Təbiətdəki bir çox heyvan növü alışıq olduğumuz ənənəvi üsulla (erkək və dişi) nəsil artırırlar. Lakin hər mövzuda olduğu kimi burda da istisnalar var. Bu yazıda da həmin istisnaların mənim qarşıma çıxan formalarından danışacam.
1)PARTENOGENEZ (yunanca: “bakirə yaradılış”) – qeyri-cinsi çoxalmanın bir növü olub, heyvanlarda mayalanmaya ehtiyac olmadan rüşeymin formalaşması deməkdir. Başqa sözlə dişilər erkəyə ehtiyac olmadan özlərinin “klonunu” yarada bilirlər. Bu prosesə ən çox bəzi su ayıları, əqrəblər, mənənələr, arılarda, onurğalılardan isə bəzi balıqlarda, sürünənlərdə, amfibilərdə və quşlarda rast gəlmək olur. Partenogenezin bir neçə forması var ki, bunlardan biri fakultativ partenogenezdir. Bu o deməkdir ki, həmin heyvan həm ənənəvi üsulla, həm də erkək olmadan nəsil artıra bilir. Partenogenezin digər növü üsə mütləq partenogenezdir (mayalanmaya ehtiyac olmadan çoxalan yumurta). Ölkəmizdə bu cür çoxalan heyvanlara misal olaraq Qafqaz qaya kərtənkələlərini (lat. Darevskia sp.) göstərmək olar. Beləki hazırda 7 kərtənkələ növü (D. armeniaca, D. dahi, D. unisexualis, D. rostombekowi, D. uzzelli, D. bendimahiensis, and D. sapphirina) 4 növün (dişilər – D. raddei və D. mixta, erkəklər – D. valentini və D. portschinskii) hibridəşməsindən formalaşmış, sonradan erkək olmadan çoxalmağa başlamışlardır.

Bu cür çoxalma buğumayaqlılarda daha çox gözə batır. Məsələn, bəzi gənə növlərində və mənənələrdə (lat. Aphidoidea) övladı dünyaya gəlməmiş (onun daxilində) dişinin nəvəsi formalaşır.

Başqa bir misal isə Çöl şalası (lat. Saga pedo) adlanan bu qırmızı kitab növümüzdür. O, yırtıcı həşərat olub, çəyirtkələrlə, həşəratlarla, hətta öz növündən olanlarla da qidalanır (kannibalizm) . Geniş ərazidə yayılsa da (Sicilyadan Mərkəzi Rusiyaya kimi), azsaylıdır. Ölkəmizdə Xızı və Siyəzən rayonlarında qeydə alınmışdır (mənbə: Qırmızı Kitab). Ümumiyyətlə bu növün erkəyini tapmaq müşgül məsələdir. Buna görə hətta erkəklərinin nəslinin tükəndiyi də düşünülür.

Ölkəmizdə qəribə formada nəsil artıran canlılar təkcə dişilərdən ibarət deyil. Tanış olun bu şirin-şəkər tük yumağı dağ korcası (lat. Ellobius lutescens) adlanan gəmirici növüdür. Ölkəmizdə Naxçıvan və Talış zonasında qeydə alınmış qırmızı kitab növüdür. Çəkisi 100 qramdan az olan bu canlı, yer altındakı yuvasında yaşayır. Onu unikal edən şirinliyi deyil, başqa xüsusiyyətinin olmasıdır. Belə ki, o dünyada Y (erkəklik ♂) xromosomu olmadığı bilinən cəmi 4 məməli növündən biridir! Həm dişilərin, həm də erkəklərin yalnız 17 cüt X xromosomu var. Alimlər hələ də rüşeymin cinsiyyətinin necə formalaşdığını bilmirlər!

Əlavə məlumat olaraq. Biz insanlar da daxil, demək olar bütün məməlilərdə Y xromosomu zamanla kiçilməkdədir. Hazırda onda yalnızca cinsiyyəti müəyyən edən SRY geni və bir neçə başqa gen var. Hesablamalara görə hər milyon ilə o 5 gen itirir, yəni bir vaxt gələcək (əgər növümüz və dağıtdığımız dünya sağ çıxsa) biz kişilər aradan çıxacağıq. Amma sevinməyin qadınlar! Bildiyimiz qədəriylə bizim növümüz partenonogez (erkəksiz nəsilartırma) bacarığından məhrum olacaq. Ən yaxşı ehtimalda bu korca kimi Y xromosomu olmayan erkəklər formalaşacaq.
Leave a Reply