Təəsüflər olsun ki, ölkəmizdə müxtəlif heyvanlar barədə səhv məlumatlar yayılmışdır. Bu dəfə belə bir yanlışı düzəltmək qərarına gəldim. Söhbət əbabil adlandırılan quşlardan gedir. Bəzən bu yanlışları yaymaqda müxtəlif xəbər səhifələri, TV kanalları da rol oynayır. Müxtəlif xəbərlərdə onların nadir quş kimi təqdim olunduğunu və əbabil adlandırıldığını görə bilərsiniz. Əslində isə bu quşlar nadir deyil və heç quşun adı belə əbabil deyil!

Yuxarda fotoda gördüyünüz quş əslində qara və ya adi UZUNQANAD (lat. Apus apus) adlanır. Ölkəmizdə olan 3 uzunqanad növündən ən geniş yayılmışıdır. Köçəri olan bu növ qışı Afrikada keçirdikdən sonra ölkəmizə bala çıxartmağa gəlirlər. Bu quşların maraqlı xüsusiyyətlərindən biri də sözün əsl mənasına havada yaşamağa uyğunlaşmış olmalarıdır. Onlar havada tutduqları həşəratlarla qidalanır, su içir, yatır, hətta havada cütləşirlər. Nəticədə ayaqlarına ehtiyac olmadığından ayaqlar kiçilmişdir (Cinsin adındakı Apus sözü də məhz yunanca “ayaqsız” deməkdir, səbəb isə kiçik ayaqlarının uzaqdan görünməməsidir). Buna görə də onlar yerə düşdükdə ayaqları ilə təkan verərək qalxa bilmirlər. İlin 10 aya yaxın bir müddətini havada keçirən bu quşlar yalnız balalama zamanı yuvalarında olurlar. Yuvalarını da yüksək qayaların arası, mağaralardakı çatlaqlar, şəhər və kəndlərdə isə tavan araları kimi yerdə seçirlər. Beləcə onlar yuvadan özlərini havaya buraxaraq uça bilirlər və ayaqlarını istifadə etməyə ehtiyac qalmır. Buna görə yerdə uzunqanad quşu tapsanız qanadlarının qırıq və yaralı olmadığından əmin olduqdan sonra onu göyə atmağınız və ya yüksək bir yerdən buraxmağınız kifayətdir, özü uçacaq.

Yerdə tapdığınız uzunqanadları xilas etməklə bağlı video

Bəzən onları qaranquşlarla da səhv salırlar. Buna səbəb isə hər iki quşun quyruğunda haçanın olmasıdır. Amma, əslində adını aldığı və bədən quruluşuna nisbətdə çox uzun olan və nazik qanadları, habelə uçuş tərzi ilə (uzunqanadlar daha az qanad çalır) qaranquşlardan fərqlənir.

Solda – Qara uzunqanad (lat. Apus apus), sağda – Kənd qaranquşu (lat. Hirundo rustica)

Gələk ƏBABİL məsələsinə. Təəsüf ki, ölkəmizdə çox adam bu quşları əbabil kimi tanıyır. Bu səhvin səbəbi isə türklərdir. Çünki, onlar bu sözü uzunqanadlar üçün istifadə edir. Reallıqda isə bu söz ümumiyyətlə quşun adı deyil. Quranda da işlənən “tayran əbabil(ə)” ifadəsi dilimizdə “dəstə-dəstə uçan quşlar” mənasına gəlir:

  1. Tayr” uçan bir şey (xüsusən quş) deməkdir, dilimizdəki təyyarə sözünün kökü də bu sözdür.
  2. Əbabil” isə dəstə/sürü mənasına gələn və çoxluq ifadə edən sözdür (dilimizdəki ilxı, naxır sözləri kimi). Ərəb dilində dəvə sürüsü, at sürüsü ifadələrində də “sürü” mənasını ifadə edərkən “əbabil” sözü işlənir.

Həmçinin bəhsi keçən rəvayətdə quşların caynaqları ilə palçıqdan daşlar daşıdıqları da deyilir. Halbuki uzunqanadların belə bir bacarağı yoxdur. Ona görə düzgün adı işlədərək bu quşlara UZUNQANAD deməyin vaxtı çatıb!

ƏLAVƏ MƏLUMAT ÜÇÜN:

  1. Əbabil sözünün mənası ilə bağlı türkçə video – https://www.youtube.com/watch?v=znSOjyDRMEQ
  2. Əbabil məsələsi ilə bağlı islam enskilopediyasında (ingiliscə) – https://referenceworks.brillonline.com/…/en…/ababil-SIM_0003

Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading