Təbiətlə iç-içə olan biri olaraq ölkəmizdən yeni növlərin tapılmasını həmişə sevinclə qarşılamışam. Xüsusən də ölkəmizdə ilk dəfə qeydə alınan quşlar həmişə mənim üçün maraqlı olur. Bəs iki öl öncə ölkəmizdən ümumiyyətlə elmə yeni məlum olan bir canlı təsvir olunduğunu desəm?

Söhbət bir çoxumuzun tiksindiyi, qorxduğu əqrəblərdən gedir. Naxçıvanlı olaraq yay gecələrim qısaca desəm “bol əqrəbli” keçib. Xüsusən də son illərdə gecələr sıxılanda çölə gəzintiyə çıxar və məhəlləmizdəki əqrəbləri UV fənərlə axtardım. Fikrimcə təbiətdə vaxt keçirən hamı ölkəmizdə rast gələ biləcəyiniz zəhərli canlıları tanımalıdır. Bu məqsədlə bloqpost da yazmışdım.

Yadıma gəlir həyat bilgisi kitabında Azərbaycanda 3 növ əqrəb olduğu yazılmışdı – qara, sarı və boz. Əlbəttə bu təsvir elmdən uzaq idi və hələ də qeyd olunan “boz əqrəbin” hansı olduğunu bilmirəm. Amma onu bilirəm ki, ölkəmizdə ən azı 7 əqrəb növü var:

  1. Androctonus crassicauda (syn. kunti?) (Qara əqrəb)
  2. Mesobuthus eupeus  (Avropa əlvan əqrəbi)
  3. Mesobuthus persicus (Fars əlvan əqrəbi)
  4. Mesobuthus zarudnyi (Zarudnyi əlvan əqrəbi)– İlk dəfə 2022-ci ildə ölkəmizdə kəşf olunub!
  5. Olivierus caucasicus (Qafqaz əlvan əqrəbi)
  6. Euscorpius mingrelicus (Minqreli qonur əqrəbi)
  7. Euscorpius naupliensis (Anabolu/Nafplyon qonur əqrəbi)
Qafqaz əlvan əqrəbi və qara əqrəbin arealı (mənbə: Новрузов 2023)

Gələk bəhsini etdiyim bu yeni növə! Onun adı Zarudnyi əlvan əqrəbidir. Adını 19-cu əsr rus zooloqu olan Nikolay Zarudnyidən alır. Erkəkləri 40-49 mm, dişiləri isə 42-58 mm-ə kimi böyüyə bilir. Ümumi rəngi sarıdan qırmızı-qəhvəyiyə kimi dəyişə bilir, quyruq sonu qaradır. Xalq arasında əlbəttə digər əlvan əqrəblər kimi sarı əqrəb olaraq bilinir və bu növləri adi gözlə ayırmaq çətindir. Lakin, coğrafi olaraq bu növ Abşeron yarmadası və ətraf ərazilərdə, Fars əlvan əqrəbi yalnız Talış zonasında və Avropa əlvan əqrəbi isə daha geniş bölgədə yayılıb (xəritə 1). Bu növlərin areallarının harda başlayıb-bitdiyini öyrənmək üçün ayrıca araşdırmalar aparılmalıdır.

İlk dəfə ölkəmizdə kəşf olunan Zarudnyi əlvan əqrəbi
Qobustanda qarşılaşdığım bu yeni növə aid fərd.

Ölkəmizdəki əqrəblərdən yalnızca Qara əqrəb (Androctonus sp.) və Əlvan əqrəb (Mesobuthus sp.) insan həyatı üçün təhlükəli olabilər. Ən çox ölüm hadisəsi qara əqrəb sancması zamanı baş verir. Təsadüfi deyil ki, qara əqrəbin latınca adı olan “Androctonus” sözünün mənası “kişi qatili” deməkdir. Təbii ki, ölüm həmçinin sancılan insanın yaşından, sağlamlıq vəziyyətindən, sancamanın olduğu yerdən (ürəyə yaxınlıq) aslıdır.

Qalın quyruğu ilə seçilən, ölkəmizin ən təhlükəli əqrəbi – Qara əqrəb

Xalq arasında sarı əqrəb olaraq bilinən əlvan əqrəb sancmaları çox vaxt ölümsüz keçir. Yalnız nadir hallarda xəstə ölə bilir. Yenə də əlvan əqrəb sancması zamanı da həkimə müraciət etmək lazımdır!

Sonuncu iki növ (“qonur əqrəblər”) ən zəif zəhərə malik olan növlərimizdir. Onların sancması arı sancması kimi lokal qızartıya səbəb olur. Onu da qeyd edim ki, Anabolu/Nafplyon qonur əqrəbinin (Euscorpius naupliensis) vətəni Yunanıstandır, ölkəmizə sonradan insanlar tərəfindən gətirilib və hazırda sayı məlum deyil. Bu növün 2018-i ildə cəmi 2 fərdi qeydə alınıb.

Vətəni Yunanıstan olan, amma Şamaxı və Qobustanda tutulmuş Nafplyon qonur əqrəbi (Euscorpius naupliensis) nümunələri

Ümumiyyətlə əqrəb sancdıqda yarayı suyla təmizləməli,  sancılan yerə buz qoymalı, sonra isə xəstəxanaya müraciət edilməlidir. Yarayı deşmək, sormaq olmaz.

Ölkəmizdə mövcud olan əqrəb növlərinin tam sayı məlum deyil. Məsələn, İranın şimalında (Ərdəbil) olub, ölkəmizdə qeydə alınmayan, lakin sərhəd bölgələrində olma ehtimalı olan əqrəb növləri də var. Yalnız Naxçıvanda rast gəlinən qara əqrəbin isə təsnifatı dəyişə bilər, çünki 2023-cü ildə Türkiyədə, İğdırda yeni qara əqrəb növü (lat. Androdoctonus kunti) təsvir olunub. Ehtimal ki, ölkəmizdəki qara əqrəblər məhz bu növə aiddir.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!

Əsas mənbələr:

Novruzov N. E., Kovařík, F., & Fet, V. (2022). “Mesobuthus zarudnyi sp. n. from Azerbaijan (Scorpiones: Buthidae)”. Euscorpius. 347: 1-9.

Новрузов (2023). Биоразнообразие и распространение скорпионов и сольпуг (Arachnida, Scorpiones, Solifugae) в Восточном Закавказье. Зоологический журнал, 2023, T. 102, № 6, стр. 631-642.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. […] ölkəmizə. Əvvəl də qeyd etdiyim kimi ölkəmizdə 7 növ əqrəb qeydə alınıb. Əslində bu say çox ola bilər, çünki […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading