Bu yaxınlarda Xocavənd rayonunda yerləşən Tağlar mağarasında Neandertal qalıqlarının tapılması barədə xəbər qarşıma çıxdı. Bu Qafqaz regionun qədim hominin sakinlərinin öyrənilməsi cəhətdən olduqca vacib tapıntıdır. Bundan əvvəl bloqda yaxınlıqda yerləşən Azıx mağarasında tapılmış hominin növlərinin qalıqları, xüsusən də Azıxantrop adlandırdığımız erkən hominin haqqında yazmışdım.
Bu dəfə isə dünyada məhşur Azıx mağarasında əldə olunmuş fauna qalıqları haqqında yazacam. Çünki internətdə mağara haqqında, insan qalıqları, tapılmış daş alətlər haqqında geniş məlumat olsa da heyvan növləri barədə məlumat çox azdır (akademik işlər xaric). Mən də bu boşluğu doldurmaq, xüsusən tapılmış unikal növlər haqqında yazmaq istədim.
Mağaranın kəşfindən bəri, 1960–1980-ci illər ərzində Azıx mağarasının I–VI təbəqələrindən Azıxantrop alt çənə sümüyü ilə yanaşı, digər heyvanlara aid fosillər və daş alətlərdən ibarət arxeoloji materiallar aşkar edilmişdi. Lakin, 2002-ci ildən sonra (Qarabağın işğal dönəmində) mağaranın I–V təbəqələrində yeni qazıntılar aparılmışdır. Nəticədə mağara kompleksinin faunası haqqında biliklər artmışdır.
Ümumilikdə qəbul olunur ki, fosil daşıyan bütün təbəqələrdə adətən interqlasial (buzlaqlararası dövrə aid) elementlər hesab olunan növlər qeydə alınmışdır. Buna qarşılıq, qlasial (buzlaq dövrünə aid) elementlərə dair aydın sübutlar yoxdur. Bu isə mağaranın yüksək dağlıq ərazidə yerləşməsinə baxmayaraq, həmin dövrdə mülayim iqlim şəraitinin hökm sürdüyünü göstərir.
VI–IV təbəqələrində aşkar edilən kiçik ölçülü nəcib maral (Cervus elaphus) bu təbəqələrin maksimum 500–550 min il, V təbəqəsindəki inkişaf etmiş maral buynuzları isə 450–400 min il yaşa malik olduğunu göstərir. Digər iri məməli növlərinin, xüsusilə çöl gərgədanı (Stephanorhinus hemitoechus) və mağara ayısı (Ursus spelaeus) qalıqları VI–II təbəqələrin təxminən 300 min il və ya daha gənc olduğunu göstərir. Faunistik göstəricilər VI–Vu təbəqələrinin 300–240 min il əvvələ aid olduğunu, radiometrik tarixləndirmə isə Vm təbəqəsi üçün təxminən 300 min il, Vu təbəqəsi üçün isə 200 min il yaş müəyyən etmişdir. Yalnız I təbəqədən tapılmış əhilləşmiş heyvanlar daha müasir dövrə aiddir. Ev heyvanlarına aid qalıqlar I təbəqənin Holosen dövrünə (12 min il öncədən-günümüzə) aid olduğunu göstərir.
İri məməlilər arasında ən maraqlı qalıqlar yırtıcılar və dırnaqlılar qrupuna aiddir. Canavar, tülkü, vaşaq və xüsusilə də bəbir və xallı kaftar kimi növlərin mövcudluğu keçmişdə güclü və balanslı bir yırtıcı-fauna sisteminin olduğunu göstərir. Dırnaqlılar arasında nəcib maral, xallı marallar, nəhəng maral və bizon kimi növlər meşə və meşə-çöl mühitlərinin üstünlük təşkil etdiyini göstərir. Çöl və meşə gərgədanlarının birlikdə tapılması isə həm açıq çöl, həm də sıx bitki örtüklü sahələrin paralel mövcudluğunu təsdiqləyir. Vəhşi at və vəhşi eşşək qalıqları isə açıq çöl ekosistemlərinin də mühüm rol oynadığını göstərir. Ümumilikdə, iri məməli fauna bu ərazidə yüksək ekoloji müxtəlifliyin və mozaik landşaftların olduğunu göstərir.


Kiçik məməlilər arasında ən maraqlı qalıqlar pika, sünbülqıran və marmot qalıqlarıdır. Günümüzdə onlara Cənubi Qafqazda demək olar ki, rast gəlinmir, amma areallarının digər yerlərində bu gəmiricilər çöl ekosistemlərinin sağlamlığı üçün indikator növ olub, manul pişiyi, ütəlgi qızılquş kimi olduqca nadir növlərin qidasını təşkil edirlər. Daha əvvəl sünbülqıranlar haqqında yazmışdım. Həmçinin siçovul qalığının olması da maraqlıdır. Çünki, çox vaxt onlar insan fəaliyyəti ilə bağlı olaraq dünyaya yayılırlar, lakin bu qalıqlar göstərir ki, onların Cənubi Qafqazda tarixi olduqca qədimdir.
İRİ MƏMƏLİLƏR
- Adi tülkü (Vulpes vulpes)
- Boz canavar (Canis lupus)
- Adi çaqqal (Canis aureus)
- Avropa porsuğu (Meles meles)
- Daşlıq dələsi (Martes cf. foina)
- Xallı kaftar (Crocuta crocuta)
- Vaşaq (Lynx sp.)
- Qamış pişiyi (Felis chaus)
- Bəbir (Panthera pardus)
- Mağara ayısı (Ursus spelaeus)
- Ayı növü (Ursus sp. (U. thibetanus? / U. arctos?))
- Avropa vəhşi eşşəyi (Equus hydruntinus)
- Asiya vəhşi eşşəyi? (Equus cf. asinus)
- Vəhşi at (Equus ferus)
- Əhliləşdirilmiş at? (Equus caballus)
- Çöl gərgədanı (Stephanorhinus hemitoechus)
- Meşə gərgədanı (Stephanorhinus kirchbergensis)
- Çöl donuzu (Sus scrofa)
- Ev donuzu (Sus scrofa domesticus)
- Cüyür (Capreolus pygargus)
- İbtidai xallı maral (Dama aff. peloponesiaca)
- İran xallı maralı? (Dama mesopotamica?)
- Xallı maral (Lan)? (Dama dama?)
- Nəhəng maral (Megaloceros solilhacus)
- Nəcib maral (Cervus elaphus)
- Meşə bizonu (Bison schoetensacki)
- Bizon və ya öküz növü (Bos/Bison)
- Arxar (vəhşi qoyun) (Ovis ammon)*
- Bezoar keçisi (Capra aegagrus)
- Ev keçisi (Capra hircus)
- Sayqa antilopu (Saiga tatarica)
*= Ehtimal ki, porsuq qalığı Qafqaz porsuğu (Meles canescens) növünün əcdadı olmuş, indi yalnız Xəzərdən şərqdə olan arxarı (Ovis ammon) isə Cənubi Qafqaz muflonu (Ovis gmelini) əvəzləmişdir.


KİÇİK MƏMƏLİLƏR
- Kiçik qonurdiş (Sorex minutus)
- Meşə qonurdişi (Sorex araneus)
- Ağdiş növü (Crocidura spp.)
- Köstəbək növü (Talpa sp.)
- Adi gəlincik (Mustela nivalis)
- Pika növü (Ochotona spp.)
- Çöl dovşanı (Lepus sp.)
- Marmot növü (Marmota sp.)
- Sünbülqıran növü (Spermophilus sp.)
- Siçankimilər fəsiləsi (Muridae)
- Boz siçancıq (Cricetulus migratorius)
- Qızılı siçancıq növü (Mesocricetus sp.)
- Kiçik siçancıq/hamster növü (Allocricetus sp.)
- Sahil siçanı (Clethrionomys glareolus)
- Çöl siçanı (Microtus arvalis/socialis)
- Çöl siçanı növü (Microtus (Terricola) spp.)
- Avropa qar siçanı (Chionomys nivalis)
- Qafqaz qar siçanı (Chionomys gud)
- Korca növü (Ellobius sp.)
- Qum siçanı növü (Meriones spp.)
- Meşə siçanları (Apodemus spp.)
- Siçovul (Rattus sp.)
- Balkan siçanı? (Mus cf. macedonicus)
- Meşə süleysini (Dryomys nitedula)
- Ərəbdovşanı növü (Allactaga spp.)
Sünbülqıran qalığı (Spermophilus spp.) Azıxın II təbəqəsində də qeydə alınmışdır. Hazırda Azıxa ən yaxın sünbülqıran populyasiyası Kiçik Asiya sünbülqıranıdır (S. xanthoprymnus) və o, ən yaxın halda Türkiyə ilə Ermənistan sərhədinə qədər yayılmışdır.
Açıq mühitlərlə bağlı digər kiçik məməli pika (Ochotona) Azıx faunasında Vu, III, II və I təbəqələrindən tapılan fosillərlə təmsil olunur. Azıxdan olan pikanın dəqiq növ təyini hazırda qeyri-müəyyəndir. Ekoloji baxımdan pikalar açıq landşaftlara, xüsusilə qayalı və çöl mühitlərinə sıx bağlıdır. Müasir dövrdə Kiçik Qafqazda yalnız bir pika növünə rast gəlinir: kürən pika (Ochotona rufescens). Bu növ geniş yayılmaya malik olub Pakistan, Əfqanıstan, Türkmənistanın dağlıq ərazilərdə yaşayır. Onun qalıqları Türkiyə və İranda olan bayquşların qalıntılarında (pellet) tapılmışdır. Holosen dövründə bu tip açıq və qayalı mühitlərlə bağlı kiçik məməlilərin yayılması regionun paleoekoloji şəraitini əks etdirən mühüm göstəricidir.
Oxşar yaşayış mühitlərində marmotlar (Marmota) da mövcuddur; onlar əsasən alp çəmənlikləri və çöl ekosistemlərində, həm düzənliklərdə, həm də dağlıq qayalı sahələrdə yayılırlar. Azıxda marmota aid yalnız bir tapıntı II təbəqədən qeydə alınmışdır. Vereshagin (1967) Qafqazda marmotların tarixən mövcud olduğunu qeyd etmiş və onların arealının daralmasını və sonradan yox olmasını insan təzyiqi və həddindən artıq ovlanma ilə əlaqələndirmişdir.
Mənbə:
Yolanda Fernández-Jalvo et al. (eds.), Azokh Cave and the Transcaucasian Corridor. Springer Science+Business Media Dordrecht 2016.
Leave a Reply