Təəssüflər olsun ki, ölkəmizdə bir çox heyvan növü xalq arasında səhv tanınır. Mən də tez-tez rast gəldiyim bu səhvlikləri düzəltmək qərarına gəldim. İlk öncə ən geniş yayılmış səhvliklərdən bir ilə başlayaq. Ölkəmizdə çox insan dələ və sincabın eyni heyvan olduğunu zənn edir, əslində isə bu belə deyil! Bu qarışıqlığın səbəblərindən bir də vaxtilə səhv tərcümə olunmuş rusca ədəbiyyatlardır. Bəzən böyük kütləyə xitab edən qurumlar da bu səhvləri təqdim edərək, problemi düzəltmək yerinə, daha da artırırlar.

Gəlin indi isə dələ və sincabın hansı heyvanlar olduğundan ayrı-ayrılıqda baxaq:
DƏLƏ yırtıcılar (lat. Carnivora) dəstəsinə aid heyvandır. Görünüşcə balaca tülküyə bənzəyir (tülkü kimi uzun sifəti, uzun və qalın quyruğu var). Çox məharətli ovçudur. Qidasını müxtəlif quşlar, kiçik məməlilər (sincab da daxil), həşəratlar, müxtəlif meyvələr və s. təşkil edir. Xalq arasında aladöş, alapars kimi adlarla tanınan dələnin ölkəmizdə iki növü var: Meşə dələsi (lat. Martes martes) və Daşlıq dələsi (lat. Martes foina). Həm də sarıdöş dələ olaraq da bilinən meşə dələsi Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir. Dələlərin bədən ölçüsü ortalama 50 sm-ə qədər, quyruqları isə 25 sm olur.


Bəzən dələnin özünü də gəlinciklə səhv salırlar. Hazır mövzuya toxunmuşkən onun haqqında da məlumat verim. Gəlincik də dələkimilər (lat. Mustelidae) fəsiləsinə aid yırtıcı heyvandır. Ölkəmizdə gəlinciyin də iki növü yayılmışdır: Adi gəlincik (lat. Mustela nivalis) və qaraquyruq gəlincik (lat. Mustela erminea). Həm də qaqım olaraq da bilinən qaraquyruq gəlincik azsaylı olduğundan Qırmızı Kitaba daxil edilib.

İndi isə gələk SİNCAB-a. Sincablar isə dələlərdən fərqli olaraq yırıtıclar yox, gəmiricilər (lat. Rodenta) dəstəsinə aid məməlidir. Əsas qidasını fındıq, qoz və müxtəlif toxumlar təşkil edir. Tipik görünüşü olan quyruğuna (arxasına qatlayır) görə seçilir. Sincabların da ölkəmizdə iki növünə rast gəlinir: Qafqaz və ya İran sincabı (lat. Sciurus anomalus) və adi sincab (lat. Sciurus vulgaris). Bunlardan ikincisi, yəni adi sincab gətirilmə növdür və daha çox parklarda, bağlarda rast gəlinir.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!
Leave a Reply to VüsalCancel reply