Azıxantropa məxsus fosil 3 dişi olan (2-si qırılıb) alt çənə sümüyüdür və 1968-ci ildə kəşf olunub. Fosili kəşf edən Məmmədəli Hüseynov onu ayrıca növ kimi təsvir etmiş və ona Azıxantrop (Palaeoanthropus azykhensis) adını vermişdi. Hazırda mövcud mənbələrə görə isə Azıxantrop Homo heidelbergensis (Heilderberq adamı) növünə məxsusdur. Maraqlı məqam isə burdadır ki, alimlər hələ də bu növün biz Homo sapienslərin mi, yoxsa Neandertallarınmı (Homo neanderthalensis) əcdadı olduğu fikrində ortaq qərara gələ bilmirlər. Bəzilərinə görə bu iki növün ortaq əcdadıdır. Onu da qeyd edim ki, bu qalıq növün ən şərqdəki qalığı hesab olunur. Onların beyin ölçüsünün müasir insandan cəmi 10% kiçik olduğu, proto-danışıq dilinə sahib olduqları, ölüləri dəfn etdikləri, oddan istifadə etdikləri düşünülür. Bir məsələ də var ki, Azıxantropun diş uzunluğu 35 mmdir, hansı ki həm H.erectus-un, həm də H.heidelbergensis-in azı dişinin uzunluğundan 1 mm kiçikdir. Qeyd edim ki, cüzi fərq olsa da daha kiçik dişlər daha yüksək inkişafın və spesifik diyetin göstəricisi hesab olunur. Digər problem isə Azıxantrop fosilinin yaşı ilə bağlıdır. Bizim tarix kitablarında Azıxantropun 350-400 min il əvvəl yaşadığı qeyd olunsa da, bəzi mənbələrə görə o 400 min illə 50 min il arası istənilən bir dövrdə yaşamış ola bilər.

Azıxantrop (Homo heilderbergensis) dişisinin təsviri

Azıxantrop sümüyünün tapıldığı Aşöl təbəqəsindən çoxlu daş alət və heyvan sümükləri də əldə edilmişdir. Azıx mağarısında tapılan fauna nümunələri arasında quşlardan adi muymul (Falco tinnunculus), boz kəklik (Perdix perdix), sarıdimdik və qırmızıdimdik dağ qarğaları (Pyrrhocorax sp.) və yeni növ kimi təsvir olunmuş “Qarabağ vəhşi toyuğu” (Gallus karabachensis) var. Sonrakı araşdırmalar bu Buz Dövrü “toyuğu” qalıqlarının əslində Xınalı kəkliyin (Alectoris chukar) əcdadı olmuş kəklik növünə aid olduğunu ortaya qoymuşdur! Məməli qalıqları arasında mağara ayısı, bəbir, mağara kaftarı, canavar, tülkü, gərgədan, maral, dağ keçisi, qaban və s. var.

Azıx mağarısında arxeoloji qazıntılar işğal dönəmində davam etmiş və beynəlxalq alimlərin iştirakı ilə 2002-2009-u illər arasında 8 dəfə qazıntılar aparılmışdır. Bu zaman başqa bir hominin növü olan Neandartalların (Homo neanderthalensis) qalıqları aşkarlanmışdır. Neandertallar bizim nəsli tükənmiş ən yaxın əqrabamız olublar. Müasir araşdırmalar onların bizim kimi dini rituallara, öz növündən olanlara qayğıkeşlik göstərməsinə və danışıq dilinə sahib olduğunu deyir. Maraqlı bir fakt kimi onu da qeyd edim ki, müasir dövrdə belə Avropa və Orta Şərqdəki insanlarda 1-4% Neandertal genlərinə rast gəlmək olur. Yəni biz Azərbaycanlılar arasında da nəsli tükənmiş bu qədim insanın genlərini daşıyanlar var! Azıx mağarasında tapılmış Neandertal qalıqlarının 120 min il öncəsinə aid olduğu qeyd olunur. Bu yaxınlarda İraqın şimalındakı Şanidar mağarasında tapılmış, 75 min yaşı olan bir qadın neandartalın kəlləsinin rekonstruksiyası başa çatdı və bu barədə Netflix platformunda “Neandertallararın sirrləri” adlı maraqlı sənədli film də var. Neandartallar bizdən daha əzələli bədən quruluşuna, iri “qaş sümüklərinə” (supraorbital ridge) və çıxıq çənələrinin olmamasına görə seçilirdilər.

Şanidar Z adı verilmiş qadın Neandartalın rekonstruksiyası və kəlləsi (University of Cambridge)

Azıx mağarasında tapılmış sonuncu hominin növü bizik. Yəni “ağıllı insan” (Homo sapiens) qalıqları. Bu qalıqlar ən azı 4 insana aiddir. Bu müasir insanlar qalıqlarının yaşının karbon analizinə görə 1265-2300 il əvvəl mağara kompleksində yaşamışdılar. Yenidən bu müasir insanlar Afrikadan Avrasiyaya yayılarkən Qafqazdan keçmiş, Azıx mağarasında məskunlaşmışlardır.

Sonda onu qeyd etmək lazımdır ki, Azıx mağarasındakı qalıqlar Afrika xaricindəki ən qədim hominin qalıqlarından biridir. Azıx və yaxınlıqdakı Tağlar mağarasında tapılmış alov və primitiv daş alət qalıqları əsasında təsvir olunmuş “Quruçay mədəniyyətinin” (1.2 milyon – 500 min il əvvəl) məhz Azıxantropun əcdadı hesab edə biləcəyimiz “Dikduran adam” (H.erectus) növünə aid olduğu düşünülür. Qonşumuz Gürcüstanda yerləşən Dmanisi mağarasında tapılmış Homo erectus kəllə sümükləri 1,8 milyon illik tarixi ilə Afrika xaricində tapılmış ən qədim hominin fosili hesab olunur. Qısaca biz sadəcə Azıx mağarasındakı qalıqlar vasitəsilə insanın təkamül ağacının bilinən bütün parçaları arasındakı əlaqəni görə bilirik.

Məqalədə adı keçən Homo cinsinin müxtəlif növlərinin kəllələri

Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

2 responses

  1. […] skletlərdir. Bizim Azıx mağarısında tapılmış insan qalıqları (Homo heidelbergensis = azıxantrop) əsasən onun  400 min illə 50 min il arası istənilən bir dövrdə yaşaması qeyd olunur. […]

  2. […] Bu yaxınlarda Xocavənd rayonunda yerləşən Tağlar mağarasında Neandertal qalıqlarının tapılması barədə xəbər qarşıma çıxdı. Bu Qafqaz regionun qədim hominin sakinlərinin öyrənilməsi cəhətdən olduqca vacib tapıntıdır. Bundan əvvəl bloqda yaxınlıqda yerləşən Azıx mağarasında tapılmış hominin növlərinin qalıqları, xüsusən də Azıxantrop adlandırdığımız erkən hominin haqqında yazmışdım. […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading