ölkəmizdə artıq
rast gəlinmir.

2) Ən böyük problem olan işğalçı növ isə ümumilikdə sahibsiz heyvanlardır. Bura küçələrdə görməyə alışdığımız it, pişik, hətta, sərbəst buraxılan inəklər, qoyunlar, keçilər və s. daxildir. Təbii ki, ən böyük təhlükə sahibsiz itlərdən və pişiklərdən gəlir. Bir çoxları bu heyvanların təbiətə aid olduğunu düşünür. Bu da normaldır, çünki bir çoxumuzun gördüyü ilk heyvan onlar olub və onları küçədə və ya təbiətdə görmək bizə təbii gəlib. Əslində isə bu canlıları biz yaratmışıq. Bəli, bəli bir çoxları yaratmaq sözünü eşidəndə mövzunu dinlə bağlayır. Lakin, itlər və pişiklər insanların onların əcdadları (uyğun olaraq canavar – lat. Canis lupus və çöl pişiyi – lat. Felis lybica) üzərində uzun illər apardığı süni seçmənin məhsuludurlar. Eynilə digər ev heyvanları və bitkilər kimi. Biz onlar arasında xoşumuza gələn xüsusiyyətləri seçmiş, onların sayını milyardlara çıxartmışıq! Nəticədə artıq onlar əcdadlarından tamam fərqli olan bir canlıya çevriliblər və təbiətə buraxıldıqda digər canlılara zərər verir, hətta bəzən onların nəslinin tükənməsinə səbəb olurlar. Biraz daha geniş statistik məlumat verim:

Dünyada sahibsiz itlər 11 növün nəslinin tükənməsinə səbəb olmuş, hal-hazırda da 96-sı məməli, 78-i quş, 22-si sürünən, 3-ü suda-quruda yaşayan olmaqla 188 növün nəslinin qorunmasına təhlükə yaradır! Bu növlərdən 30-nun mühafizə kateqoriyası “Kritik səviyyədə” (Critically Endangered) hesab olunur, hətta onlardan 2 növün artıq nəslinin tükəndiyi belə düşünülür. Sahibsiz itlərin vəhşi təbiətə etdikləri ümumi təsirin 78,9%-ini heyvanları ovlamaları; 7%-ini narahat etmələri (xüsusilə vəhşi pişik və quş növləri); 4,5%-ini xəstəlik yaymaqları (misal üçün, xüsusən yırtıcılar üçün ölümcül olan və əsas daşıyıcının itlər olduğu CDV virusu); 1,5%-ini yırtıcılar üçün qida rəqabəti yaratmaqları, 1%-ini isə yaxın əqarabaları ilə hibridlər yaradaraq gen hovuzunu pozmaqları təşkil edir. Bu təsirlər yalnız vəhşi heyvanlara olanlardır. Onlar eyni zamanda insanlar və digər ev heyvanları üçün də təhlükə yaradırlar (birbaşa hücumlar və yaydıqları xəstəliklər buna misaldır).

Sahibsiz itlərin təbiətə atıldıqda əcdadları canavarlar kimi sürülər
əmələ gətirməsi olduqca təbiidir.

Pişiklər cəbhəsində də vəziyyət çox da fərqli deyil. Sahibsiz pişiklər 33-ü quş olmaqla 63 növünün nəslinin tükənməsinə səbəb olub! Sahibsiz pişiklər də itlər kimi vəhşi təbiətə ovlayaraq, xəstəlik yayaraq və ya vəhşi növlərlə hibridlər yaradaraq zərər verirlər. Hətta, Avstraliya və Yeni Zellandiya kimi ölkələrdə aparılan hesablamalara görə 2050-ci ilə qədər sahibsiz pişiklər barədə addım atılmazsa endemik yerli növlərin nəsli tükənəcək. Buna görə bu yaxınlarda Avstraliya hökuməti 2 milyon sahibsiz pişiyin məhvi ilə bağlı qərar qəbul etdi. 

Sahibsiz pişik yenicə ovladığı kiçik sərçəkimi ilə…

Ölkəmizdə də sahibsiz heyvanlarla bağlı “təbiət sevərlərin” təklif etdiyi metod onların sterilləşdirib (qısırlaşdırılıb) yenidən təbiətə buraxılmasıdır. Təəsüf ki, bu metodun effektiv olmadığını elmi araşdırmalar dəfələrlə göstərib. Düzdür qısırlaşdırmaq onların sayının azalmasına kömək göstərsə də, bütün heyvanları qısırlaşdırmaq olmadığından onlar çoxlamağa davam edəcəklər. Birşeyi də xatırladım ki, sterilizasiya bu heyvanların yalnız çoxalmasının qarşını alır. Onlar yenə də ovlanmağa davam edərək vəhşi təbiətə zərər verir, xəstəlik yayır.

Nəticədə gəlin bütün it və pişikləri düşməncəsinə məhv edək demirəm. Onlar sinir sistemi yaxşı inkişaf etmiş, yəni ağrını hiss edən canlılardır. Əlavə olaraq bu canlılar müxtəlif sahələrdə bizə köməklik də edirlər. Amma, unutmamaq lazımdır ki, onları bir ev heyvanı kimi biz yaratmışıq. Yəni itlər və pişiklər digər ev heyvanları kimi bizim yanımızda olmalıdırlar. Necə ki, hər hansı bir inəyin, qoyunun çölə tərk edilməsi axmaqcadır, eynisi itlər və pişiklər üçün də keçərlidir. Sahibsiz it və pişiklər təbiətdən uzaqlaşdırılmalı, sığınacaqlar yaradılmalı, həmin sığınacaqlarda qısırlaşdırma və vaksinasiya işlərindən sonra sahibləndirilməlidirlər. Nə olursa olsun, bu canlıları yenidən təbiətə buraxmaq olmaz! Ən son variant kimi isə sayı nəzərdə saxlamaq üçün evtanaziya kimi etik üsullarla məhv etmə düşünülməlidir.

3) Yaxalıqlı tutuquşu (lat. Psittacula krameri) – Ölkəmizdə təbii halda rast gəlinən yeganə tutuquşu növüdür. Vətəni Cənubi Asiya (Nepal, Hindistan və Pakistan) və Mərkəzi Afrika ölkələri olan bu tutuquşuya Bakının müxtəlif parklarında rast gəlmək olar. Və sayları durmadan artmaqdadır. . Verdikləri zərərlər çox da araşdırılmasa da, müxtəlif bitkilərin meyvə və toxumlarını yedikləri üçün saylarının azalmağına səbəb olurlar. Digər quş növləri bitki meyvələrini yedikdə toxumları daşıyaraq (nəcis ilə ifraz olunur) bitkilərin yayılmasına kömək etdiyi halda, bu tutuquşular bitkilərin toxumlarını dimdikləri ilə parçalayaraq yedikləri üçün tam tərsi baş verir. Əlavə olaraq bu tutuquşu yerli növlər ilə (xüsusən sərçəkimilərlə) qida və yuvalama yeri uğrunda mübarizə apararaq zərər verməkdədir. Bu quşların ölkəmizə necə yayıldığı tam bilinmir. Bir hekayəyə görə varlı bir şəxs çoxlu sayda tutuquşunu ölkəmizə gətirmək istəyib (ehtimal ki, ev heyvanı kimi satmaq üçün). Lakin, gömrükdə quşları buraxmadıqları üçün o da qəfəsləri açaraq tutuquşuları azadlığa buraxıb.

Yaxalıqlı tutuquşu (lat. Psittacula krameri) – Bakının parklarında yüksək səsli uçuşları ilə asanlıqla seçilirlər.

