Düzdür ölkəmizdə də nəsli kəsilmiş və kəsilməkdə olan quş növləri var, bu barədə yazmışdım.

Bu dəfə isə emojisi belə olan (🦤), nəsli kəsilmiş dodolardan bəhs edəcəm. Dodolar (lat. Raphus cucullatus) Madaqaskarın şərqində yerləşən Mavriki adasına endemik olan, 1 metr hündürlüyə və 20 kq-a qədər çəkiyə malik quş növü idi. Ən yaxın yaşayan əqrabası başda Nikobar göyərçini olmaqla müxtəlif göyərçinkimilərdir. Ədəbiyyatlarında ilk dəfə onlardan 1598-ci ildə Jacob Van Neck-in başçılığı ilə adaya çatan Holland səyyahlar bəhs edir. Uçma bacarığı olmayan bu quşlar elə dənizçilər üçün asan qidaya çevrilir. Lakin, onların məhvinin əsas səbəbi dənizçilərin özləriylə gətirdiyi işğalçı növlər – it, pişik, donuz və siçovul olmuşdur. Bilinən sonuncu dodo 1662-ci ildə qeydə alınmışdır və bundan sonra nəsli tükənmiş hesab olunur.

Tarixdə məlum ilk dodo təsvirləri Hollandların 1598-ci il səfərindən bəhs edən və 1601-ci ildə yazılmış “Het Tweede Boeck” əsərindəndir. İri dimdikli, qısa qanadlı təsvir onun dodo olduğunu deməyə əsas verir.

İlk dodo təsviri, “Het Tweede Boeck” əsəri, 1601-ci il.

Həmin ildə ərsəyə gəlmiş digər bir Holland əsərində, adada olan Laerle adlı rəssam dodonu daha yaxşı təsvir edə bilir (ehtimal ki, yenicə öldürülmüş fərd əsasında):

Rəssam Laerle-nin çəkdiyi dodo təsviri, 1601-ci il.

17-ci əsr boyunca müxtəlif səyyahların əsərlərində və digər mənbələrdə dodo təsvirlərini görmək olar. Bu dövrdəki dodo təsvirləri arasında bəlkə də ən maraqlısı Monqol imperatoru Cahangirin (1569-1627) kolleksiyasında olan dodolardır. Tarixi qeydlərə görə onun heyvanlara marağını bilənlər sarayı ziyarət edərkən şah Cahangirə öz bölgələrindən maraqlı heyvanlar hədiyyə edirmişlər. Saray rəssamı olan Ustad Mənsur da bu heyvanların bəzilərinin rəngli təsvirlərini çəkib. Xatırladım ki, Ustad Mənsur ilk rəngli dodo təsvirini çəkməklə yanaşı ölkəmizin ən nadir quşlarından biri olan ağ durnanı təsvir etmiş ilk şəxs hesab olunur.

Ustad Mənsurun dodo təsviri, Şah Cahangirin kolleksiyası, 1625-ci il.

Sonda isə ümumiyyətlə nəsli tükənmiş canlıların necə klasifikasiya olunmasından yazmaq istədim. Əlbəttə düşünə bilərsiniz ki, bir canlının nəslinin tükəndiyini necə bilmək olar? Canlıların qorunma statusunu müəyyənləşdirən Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) əvvəllər “50 il qaydası” adlanan metodu tətbiq edirdir. Yəni bir canlı son 50 il ərzində müşahidə olunmayıbsa deməli onu nəsli tükənmiş hesab etmək olar. Lakin, bəzən nəsli tükənmiş elan olunan heyvanlar yenidən müşahidə edilir. Əslində bu geniş yayılmış hadisədir və ekoloqlar arasında “Lazarus effekti” olaraq bilinir. Alimlərin nəsli tükənməmiş canlını “tükənmiş” elan etməsinə isə məhşur əsərə istinadən “Romeo xətası” adlandırırlar. Bütün bunları nəzərə alaraq BTMB yeni kriteriya qəbul edib – artıq sonuncu fərdini öldüyü bilinən və ya sistematik axtarışların bir fərd tapmaqda belə uğursuz olduğu növlər nəsli tükənmiş hesab olunur.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. […] deyilir. Ən çox əziyyət çəkən adalarda yaşayan endemik quş növləri olmuşdur (məhşur dodo quşu kimi). Növbəti yüzilliklərdə əlavə olaraq 200-700 quş növünün nəslinin tükənəcəyi […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading