Bu bloqda ən detallı yazılarımdan biri vaxtilə ölkəmizdə də yaşamış və dünyada nəsli tükənmiş Turan pələngi haqqındadır. Həm də Xəzər, Mazandaran, Hirkan pələngi kimi adlarla tanınan bu iri pişiyin ədəbiyyatlara görə ölkəmizdə sonuncu nümayəndələri 1932-ci ildə Göytəpə ərazisində ovlanıb. Lakin qarşıma çıxan aşağıdakı rəvayət pələngin ölkəmizdə sonrakı illərə qədər sağ qala biləcəyini və hətta 1970-ci illərdə sonuncu fərdinin ovlanmış ola biləcəyini qeyd edir.

Hadisənin baş verdiyi təxmini yer

Hadisənin baş verdiyi yer: Zaqatala rayonunun Suvagil və Gözbarax kəndləri yaxınlığında/Axar-baxar ərazisi.

Hadisə şahidləri : O vaxtki meşə idarəsinin işçiləri (Rüfət Şəkiliyev, Ramiz Qumlu, başqa bir şəxs – Mustafa?), o vaxt uşaq olan, yerli baytarın oğlu (Etibar Qadasov)

Hadisə (1-ci versiya, Rüfət bəyin Azərçin bəyə danışdığı): Adı çəkilən kənddə çobanlar meşə idarəsinin ərazisində sürüləri otardığı üçün əraziyə gedən işçiləri görəndə onlara süfrə açır. Bu zaman çobanlardan biri dərədən gələn nəriltini eşitmək üçün hamını susdurur. O, axır ki trosa düşüb deyə qeyd edir! Çoban çadırdan tez tüfəngini götürür və ata minərək dərəyə çapır. Lakin, at 100 metr sonra qorxub dayanır. Bu zaman çoban atı ağaca bağlayıb dərəyə piyada gedir. Bu an ikinci nərilti eşidilir və ardınca iki güllə səsi! Sonra çoban atı arabaya qoşmaqları üçün digər çobanları çağırır. Birazdan çobanlar at arabasının üstündə nəhəng pələng cəsədi ilə geri qayıdırlar! Meşə idarəsinin işçiləri aralarında pul yığıb çobanın soymaqda olduğu pələng dərisi üçün təklif edirlər. Amma çoban razılaşmır. Deyir ki, bu pələng onun 3 atını, saysız inək-qoyununu yeyib, ona görə verən deyil.

Hadisə (2-ci versiya, Etibar bəyin dilindən): Çobanların heyvanlarına baxmaq üçün gedən yerli baytar oğlunu da özü ilə aparır. Çobanların yanına getməmişdən qabaq əşyalarını çadıra qoymaq istəyən bu oğlan çadırın ağzını açan kimi içəridəki pələngi görən kimi qorxuya düşüb donur. Sonra çobanın yanına gedəndə çoban gülərək qorxmamağını, pələngin təzəlikcə öldürüldüyünü deyir. Bu oğlan da Rüfət, Mustafa (digər meşəbəyi?) adlı kişilərin çobana pul təklif etdiyini amma Oğulbəy adlı Dağıstanlı (Rutullu) çobanın xəzi satmaqdan imtina etidiyini qeyd edir.

Həmin bölgədə ölkəmizin sağ qalmış ən iri pişiyi olan Qafqaz bəbirin olma ehtimalı çoxdur. Versiyalar arasında fərqlər olsa da hadisə şahidlərinin detallı təsviri (xüsusən meşəbəyi Rüfət bəy pələngin zolaqlarına qədər təsvir edir) hadisənin doğurdan da baş vermiş ola biləcəyini göstərir. Hər hansı zooloji fakt (dəri, sümük və s.) olmamağına baxmayaraq bu hadisə ehtimal ki, ölkəmizdə görülmüş son pələngin xatirəsidir. Əgər həmin şəxslər ovlanan pişiyi bəbirlə səhv salmırlarsa… Dünyada isə sonuncu Turan pələngləri təbiətdə 1980-ci illərdə ovlanıb.

Mənbə: Facebook (Azərçin Muradov, Etibar Qadasov)


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading