Bugün Ümumdünya Ətraf Mühit Günüdür. Bu gün BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən qeyd olunur və dünyanın ən böyük ekoloji maarifləndirmə təşəbbüslərindən biri hesab edilir.

Ekoloji maarifləndirmə geniş anlayışıdır, amma ən bəsit versiyasında insanlara təbiəti sevməyi aşılmaq deməkdir. Bu bloqa illər öncə başlayanda da məqsədim bu idi. Amma bu səfər boyunca özüm üçün də olduqca maraqlı yeni şeylər öyrəndim, yeni kəşflər də etdim. İndi bugünə özəl həmin kəşflərdən biri barədə danışmaq istəyirəm.

Mən təbiətdə gördüyüm hər canlıya baxıram. Bəzən adicə milçəkdən hörümçəyə qədər. Çünki çox vaxt onlar “adi” olmur. Ötən həftə Naxçıvan MR-da quş müşahidəsi turunda olarkən qısa bir arada başladım yaxınlıqdakı yastı daşların altına baxmağa. Ümidim ilan və ya əqrəb tapmaq idi (valideynlərim bunu oxusa ürəkləri düşər). Amma Culfa yaxınlığında sən demə məni başqa sürpriz gözləyirmiş. Olduqca aktiv olan balaca amma rəngarəng hörümçək! Əlbəttə bu hörümçəyi daha əvvəl görməmişdim. Ona görə fotosunu çəkdim. Dağda internet tutmadığından hotelə qayıdanda yalnız növünü təyin etmək üçün tez-tez istifadə etdiyim Obsidentify tətbiqini istifadə etdim (bu arada tövsiyyə edirəm).

Təyinedici tətbiqə görə Hersiliola cinsinə aid olan müəmmalı hörümçək. © Zülfü Fərəcli

Sən demə bu cinsin aid olduğu Hersiliidae fəsiləsi Azərbaycanda nadir imiş! Bu fəsilənin nümayəndələri əsasən ağac qabığında və ya qayalarda mükəmməl kamuflaj olunmaları ilə seçilir. Dünyada 16 cinsə aid 189 növü məlumdur və onların çox az hissəsi 40-cı şimal enliyindən daha yuxarı ərazilərdə yaşayır. Əksər növlərinin arxa hissəsində uzanan tor ziyilciklərinin (spinneret) uzun olmasına görə bir çox dildə “iki quyruqlu hörümçəklər” adını alıblar. Amma mənim qeydə aldığım cinsin (Hersiliola sp.) nümayəndələrinin dişilərində bu çıxıntılar gözə batmır. Həmçinin bu hörümçəklərin bir maraqlı xüsusiyyəti də tor qurmadan ov etmələridir.

Taylanddan olan Hersilia clypealis növünün uzun tor ziyilcikləri (“quyruqları”) © Vikipediya

Ölkəmizə qayıtsaq, ümumiyyətlə bu fəsilənin nümayəndələri kriptik hesab olunur, yəni yaxşı öyrənilməyiblər. Ümumiyyətlə Azərbaycanda hələ ki 800-ə yaxın hörümçək növü qeydə alınıb (Araneae – Avropanın Hörümçəkləri bloquna görə bu say 786 növdür). Ölkəmizdə Hersiliidae fəsiləsindən bilinən yeganə nümunələr elə Culfa rayonunda Azərbaycanlı araxnoloq Nərmin Beydizadə tərəfindən toplanmış 4 gənc dişi fərd olmuş və o, nümunələri putativ olaraq Hersiliola cf. turcica növünə aid etmişdir (BEYDIZADE 2017). Bu növün özü də 2010-cu ildə Türkiyənin cənubunda kəşf olunmuşdur (Marusik et al. 2010).

Türkiyədə kəşf olunmuş yeni hörümçək növü – “Türkiyə ikiquyruqlu hörümçəyi

Ümumiyyətlə bu fəsilənin yaxşı öyrənilmədiyini nəzərə alsaq mənim tapdığım, mükəmməl kamuflaj bacarığı gözə çarpan bu yetkin dişi fərd ümumiyyətlə elm üçün yeni növ ola bilərdi. Və ya elə Türkiyəli alimlərin kəşf etdiyi növün ölkəmizdəki fərdi (Türkiyədə bu fəsilədən 2 növ – H.bayrami H.turcica məlumdur). Təəssüf ki, kimsə nümunə toplayana qədər bunun doğru olub-olmadığını bilə bilməyəcəyik.

Bu bloqyazının məqsədi isə əslində başqadır. Ətraf Mühit günündə xatırlatmaqdır ki, çevrəmizə diqqətlə baxmaq lazımdır. Biz ixtisasca bioloq olmaya bilərik, amma vətəndaş elminin parçası ola bilərik. Gördüyünüz canlıları öyrənməkdən çəkinməyin, fotosunu çəkin, sahə üzrə ekspertlərdən soruşun. İndi texnologiya o qədər inkişaf edib ki, istənilən canlının fotosu ilə ən azı başlanğıc səviyyəsində məlumat almaq mümkündür (yuxarıdakı nümunədə gördüyünüz kimi). Əksər hallarda bir çox növ haqqında onların nəsli tükəndikdən sonra öyrənirik. Gəlin birgə bunu dəyişək, təbiətə hələ də açılmağı gözləyən “sirrlər xəzinəsi” kimi baxaq və ən əsası onu gələcək nəsillər üçün qoruyaq!

İstinadlar:

Beydizade N (2017) New data on the spider fauna (Araneae) of Nakhchivan Autonomous Republic, Azerbaijan. 30th European Congress of Arachnology (August 20th–25th, 2017, University of Nottingham, UK), 25.

Marusik Yuri M., Kadir Boğaç Kunt & Ersen Aydın Yağmur (2010), A new species of Hersiliola Thorell, 1870 (Araneae, Hersiliidae) from Turkey, ZooKeys, 37: 27–34.

Nentwig W, Blick T, Bosmans R, Hänggi A, Kropf C, Stäubli A (2026) Avropanın Hörümçəkləri (Spiders of Europe). Version 01.2026. Available at https://www.araneae.nmbe.ch


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading