Növümüz tarix boyunca müxtəlif xəstəliklərlə üzləşib. Yəqin hamımız COVİD pandemiyasının bizim istər sağlamlığımıza, istərsə də sosial həyatımıza necə pis təsir etidiyini xatırlayırıq. Bu yazıda isə insanlıq tarixinin ən təhlükəli xəstəliyindən – QUDUZ danışacağam. Bir xəstəlik düşünün ki, sizi hər gün ehtiyacımız olan sudan qorxmağa sövq edir
VACİB QEYD: Mən ixtisasca həkim deyiləm və burda qeyd olunan məlumatlar proseslərin sadələşdirilmiş izahıdır. Daha dəqiq məlumat əldə etmək üçün tibbi mənbələrə və həkimlərə istinad edin.
İlk öncə: QUDUZLUQ nədir?
Quduz xəstəliyi və ya sadəcə Quduzluğun törədicisi lat. Rhabdovirideae ailəsinə aid Lyssaviruslardır. Neyrotrop (sinir hüceyrələrinə yoluxan) olan bu viruslar gülləvari formaya malik olub uzunluğu 80-180 nm-ə çatır. Bu virus olduqca sadə quruluşa malik olub cəmi 5 geni olur.
Quduzluq necə yayılır?
Ən geniş yayılmış yayılma üsulu xəstəlik daşıyan bir heyvanın (xüsusən itlər və ya digər yırtıcı məməlilər) insanı dişləməsidir. Bundan sonra bədənə daxil olan virus sinir hüceyrələrinə (neyronlar) bulaşır. Burda o yavaş sürətlə çoxalmağa başlayır. Quduz virusunun digər viruslardan başlıca fərqi ondan ibarətdir ki, o, çoxaldıqca daxil olduğu hüceyrəni məhv etmir. Beləcə immun sistemi onun fərqində olmur. Virus yavaş-yavaş neyronlar vasitəsilə beyinə doğru irəliləyir. Bu proses bədəninizdən və dişləndiyiniz yerin beyindən uzaqlığlından aslı olaraq 3-12 həftə (bəzən daha çox) çəkə bilər!

Quduz virusunun gizli silahı!
Virus beyinə çatdıqda immun sistemi işlərin yolunda getmədiyinin fərqinə varır və virusu məhv etmək üçün xüsusi immun hüceyrələri (T hüceyrləri) göndərir. Amma, virus burda mükəmməl bir taktika ilə özünü qoruyur. Beləki virus qan-beyin bariyerini keçdikdən sonra immun hüceyrələrindən “gizlənmiş” olur. Həmçinin sinir sistemimiz olduqca həssas olduğundan özünü qorumaq üçün immun hüceyrələrini məhv edə bilmə bacarığına malikdir. Quduzluq virusu da neyronların bu bacarığından istifadə edərək onu məhv etməyə proqramlaşmış immun hüceyrələrini (T hüceyrləri) məhv etməyi “əmr edir”.
Geri dönüşü olmayan yol! Virus necə öldürür?
Virus “beyin sapına” (brainstem) çatıbsa xəstənin ölməsi qaçınılmaz olur. Burda o, daha sürətlə çoxalaraq beyində dəhşətverici xəsarətlərə yol açır. Məhz bu mərhələdə xəstəliyin simptomları özünü biruzə verməyə başlayır – bunlar aqresiya, dalğınlıq, hiperaktivlik, yuxusuzluq, bəzən iflic və s. Virus bu mərhələdən sonra yenidən bədənə yayılmağa başlayır, xüsusən də tüpürcək vəzini hədəf alır. Burda virus iki inanılmaz simptoma səbəb olur – tüpürcək istehsalının artırılması (hipersalivasiya) və sudan qorxma (hidrofobiya). Virus bir növ bunu edərək özünün növbəti sakinə yoluxması şansını artırır – inanılmaz deyilmi?! Nəticədə xəstə öz tüpürcəyini belə uda bilmir. Buna görə quduz xəstəliyi dedikdə ağlımızda ağzı köpüklü xəstələr canlanır. Hətta virusun aqressiya yaratmaqda belə məqsədi xəstənin dişləmə instiktini artıraraq növbəti qurbana keçməsinə nail olmaqdır.

BƏS BU XƏSTƏLİYƏ ÇARƏ VAR?
Qeyd etidiyim kimi əgər virus beyinə çatıbsa ölüm qaçınılmazdır! Amma, şanslıyıq ki, virus beyinə çatanadək çox yavaş çoxalır və hərəkət edir. Buda bizim vaksin olunmağımıza və immun sistemimizi işğalçı ilə tanış etməyimizə şərait yaradır. Buna görə də istənilən vəhşi heyvan dişləməsində GEC OLMADAN vaksin olunmaq lazımdır! Eyni zamanda ev heyvanı sahibləri dostlarının mütləq amma mütləq quduzluq vaksini olduğundan əmin olmalıdırlar.

Oxuduğunuz üçün təşəkkürlər. Bu yazıda məqsəd sözün əsl mənasında beynimiz üzərində “sehirbazlıq” edərək öz yoluxduruculuğunu artıran bir virusun inanılmaz hekayəsini bölüşmək idi. Ümid edirəm xoşunuza gəldi.
Leave a Reply