4) Boz siçovul (lat. Rattus norvegicus) – Bu növün ilkin vətənin Şimali Çin və Monqolustan olduğu düşünülür. Orta əsrlərdən başlayaraq başqa yerlərə yayılmağa başlayıblar. Günümüzdə bu növə Antaraktika və bəzi kiçik adalar xaric dünyanın hər yerində, xüsusən də insan məskənlərinin yaxınlığında rast gəlmək olur. Bu da onu ən uğurlu yayılmış məməli növləri siyahısında insandan sonra ikinci yerin sahibi edir. Siçovulların ən böyük zərərlərinə misal olaraq müxtəlif xəstəliklərin daşıyıcıları olmalarını, müxtəlif canlıların (xüsusən quşların) balalarını məhv etmələrini və s. göstərmək olar. Maraqlısı budur ki, sahibsiz pişiklərin aradan qaldırılması barədə bir-neçə dəfə fikirlərimi qeyd etdikdə qarşılaşdığım ilk arqumentlərdən biri ətrafın siçovullarla dolacağıdır. Lakin, gördüyünüz kimi, boz siçovul da eynilə sahibsiz pişik kimi işğalçı növ olub, mövcud ekosistemə zərər verir. Lakin, siçovullar “kompleks işğalçı növ” hesab olunurlar, çünki, vurduqları zərərlə yanaşı onlar qida zəncirində (xüsusən də bəzi yırtıcı quşların) özlərinə yer tapıblar. Amma, bu canlının populyasiyasını tamamən yox etmədən, saylarını nəzarətdə saxlayaraq müdaxilə etmək mümkündür.

Boz siçovul (lat. Rattus norvegicus) – Görünüşcə digər gəmiricilərə bənzədiyindən ayırmaq çətin olsa da, boz siçovul iri ölçüsünə görə seçilir.

5) Nutriya və ya Bataqlıq qunduzu (lat. Myocastor coypus) – Ölkəmizdə rast gəlinən tək suda yaşayan gəmiricidir. Buna görə onu xalq arasında “su siçanı” da adlandırırlar. Əsl vətəni Cənubi Amerikadır. Qunduzlar kimi bitkilərin/ağacların kök və gövdəsini gəmirir və beləcə onların məhvinə səbəb olur. Sovet dönəmində ölkəmizdə xəz-dərisinə görə nutriyaların sayını artıran zavodlar da fəaliyyət göstəribmiş. Hətta onlar ağ nutriya (albino fərdlər) də əldə edirmişlər, hansı ki, onun dərisi digərlərindən baha imiş. Günümüzdə ölkəmizdə olan nutriyaların bu zavodlardan qaçan və ya təbiətə buraxılan fərdlərdən törədiyi düşünülür.

Nutriya və ya Bataqlıq qunduzu (lat. Myocastor coypus)

Siyahını daha da uzatmaq olar. Mən bu yazıda Xəzər dənizi və daxili su hövzələrimizdə olan işğalçı molyusk, xərçəng və balıq növləri başda olmaqla bəzi növləri (xüsusən bitkiləri) əlavə etməmişəm. Əlavə olaraq Avropadakı bütün işğalçı növlər (12.000-dən çox növdən gedir söhbət) barədə bu səhifədən məlumat əldə edə bilərsiniz – http://www.europe-aliens.org/default.do

İstifadə olunan əsas mənbələr :

  1. https://en.wikipedia.org/wiki/List_of_invasive_species_in_Europe
  2. https://www.google.com/amp/s/theconversation.com/amp/the-bark-side-domestic-dogs-threaten-endangered-species-worldwide-767822)
  3. https://wildlife.org/wp-content/uploads/2014/05/Feral-Cats.pdf3)
  4. https://www.google.com/amp/s/theconversation.com/amp/feral-cat-cull-why-the-2-million-target-is-on-scientifically-shaky-ground-111824

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. […] qidaya çevrilir. Lakin, onların məhvinin əsas səbəbi dənizçilərin özləriylə gətirdiyi işğalçı növlər – it, pişik, donuz və siçovul olmuşdur. Bilinən sonuncu dodo 1662-ci ildə qeydə […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading