Bir quş müşahidəçisi kimi istədim ki, bu mövzuda da yazım olsun. İlk öncə onla başlamalıyıq ki, quşların monitorinqi nəyə lazımdır? Nəsli tükənməkdə olan növlərin mühafizəsi şansını artırmaqdan tutmuş ekosistemin sağlamlığını anlamaq və saxlamaq üçün quşların monitorinqi vacibdir! Quşların biomüxtəlifliyi həyatımızın hər mərhələsini – qidamızı, səhətimizi dəyişdirir (ətraflı bax: ekosistem xidmətləri)

  1. Vizual müşahidə
Beşbarmaq darboğazındakı köç sayımlarımızdan…

Adından da göründüyü kimi bu monitorinq formasında vizual olaraq (binokl, monoskop kimi optik cihazlarla) quşların müşahidəsi aparılır. Burda önəmli olan, xüsusən çoxalma dönəmində quşların yuvalarına yaxınlaşmamaq və ümumiyyətlə onların davranışına maneə olmamaqdır. Ümumiyyətlə bu cür müşahidə dünyanın ən populyar “vətəndaş elmi“ metodlarından sayılır və müşahidəçilərin eBird kimi platformlara əlavə etdiyi məlumatlar ornitoloqlar tərəfindən müxtəlif araşdırmalarda istifadə olunur. Bu müşahidə formasını biraz təkmil forması isə köç sayımları, qış sayımları, yuvalama sayımları (breeding survey), havadan sayımlar (dron, təyyarə və s.) sayılır.

2. Akustik müşahidə

Quş müşahidəsinin bu forması quşlar deyəndə ağlımıza gələn şeyldərdən biri olan onların nəğmələrinə bel bağlayır. Bu zaman müxtəlif səs yazma cihazlarından və təyin etmə tətbiqlərindən istifadə olunur. Bu metodun üstünlükləri vizual olaraq bənzər olub, səsləri fərqli olan (silvilər kimi) quşları öyrənmək, gözlə müşahidənin mümkünsüz olduğu vaxtlarda (gecə kimi) müşahidəni davam etməkdir. Qeyd edim ki, növlər arasında səs bənzərlikləri olsa da hər növün çıxardığı səslər barmaq izi kimi unikaldır!

3. Halqalama/GPS izləmə

Halqalanmış bir şəfəq bülbülü

Əslində bu ikisi ayrı müşahidə metodlarıdır, lakin hər ikisində quşları tutmaq lazım olduğu üçün onları ümumiləşdirdim. Halqalama zamanı quşlar xüsusi torlarla (quşun növündən, ölçüsündən, yaşadığı yerdən aslı olaraq dəyişir) və ya yuvadaykən tutulur və daha sonra ayağına halqa taxılır. Halqalar kiçik çəkili olduğundan quşun həyat tərzinə maneə olmurlar və üzərində xüsusi rəqəmlər olur. Növbəti dəfə müşahidəçilər bu quşu tutduqda və ya ərazidə halqadakı rəqəmləri oxuduqda quşun hardan-hara köç etməsi barədə məlumat sahibi olurlar. Əlavə olaraq quş tutulduğundan onun yaşı, sağlamlığı (köç qabağı yağ miqdarı), hətta genetik məlumatları da əldə oluna bilər. Daha iri quşlarda isə bəzən boyun halqası, qanad işarəsi və ya burun yəhəri adlanan başqa nişanalar taxılır (ayaq haqasının oxunması çətin olan – yüksəkdən uçan, suda vaxt keçirən və s. növlər üçün)

Boynuna nişan taxılmış fısıldayan qu quşu.

Bənzər formada müasir texnologiyanın inkişafı ilə GPS ötürücülərin çəkisi azaldığından quşlara GPS ötürücülər taxılır (yenə növdən aslı olaraq ölçü dəyişir). Bu metod quşların hərəkəti barədə daha səlis məlumat verir. Bir çox yeni ornitoloji bilgilər (uzunqanadların ilin 8 ayı havada qalması və hətta havada yatması kimi) bu texnologiyanın hesabına əldə olunub. Sadaladığım metodların hamısında əsas məsələ quşun fəaliyyətinə maneə olmayacaq nişan və cihazların seçilməsidir, təəssüf ki, bəzən alimlər də bu məsələyə ciddi yanaşmırlar!

Üstündə həm GPS ötürücü, həm də qanad nişanları olan ağbaş kərkəs.

4. İzotop analizi

Bu metod elmi fantastika (Sci-Fİ) filmlərindən çıxmış kimi səslənsə də az hallarda olsa da istifadə olunur. Hər bir canlı üzərində yaşadığı yerlərin “izlərini” daşıyır. Quşlarda lələklərindəki stabil izotopları (protonlarının sayı stabil olub neytronları dəyişən elementlər) ölçərək onların hardan hara hərəkət etdiyi, harda çoxaldığını bilmək mümkündür. Məsələn, artıq nəsli tükənmiş hesab edə biləcəyimiz kiçik əyridimdik adlanan cüllüt növünün harda çoxaldığını heç kim bilmirdi. Ölkəmizdə ən son 1988-ci də görülən (əslində ovlanan!) bu quşun muzey eksponatlarının izotop analizi nəticəsində məlum oldu ki, onların çoxalma arealı Mərkəzi Asiyada, Rusiya-Qazaxıstan sərhədindəki çöllüklər imiş. Bu analizin üstünlüyü ondadır ki, artıq alimlər bu növü axtararkən hara baxmaq lazımdır bilirlər (təəsüf ki, bu növü hələ də tapmaq mümkün olmayıb!)

Kiçik əyridimik cüllütün tək-tük fotolarından!

5. DNT analizi

Bu metodda biz iki araşdırma formasını vurğulaya bilərik. Birincisi növlərin bir-biri ilə genetik yaxınlığını öyrənmək üçün edilən DNT testləridir (ən çox lələklərdən toplanan DNT istifadə olunur). Digəri isə ətraf mühit DNT-si (eDNT) adlanan metoddur. Beləki suda, torpaqda və digər mühitlərdə orda yaşayan canlıların DNT izinə rast gəlmək mümkündür. Bu metod götürülmüş torpaq, su nümunələrdə canlı (quş) DNT-si aşkarlamağa əsaslanır. Olduqca bahalı olduğundan tez-tez tətbiq edilən metod deyil.

6. Radar müşahidəsi

Metorologiya və ya hərbi sahəsində olanlar bilirlər ki, quşların hərəkətini (xüsusən böyük dəstələrin) radarlarda görmək mümkündür. Bu səbəbdən bəzi ölkələrdə, xüsusən hava limanlarında uçuşların təhlükəsizliyini təmin etmək üçün köç vaxtı quşların hərəkəti radar vasitəslə izlənir. Beləcə onların hərəkət istiqdaməti, sürəti, sayı və s. barədə məlumt toplamaq mümkündür.

Qeyd edim ki, sadaladıqlarım müxtəlif metodların ümumiləşdirilməsidir, digər metodlar da mövcuddur. Praktikada çox vaxt müxtəlif metodların kombinasiyaları istifadə olunur.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. […] gəlir. Bu da Vizdomu təbiətdə bilinən və hətta nəsil artıran ƏN YAŞLI quş növü edir. Quşların monitorinqin formalarından olan halqalama prosesinin faydalarından biri də məhs bu cür məlumatların əldə oluna bilməsidir. […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading