Bir çox xarici təbiətsevərə Azərbaycanda hələ də bəbirlər olduğunu deyəndə təəcübləndiklərini müşahidə etmişəm. Hətta bir çox Azərbaycanlı da ölkəmizdə belə vacib bir yırtıcının yaşadığından xəbərsizdir. Çox sevdiyim bu pişikkimi haqqında bir neçə video da hazırlamışam, tələbə vaxtı WWF-in Azərbaycan ofisində könüllü olduğum müddət bu gözəl pişikkimilərin foto-tələ görüntülərini izləmək şansım da olub. Bu yazıda isə Abşeronda ovlanmış bir bəbirdən danışacam.
Təbiətdə sayları ümumilikdə 1000 fərddən az olan Qafqaz bəbirlərinin Azərbaycanda iki əsas subarealı var: Naxçıvanın dağları və Talış meşələri. Birdə çox nadir hallarda Şimali Qafqazdan olan bəzi bəbirlər Gürcüstan və Rusiya sərhədindən ölkəmizə daxil ola bilər. Bənzər şəkildə Naxçıvanda dünyaya gəlmiş bəzi bəbirlərin Qarabağa, Ermənistana, Gürcüstana getdiyi bilinir. Əvvəllər Şimali Qafqazda bəbirlər daha çox idi, ölkəmizdə də görülürdü. Hazırda ümid etdiyim bu şimal-cənub koridorunun tamamlanması və bəbirləri rahatlıqla cənubdan şimala gedə bilməsidir. Ölkəmizdə bəbirlərin sayı cəmi 15 başa qədərdir. Qeyd edim ki, xüsusən gənc erkəklərin uzaq məsafələrə (Türkiyəyə qədər) getdiyi bilinir. Amma Abşeron yarımadası bəbirlər üçün münbit yer deyil (çoxlu insan və yox deyəcək qədər qida!). Maraqlıdır ki, Binəqədidəki qır göllərində də bəbir qeydə alınmayıb, Qobustan qayaüstü təsvirlərində bəbirlər daxil olmaqla yırtıcıların sayı daha azdır. Məsələn,Cindirdağ yaxınlığında (Qobustanın şimalı, Səngəçal kəndindən təxminən 10 km qərbdə) bəbir və digər heyvanlar bəzi qədim tayfalar tərəfindən qayalara həkk olunub.
Hadisə: 20 fevral 1945-ci il tarixli kiçik qəzet məqaləsində Bilgəhdə kəndlərdən birində bəbir ovlandığı qeyd olunur. Heyvan 15 fevral gecəsi kolxozçular A.Quliyev və Q.Hacıbaba tərəfindən öldürülmüşdür. Bəbirin onlara hücum etdiyi və kolxozçular ov tüfəngindən atəş açsalar da onu vura bilmədikləri və heyvanın qaçarkən quyuya düşdüyü qeyd olunur. Hadisənin təfərratlarını öyrənmək üçün iki zooloq (Binəqədidə paleontoloji qazınıtlara rəhbərlik edən Burçak-Abrohamoviç N. və Cəfərov R.) hadisə yerinə gedirlər. Məlum olur ki, hadisə qəzetdə yazılan kimi olmayıb, oğlanlar təsadüfən quru quyuda bəbiri aşkarlayıblar. Adıçəkilən kolxozçular heyvanın nəriltilərindən sonra bəbiri kəndirlə quyudan çıxarıb və boğub öldürüblər. Heyvan çox zəifləmiş olduğundan şübhəsiz ki, uzun müddət quyuda olub, təsadüfən düşdüyü quyudan özü çıxa bilməyib. Alimlər hadisədən 10 gün əvvəl, fevralın əvvəlində ərazidə qar çovğunu olduğunu və qarın quyunun ağzını örtə biləcəyini qeyd edirlər.

Hadisənin baş verdiyi kənd Bilgəh mərkəzindən 1,5 km cənub-şərqdə yerləşir. Yaxınlıqda bağ ağacları və üzüm bağları olan ayrı-ayrı mülklər var. Quyudan 4 m aralıda daş hasar var. Quyunun dərinliyi 5 metr olub, divarları şaqulidir. Quyunun divarlarında 2-2,2 m hündürlüyə qədər çıxmağa çalışan bəbirinin caynaqlarının izləri var. Hadisə şahidlərinin sözlərinə görə, bəbir bəzən uğultu səsləri çıxarırmış. Ovlanmış bəbir dərisi əvvəlcə Maştağı rayon İcraiyyə Komitəsinə sonra isə Həsən bəy Zərdabi adına Təbiət Tarix Muzeyinə verilib.
Əsas sual isə bəbirin Bilgəh qəsəbəsinə necə gəlib çıxdığı ilə bağlıdır. Məsələni araşadıran alimlərin də fikrincə bəbirin Talış meşələrindən gəlmə ehtimalı azdır. Çünki, bu halda o Kür çayını keçməli və çoxlu yaşayış məskəni ilə qarşılaşmalı idi. Ehtimal ki, bu bəbir Böyük Qafqaz dağlarını izləyərək şimaldan Abşeron yarımadasına gəlib və təəssüf ki, acımasızca öldürülüb.

Mənbə: Burchak-Abramovich N.O. and Jafarov R.D. 1949. Leopard (Panthera pardus tullianus Valens.) on Apsheron Peninsula. Trudy estestvenno-istoricheskogo muzeya im. G. Zardabi 3, 86-103
Leave a Reply