Bundan iki öl öncə, bir payız gecəsi ac bir canavar (sonradan onun GW950m kodlu fərd olduğu ortaya çıxmışdı) Avropa Komissiyasının 13-cü prezidenti Ursula fon der Leyen-in Almaniyadakı fermasındakı 30 yaşlı ponisi Dolini ovlamışdı. Həmin gün Avropa İttifaqında biomüxtəlifliyə vurulacaq zərbənin başlanğıcı olaraq tarixə keçdi deyə bilərik!

© https://ursulavsthewolf.com/

Bu yaxınlarda (27.09.2024) Avropa Komissiyası Bern Konvensiyası siyahısında canavarın statusunun “Qəti mühafizə olunan növlər” (Əlavə II) siyahısından “Mühafizə olunan növlər” (Əlavə III) siyahısına dəyişdirilməsini təklif etmişdi. Bu həftə həmin qərar qəbul olundu və Avropada canavarın mühafizəsi rəsmi olaraq azaldı! Halbuki Avropa İttifaqındakı 300-dən çox ictimai təşkilat, IUCN-nin Avropa Üzrə İri Yırtıcılar Təşəbbüsü (LCIE) bu elmi əsası olmayan qərara qarşı ictimai rəy bildirmişdilər.

Onu da qeyd edim ki, bir çox folklorda “pis qəhraman” kimi təsvir edilən canavarlar əslində ekosistemlərin sağlamlığı və biomüxtəliflilik üçün inanılmaz önəmlidirlər!

Bunun ən yaxşı nümunəsi Amerikanın ilk Milli Parkı sayılan Yelloustoun-da nəsli tükənmiş canavarların 1995-ci ildə reintroduksiyası nəticəsində ekosistemlərin necə dəyişdiyidir. Belə ki, canavarlar, bitki örtüyünü həddən artıq otlayan, yırtıcı azlığından sayı kəskin artmış maral sürülərinə nəzarət etməyə kömək etdi. Bu, söyüd və qovaq ağaclarının bərpasına, nəticədə ərazidəki qunduz və meşə quşlarının populyasiyasının yaxşılaşmasına gətirdi. Milli Parkda bəzi yerlərdə canavarların qayıdışından sonra meşə örtüyünün 2-3 dəfə artdığı, leşyeyən quşların (quzğun, keçəl qartal kimi) canavarların ovlarından faydalandığı, Amerika qitəsinin ən iri məməlisi olan bizonların azalan “maral rəqabəti” nəticəsində sayının artıdığı qeyd olunur.

Həmçinin artan qunduzlar, çaylarda yeni bəndlər tikərək su-bataqlıq ərazilərini genişləndirdi. Nəticədə onlarla balıq, suda-quruda yaşayan və quş növləri bu ekosistemlərdən faydalandı. Həmçinin, canavarlar qonur ayı və koyyot (Amerika çaqqalı) kimi digər iri yırtıcılarla rəqabət mühiti yaradaraq onların sayına təbii nəzərət mexanizmi ortaya qoydu. Qurdlar həmçinin ayı və koyyot kimi digər yırtıcı və zibilçilərə də təsir göstərərək, onların davranışlarını və rəqabət dinamikasını dəyişdirdilər. Ekologiyada qida zəncirinin başında olan iri yırtıcıların mövcudıuğu və aradan qaldırılması nəticəsində müxtəlif ekosistemlərin əsaslı dəyişməsinə “trofik şəlalə” (trophic cascade) təsiri deyirlər.

Canavarın (boz qurd) Yelloustouna qayıtmasından ortaya çıxan
faydaları göstərən ingiliscə infoqrafik (© EarthJustice.org)

Əslində bu kimi qərar (hansısa növün statusunun müəyyənləşdirilməsi) Aİ Şurasının işçi qruplarındakı milli ekspertlər tərəfindən həll edilməli olan texniki məsələ idi. Amma bir çox siyasətçi AK prezidenti Ursula fon der Leyen-in bu qərarı şiddətlə dəstəkləməsində siyasi əsas olduğunu, onun “Avropa Xalq Partiyası” öz mövqeyini gücləndirmək üçün özünü fermerlərin müdafiəçisi kimi qələmə vermək istədiyini deyir.

© Getty Images

“Avropa Komissiyasının prezidenti bu mövzuda qərar qəbul etmək üçün lobbiçilik edir” deyə Brüseldəki bir siyasətçi vurğulayır.

Məsələ ilə bağlı Ətraf Mühit Hüququ üzrə qeyri-kommersiya təşkilatı olan ClientEarth-in araşdırması əsasında Avropa Ombudsmanı AK-nin qərarındakı boşluqlar ilə bağlı müraciət ünvanlayıb.

Avropa Üzrə İri Yırtıcılar Təşəbbüsünün (LCIE) hesabatında canavarların arealında artım və azalma nisbəti.

Məlumat üçün qeyd edim ki, IUCN-nin Avropa Üzrə İri Yırtıcılar Təşəbbüsünün (LCIE) hesabatına görə Avropada 9 ayrı canavar populyasiyası var və onların ümumi yayılım arealı 2,2 milyon km2-ni əhatə edir ki, bu da 2016-cı ildən bu yana 40% artım deməkdir. Bu artıma Aİ-na üzv bir çox ölkədə canavarların mühafizəsi və fermerlərə dəymiş ziyana görə uğurlu kompensasiya mexanizmlərinin mövcudluğu əsasında nail olunmuşdur. Avropada canavarların gələcəyi necə olacaq onu zaman göstərəcək…


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. […] öncəki yazıda Avropada canavarların mühafizə statusunun necə azaldıldığından bəhs etmişdim. Gələk ölkəmizin canavarlarına. Uzun illərdir cavab tapa bilmədiyim bir sual […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading