Bəli başlıqdan anlaycağınız kimi bu yazı bədbəxt, bəlkə də məhvə məhkum etdiyimiz Xəzər suitisi haqqındadır. #COP29 çərçivəsində bulvara qoyulmuş balina maketi diqqət cəlb edib çoxlu reaksiya toplasa da hər il sayı azalmaqda olan suitimizi yada salan olmadı. Mən bir ekoloji problemi digəri ilə müqayisə edək demirəm, balina ölümlərinə də diqqət çəkmək lazımdır, lakin bugün addım atmasaq Xəzər suitisini bir də görməyəcəyik! Niyə?

Xəzər suitisi (Phoca caspica) 130 sm-ə çatan uzunluğu ilə kiçik ölçülü suiti növlərindən biri olub (Baykal suitisindən sonra ən kiçik növ) Xəzər gölünə endemikdir. Ötən əsrdə sayları 1 milyon olan bu məməli əsasən kilkə kimi kiçik ölçülü balıqlarla qidalanır. Son illərdəki sayımlara görə sayı 90%-dən çox azalmış, hazırda cəmi 70 mindən az fərdi qalmışdır. Hazırda saylarının hər il 3-4% azaldığı təxmin edilir.

ƏSAS TƏHDİDLƏR:

Xəzər suitisinin sayının davamlı azalmasının səbəbi bunlardır:

1) Xəzər dənizinin çirklənməsi: Neft, ağır metallar, kənd təsərrüfatı pestisidləri, radioaktiv tullantılar, çirkab suları və məişət tullantıları Xəzər dənizinə daxil olaraq suitilərin yaşayış yerlərini zəhərləyir. Hazırda dişi suitilərin 70%-ə qədərinin qısır olduğu düşünülür. Ən son məlumatlara görə, Xəzər dənizində nəsil verə biləcək cəmi 17 000 dişi suiti qalıb. Bu qısırlığın əsas səbəbinin qeyd olunan çirklənmə oluduğu düşünülür.

2) Xəstəliklər: Eyni tədqiqata görə suitilərin beynində it distemper virusunun (it taunu, CDV) ştammı tapılıb. Əsasən başıboş itlərdə rast gəlinən bu virus suitilər üçün ölümcül ola bilər. 2000-ci ilin əvvələrində on minlərlə Xəzər suitisinin ölümünə məhz bu xəstəliyin səbəb olduğu güman edilir. Təkcə 2022-ci ildə 2500-dən çox suiti cəsədi tapılmışdır ki, onların başlıca ölüm səbəbi bu xəstəlik olmuşdur.



3) Qanunsuz ov: Xəzər suitiləri beynəlxalq mühafizə statusuna sahib olsalar da hələ də qalın xəzlərinə və yağlarına görə qeyri-qanuni formada ovlanırlar. Xüsusən balıqçılar onları rəqib kimi gördüklərindən məhv edirlər! Bu da onsuz da azalan sayının daha da azalmasına səbəb olur. 1930-cu illərdə təkcə ölkəmizin adlarında 7-12 min suitinin ovlandığı qeyd olunur!

Sintetik balıq toruna ilişmiş Xəzər suitisi!

4) Balıqçılıq: Hər il suiti ölümlərinin 5%-dən 19%-ə qədəri balıq ovu torlarının ucbatından olduğu təxmin edilir. Xüsusən nərə balıqlarını tutmaq üçün istifadə olunan iri ölçülü torlara ilişən suitilər boğularaq ölürlər!

5) İşğalçı (gətirilmə) növlər: 1990-cu illərdə səhvən Xəzər hövzəinə yayılmış Qoz meduzası (Mnemiopsis leidyi) adlı növün yerli kilkə növləri ilə qida (zooplanktonlar) uğrunda mübarizə apardığı və nəticədə Xəzərdə kilkələrin sayını azaltdığı bilinir. Bu da Xəzər suitisinin sayına təsir edir.

Əlavə olaraq iqlim dəyişikliyi ucbatından Xəzərin quruması riski də onların məhvini sürətləndirir.

Suitinin balaları kamuflaj olmaq üçün ağ olur!

Mühafizə tədbirləri


Xəzər suitisi bütün Xəzəryanı ölkələrin Qırmızı Kitabına daxil edilsə də mühafizə effektivliyi ölkələr arasında eyni deyil! Hazırda Qazaxıstan höküməti onların mühafizəsi üçün daha ciddi addımlar atır. Ölkəmizin də bu əməkdaşlığa qoşularaq bu cür nadir və gözəl heyvanı qorumağa cəhd etməsi çox gözəl olardı.

Lakin Azərbaycanda bu növün mühafizəsi ilə bağlı vəziyyət çox acınacaqlıdır. Qeyd edim ki, bugün siz Azərbaycanda suiti ovlasanız təbiətə dəymiş zərər kimi ödəməli olduğunuz cərimə miqdarı belə müəyyənləşdirilməyib! Halbuki ölkə təbiətimizə aid olmayan nutriya kimi işğalçı növün qeyri-qanuni ovu üçün belə təbiətə dəymiş ziyana görə cərimələr müəyyənləşdirib (bax: Nazirlər Kabinentinin müvafiq qərarı). Bu qərara ciddi dəyişiklər edilməli, suitinin mühafizə statusu artırılmalı, maarifləndirmə işləri görülməlidir. Çünki hələ də balıqçılar bəzən torlarına düşən suitiləri rəqib olaraq gördükləri üçün və ya sırf yağına görə qanunsuz formada ölüdürürlər!

Statistik məlumatların mənbəsi:

Caspian Seal Project (Caspian seal origin, life history, threats and conservation)


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. […] və nəticədə Xəzərdə kilkələrin sayını azaltdığı bilinir. Hətta dolayı yolla Xəzərin yeganə məməlisi, nadir Xəzər suitisinin də sayına mənfi təsir etdiyini qeyd edən alimlər var. Onsuz da həddindən artıq tutulan […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading