Yəqin ki, bu bloqda quşlar və ilanlarla yanaşı tez-tez toxunduğum mövzulardan birinin vəhşi pişiklərimiz olduğunu görmüsünüz. Həmçinin qara pişiyin uğursuzluq rəmzi hesab olunmasını hamı bilir. Tarixə baxsaq qədim Misirdə rəğbət görən pişiklər Avropaya xristianlığın yayılması ilə paqan inancını (Roma tanrıçası Diana və pişiklərini) əks etdirən əsərlər hədəfə çevrildi. Mən isə tarixdən yox, ölkməzidə zoologiya sirrinə çevrilmiş – qara pişikdən danışacam. Daha doğrusu bu sirrli pişiklərin necə vəhşi pişiklərimizin məhvini sürətləndirdiyindən…

Hazırda ölkəmizdə 6 vəhşi pişik növü yaşayır. Onlardan biri də hazırda ölkəmizdə sayı məlum olmayan, Qırmızı Kitab növü olan çöl pişiyidir (lat. Felis lybica). Onun və digər vəhşi pişiklərin üzləşdiyi ən böyük təhdid sevdiyimiz, əhilləşdirilmiş ev pişikləridir!

19-cu əsrdə Yelizavetpol qəzasındakı Helenendorf (indiki Göygöl) yaşayan almanlar üçün həkim təyin olunmuş R.F. Hohenacker həm də yaxşı təbiətşünas idi. Ölkəmizdə yaşadığı dövrdə topladığı materiallar əsasında “ Qarabağ, Şirvan və Talış bölgələrində rast gəlinən heyvanların siyahısı” (1837), “Talış zonasında toplanmış bitkilərin siyahısı” (1838) kimi əsrlər ərsəyə gətirmişdir. Latınca olan ilk əsərində o, “Helenendorfda, Şəmkirin dağlarında və Qarabağda Şuşa ətrafında” qara rəngli pişiklərin (Felis cato affinis) olduğunu və yerli əhalinin onları “çöl pişiyi” adlandırdığını yazır.

Daha sonra, 1904-cü ildə Tiflisdə yerləşən Qafqaz Muzeyinin kuratoru olan rus zooloq Konstantin Satunin muzeydəki qara rəngli pişik eksponantlarının ayrı növə aid olduğundan əmin olduğunu yazır və onları yeni növ kimi: “şeytan pişiyi” (Felis daemon) təsvir edir. O qeyd edir ki, ölçüsü “erkək ev pişiyi” boyda (quyruqla birgə 90-113 sm) olan bu pişiklər qırmızımtıl qara kürkə sahib olub, alt hissələrindəki ağ qıllara görə seçilir. Bəzi fərdlərin ön ətrafında zolaqlar da görmək olur. Quyruğu ev pişiyindən daha uzundur. Məqalədə o detallı şəkildə müşahidə etdiyi eksponatların ev pişiyi ilə müqayisəli ölçülərini bölüşür və qeyd edir ki, bu qara pişiklərə Yelizavetpolda (Nuxa ətrafı) və Zaqatalada asanlıqla rast gəlmək olur.

Bəs bu zooloqlar düzmü deyirdi? Həqiqətən də ölkəmizin ərazisində ayrı növ olan qara vəhşi pişiklər var? Təxmin edə biləcəyiniz kimi onlar yanılırdılar. Çünki, xüsusən o dövrlərdə zooloqlar yeni növlər tapmaq və təsvir etməyə can atırdılar (Satuninin bir neçə belə “‘əslində olmayan” növ təsviri var). Sonrakı dövrdəki araşdırmalar onu göstərmişdir ki, ölkəmiz də daxil olmaqla bir çox yerdə qeyd olunan belə “qara vəhşi pişiklər” əslində ev pişiyi ilə meşə pişiyinin (lat. Felis silvestris) hibrididir. Maraqlıdır ki, bənzər pişiklərin təsviri Şotlandiyada da var və onlara “Kellas cat” deyilir. Eynən Satuninin təsvirindəki kimi boğazındakı ağ qıllara görə seçilən, ev pişiyindən iri olan bu pişiklərdən biri 1984-cü ildə ovlanmış və universitətə verilmişdir. Son illərdə aparılmış araşdırmalar ortaya qoydu ki, mifologiyaya yol açmış, əhilləşdirilməsi mümkün olmayan bu qara pişiklər hibridləridir və xüsusi genetik mutasiya onlarda qara kürkə səbəb olur.

Aberdeen Universitetində saxlanan hibrid qara pişik və vəhşi meşə pişiyinin müqəvvaları

Tarixi qeydlərə görə 1948-ci ildə müxtəlif bölgələrimizdən ovlanaraq Bakıda xəz emalı zavoduna gətirilmiş 117 vəhşi pişik dərisindən 14-ü qara, 3-ü isə qəhvəyi rəngdə olmuşdur. Ehtimal ki, bu fərdlər də meşə pişiyi ilə ev pişiyinin hibridləri idi (melanistik vəhşi pişiklər istisna olunmur).

Bütün bunlar bizə nə deyir? Dünyanın dörd bir yanına aparıb buraxdığımız ev pişikləri yüzlərlə canlı növünü ovlayaraq məhv etməklə yanaşı, qorunan nadir vəhşi pişiklərlə cütləşərək hibridlər əmələ gətirir, onların gen hovuzunu pozur! Məsələn, artıq Şotlandiyada saf vəhşi meşə pişiyi qalmadığı, hamısının ev pişiyinin genlərini daşıdığı qeyd olunur… Ümid edirəm ki, ölkəmizdəki vəhşi pişik növləri (Meşə pişiyi – F. silvestris və çöl pişiyi – F.lybica) eyni aqibətlə üzləşməyəcək! Vəhşi təbiətin balansını qorumaq üçün pişikləri evdə saxlamaq, başıboş şəkildə çölə buraxmamaq vacib addımdır!


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. […] hətta ölkəmizdəki bu hibrid fərdlərin hələ 19-cu əsrdən etibarən zooloqları necə çaşdırdığı barədə də yazmışdım. Bütün bunlar bizə nə deyir? Dünyanın dörd bir yanına aparıb […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading