Bu yazımızda bizim tarix dərsliklərindən adını gördüyümüz məhşur hökmdarların, şəxsiyyətlərin adını daşıyan bəzi heyvan növləri ilə tanış olacağıq.
- Misirin tarixi deyəndə ağıla ilk gələn hər halda həm də gözəlliyi ilə tanınmış məhşur çariça Kleopatradır. Ötən əsrin əvvəllərində (1902) kəşf olunmuş və gözəl mavi rəngləri ilə seçilən bu arı növü onun adını daşıyan onlarla heyvandan sadəcə biridir: lat. Augochloropsis cleopatra

2. Tarixdə mənim ən sevdiyim dönəmlərdən biri Hun imperatorluğunun olduğu dönəmdir. Və əlbəttə hunlar dedikdə ağıla Atilla gəlir. Mərkəzi Amerikanın tropik meşələrində rast gəlinən “milçəkqapan” quşlarının bir cinsi onun adını daşıyır. Maraqlıdır ki, yeddi növü olan bu quş cinsinə Atilla adının verilmə səbəbi kiçik olmalarına baxmayaraq Atilla kimi aqqresiv olmalarıdır. Əlavə olaraq onu da qeyd edim ki, Macarıstanda kəşf olunmuş zərərverici yarpaq biti növü də Atillanın adını daşıyır (lat. Floracarus atillai)

3. Tarixin səhifəsini adını milyonların qanı ilə yazdrmış şəxslərdən biri də Hitlerdir. Biz onu pis şəxsiyyət kimi tanısaq da 1937-ci ildə alman entimoloq Oskar Scheibel Sloveniyanın mağaralarında kor bir sərtqanadlı növü tapdıqda o vaxt hakimiyyətdə olan führerin şərəfinə lat. Anophthalmus hitleri adı verir. Adolf Hitler bunu eşidəndə zoolaqa təşəkkür məktubu da göndərir. Maraqlıdır ki, bu bədbəxt böcək sırf Hitlerin adını daşıyır deyə kolleksiyaçıların qurbanına çevrilib və sayı azalmaqdadır.

4. “Muhteşem yüzyıl” serialına baxanlar yəqin ki, Xürrəm Sultan xarakterini yaxşı tanıyırlar. Birinci Süleymanın həyat yoldaşı olan bu xanım bugünki Ukrayna ərazisində anadan olmuşdur. 16-cı əsrdə yaşayan və qərb mənbələrində adı Rokselana (“Rus qadını”) kimi qeyd olunan bu xanımın adını daşıyan və Çinin dağlarında rast gəlinən bir meymun növü var: lat. Rhinopithecus roxellana

5. İstər ölkəmizin, istərsə də dünya tarixində böyük iz qoyan şəxslərdən biri də Əmir Teymurdur. Bildiyiniz kimi ona həm də Teymur Ləng (çox vaxt təhqir kimi) deyirdilər. Özbəkistanda tapılmış bir dinozavr cinsi isə onun adını daşıyır: lat. Timurlengia

Əlbəttə siyahını uzatmaq da olar. Çünki, başda Darvin kimi təbiət elminə önəmli töhvə vermiş şəxslər olmaqla yüzlərlə heyvan insanların adını daşıyır. Bəzi heyvanlar bəstəkarlar, prezidentlər, film personajları, müğənnilər və s. şərəfinə adlandırılmışdır. Mən bu yazıda özümə ən maraqlı gələn 5 nümunəni seçdim.
Daha ətraflı bu siyahıdan tanış ola bilərsiniz – https://en.wikipedia.org/wiki/List_of_organisms_named_after_famous_people_(born_before_1800)
Leave a Reply