Öncəki yazıda təzəliklə nəsli tükəndiyi qəbul olunan kiçik əyridimik cüllütdən bəhs etmişdim. Bir canlının nəslinin tükənməsi üçün onun tam olaraq yox olmasına ehtiyac yoxdur, “genetik çirklənməsi” kifayətdir. Bu yazıda bu nə deməkdir bir nümunə əsasında danışacam.

Birləşmiş Krallığın tərkibində olan Şotlandiyada “dağ pələngi” ləqəbi ilə tanınan meşə pişiyinə (lat. Felis silvestris silvestris) rast gəlinir. Ölkəmizdə meşə pişiyinin daha bozumtul kürkü və ağ çənəsinə görə seçilən Qafqaz yarımnövü (F.s. caucasica) var. Bu vəhşi pişik növü ölçücə ev pişiyindən (Felis catus) iri olub (~20% böyük), qalın quyruğu əsas ayırdeci xüsusiyyətidir.

Soldan sağa: Qafqaz meşə pişiyi, Avropa/Şotland meşə pişiyi və ev pişiyi (Felids and Hyenas of the World kitabından)

Hazırda Şotlandiya meşələrində gəzən meşə pişikləri olsa da onun nəsli tükənmiş hesab olunur! Çünki genetik araşdırmalar göstərir ki, artıq orda ev pişiyi geni daşımayan fərd qalmayıb! Böyük Britaniyada ev pişikləri və meşə pişikləri 2000 ildən çoxdur birgə yaşasa da son 70 ildə meşə pişiyinin gen hovuzu geri dönülməyəcək qədər çirklənib! Yəni bütün fərdlər son illərdə sayları kəskin artmış ev pişiyi ilə qarışıblar və “saf qan” Şotland meşə pişiyi qalmayıb!

Avropadakı meşə pişiyinin arealı və bölgələr üzrə hibridləşmə faizləri

Biomüxtəlifliliyin mühafizəsindən danışarkən genetik müxtəlifliyin qorunmasının vacib olduğu bəzən undulur. Təzəlikcə dərc olunmuş bir araşdırmaya görə bugün Avropada meşə pişiklərinin 5-21%-inin ev pişiyi ilə qarışdığı qeyd olunur! Bugün ölkəmizdə ev pişiyi ilə yaxın əqraba olan 2 vəhşi pişiyə (meşə pişiyi və çöl pişiyi) rast gəlinir.

Qərbi Asiyada rast gəlinən kiçik vəhşi pişiklərin kürkləri: Azərbaycanda Qafqaz meşə pişiyi (2) və çöl pişiyinə (4) rast gəlinir (Mənbə: SOM 2, Wuest et al. 2020, Cat News 72)

Ölkəmizdə (Xüsusən Kiçik Qafqazda) ev pişiyinin hər ikisi ilə cütləşərək onların gen hovuzunu pozduğu qeydə alınıb! Hazırda hibridləşmənin nə qədər olduğunu bilməsək də əgər sahibsiz ev pişiklərinin sayı artmağa davam etsə biz də yerli vəhşi pişiklərimizi itirə bilərik… Xatırladım ki, vəhşi pişiklər ərazilərindəki qida miqdarından aslı olaraq ildə 1-2 dəfə nəsil artırsa da ev pişikləri bizim daimi qayğımıza sığınaraq daha çox (bəzən ildə 3-5 dəfə!) nəsil artırır, hər nəsilartırmada daha çox bala verir!

Alman dostum Maksın ölkəmizdə rastlaşıb çəkdiyi meşə pişiyi. Ev pişiyi geni daşıyrımı bilmirik…

Ölkəmizdəki bu hibrid fərdlərin hələ 19-cu əsrdən etibarən zooloqları necə çaşdırdığı barədə də yazmışdım. Bütün bunlar bizə nə deyir? Dünyanın dörd bir yanına aparıb buraxdığımız ev pişikləri yüzlərlə canlı növünü ovlayaraq məhv etməklə yanaşı, nadir vəhşi pişiklərlə cütləşərək hibridlər əmələ gətirir, onların gen hovuzunu pozur!.. Əgər Qafqaz biozonasının möhtəşəm biomüxtəlifliyini qorumaq istəyiriksə sahibsiz pişik və it problemi və onların yerli ekosistemlərə vurduqları dəhşətli zərər barədə addım atmağımızın vaxtı çatıb! Sitatın sonu…

Dəstək ol: https://kofe.al/@zulfuf

Əlavə olaraq onu da qeyd edim ki, ölkəmizdə bənzər genetik çirklənmə insanların təbiətə yerli olmayan qırqovulları buraxması ucbatından Qafqaz qırqovulunda da baş verir. Ətraflı


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. […] Əvvəl Şotlandiyadakı meşə pişiyinin bu cür hibrid genetik çirklənmə nəticəsində necə nəslinin tükəndiyindən […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading